Son günlər Bakı–Sumqayıt istiqamətində taksi qiymətlərinin 30 manatı keçməsi artıq sadəcə bahalaşma deyil, açıq şəkildə inzibati səriştəsizliyin və bazara kobud müdaxilənin nəticəsidir.
Bir-birinə faktiki olaraq bitişik olan, eyni əmək, təhsil və sosial məkan kimi formalaşmış iki şəhər arasında sərnişin daşımalarının süni şəkildə bölünməsi nə məntiqə, nə də elementar nəqliyyat planlamasına uyğundur. Bu qərar nə real həyatla, nə də vətəndaşın gündəlik ehtiyacları ilə uzlaşır.
NOCOMMENT.az xəbər verir ki, yeni qaydalara əsasən, taksilərə yalnız buraxılış kartında göstərilən inzibati ərazi daxilində fəaliyyətə icazə verilir. Yəni Bakı üçün buraxılış kartı olan avtomobil Sumqayıtda sifariş götürə bilməz, Sumqayıt üçün olan isə Bakıda. Bu, kağız üzərində “tənzimləmə” kimi təqdim edilsə də, reallıqda bazarın boğulması, rəqabətin məhv edilməsi və qiymətlərin süni şişirdilməsi deməkdir. Nəticə göz qabağındadır: 40 kilometrlik yol üçün 30–35 manat tələb olunur. Bu, artıq xidmət haqqı deyil, inzibati qərarın sərnişinə kəsilmiş cəriməsidir.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan nəqliyyat eksperti Tale Ələddinzadə qeyd edib ki, burada nə iqtisadi əsas, nə də ictimai maraq var. Onun fikrincə, Bakı–Sumqayıt arasında taksi fəaliyyətini ayrı-ayrı “zona”lara bölmək absurddur: “Bu iki şəhər arasında gündə yüz minlərlə insan hərəkət edir. Onları inzibati xətlərlə ayırmaq nəqliyyat elminə ziddir. Burada nə yanacaq bahalaşıb, nə yol uzanıb, nə də xidmət dəyişib. Qiymət yalnız süni məhdudiyyətlərə görə qalxıb. Bu artıq bazar deyil, inzibati monopoliyadır.”
Ekspert xüsusilə vurğulayır ki, Bakı üzrə buraxılış kartlarının 25 minlə məhdudlaşdırılması vəziyyəti daha da ağırlaşdırır. Real tələbatın bundan qat-qat çox olduğu halda, süni limit qoymaq rəqabəti sıfıra endirir. Rəqabət olmayanda isə qiyməti nə bazar müəyyən edir, nə də məntiq – qiyməti qadağa müəyyən edir. Tale Ələddinzadənin sözlərinə görə, bu, açıq-aşkar sosial məsuliyyətsizlikdir: ”Dövlət tənzimləmə adı altında bazarı daraldır, sonra da qiymətlərin qalxmasına təəccüblənir. Halbuki nəticə əvvəlcədən bəllidir. Ən ciddi problem isə odur ki, bu qərarların sosial təsiri ümumiyyətlə nəzərə alınmayıb. Bakı–Sumqayıt marşrutu minlərlə insan üçün gündəlik zərurətdir. İşə gedən, dərsə çatan, gecə növbəsindən qayıdan insanlar üçün taksi bəzən yeganə alternativdir. İndi isə onlara açıq şəkildə deyilir: ya baha ödəyin, ya da getməyin. Bu yanaşma nə sosial ədalətə, nə də dövlət-vətəndaş münasibətlərinə uyğun gəlir”.
Tale Ələddinzadə hesab edir ki, əgər məqsəd həqiqətən də taksi sektorunda nizam-intizam yaratmaqdırsa, bunu coğrafi qadağalarla deyil, texniki nəzarət, sürücü keyfiyyəti, təhlükəsizlik standartları və şəffaf tarif mexanizmləri ilə etmək lazımdır. Hazırkı vəziyyət isə tənzimləmə yox, nəzarətsiz inzibati eksperimentdir və bu eksperimentin bütün yükü vətəndaşın cibinə düşür: “Bakıdan Sumqayıta taksi ilə getməyin 30 manatdan yuxarı qiymətə qalxması təsadüf deyil, səhv siyasətin birbaşa nəticəsidir. Bu qədər fantastik qiymət artımının arxasında nə iqtisadi əsas, nə də məntiq var. Burada yalnız bazarı daraldan, rəqabəti boğan və vətəndaşı seçimdən məhrum edən qərarlar var. Əgər bu yanaşma dəyişməzsə, yaxın vaxtlarda oxşar “fantastik” qiymətlər digər şəhərlərarası qısa marşrutlarda da qaçılmaz olacaq – və bu zaman məsuliyyəti bazarın yox, qərar verənlərin üzərinə yazmaq lazım gələcək”.
