AZ

Müharibəyə aparılanlar unudulanda - Vətən müharibəsi qazisinin faciəyə çevrilən taleyi » AzadMedia.az


Goranboy rayonunun Faxralı kəndində baş verən dəhşətli hadisə təkcə bir ailənin yox, cəmiyyətin üzləşdiyi ciddi və ağrılı problemin göstəricisidir. 1963-cü il təvəllüdlü Zoya Əhmədovanın amansızlıqla qətlə yetirilməsi, 1995-ci il təvəllüdlü iki uşaq anası Jalə Yolçuzadənin ağır xəsarət alması arxasında təkcə məişət zorakılığı yox, uzun müddətdir görməzdən gəlinən sosial məsuliyyətsizlik dayanır.
Hadisəni törətməkdə şübhəli bilinən Emin Vəliyev – Vətən müharibəsi qazisi, III qrup əlil, psixoloji problemləri olduğu bildirilən bir şəxsdir. Müharibəyə göndərilən, döyüşlərin içindən sağ çıxan, lakin sonradan tək buraxılan bir insan. Suallar da məhz burada başlayır: müharibədən qayıdan qazilərin psixoloji durumu ilə kim və necə maraqlanır?
Emin Vəliyev müharibədən qayıdandan sonra hansı psixoloji reabilitasiya proqramına cəlb olunub? Onun psixoloji problemləri rəsmi şəkildə bilindiyi halda, ailə üzvlərinin təhlükəsizliyi niyə təmin edilməyib? Əlillik dərəcəsi verilərkən sadəcə formal tibbi rəy kifayət edirmi, yoxsa real nəzarət mexanizmləri olmalıdır?
Bu gün cəmiyyət faciənin nəticəsi ilə üz-üzədir: bir ana həyatını itirib, bir qadın ağır yaralanıb, iki uşaq anasız qalmaq təhlükəsi ilə üzləşib. Amma faciə bir günün işi deyil. Bu, illərlə yığılan biganəliyin, “müharibəyə apardıq, qayıdanda isə unuduruq” yanaşmasının acı nəticəsidir.
Dövlət müharibədə iştirak edənlərə hörmət göstərir, amma bu hörmət təkcə medal və statusla ölçülməməlidir. Qazinin psixoloji durumu, ailə münasibətləri, sosial adaptasiyası nəzarətsiz qalırsa, bu, həm qazinin özü, həm ailəsi, həm də cəmiyyət üçün təhlükəyə çevrilir.
Faxralıda baş verən hadisə bizi bir daha düşünməyə vadar edir: qazilərə real sosial-psixoloji dəstək göstərilmədiyi halda, növbəti faciələrin qarşısını necə alacağıq? Bu sual cavabsız qaldıqca, günah təkcə bir şəxsin üzərində yox, bütöv sistemin üzərində qalacaq.
Seçilən
24
1
azadmedia.az

2Mənbələr