AZ

Cəlilabadın Günəşli kəndinin ilk traktoru bu gün də qorunur - FOTOLAR

CƏLİLABAD, 31 yanvar. TELEQRAF

Cəlilabad rayonunun indiki Günəşli kəndində kənd təsərrüfatında istifadə olunmuş ilk traktor bu günədək qorunub saxlanılır.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, “BTZ” markalı texnika 1940-cı illərin sonlarında, kəndin Pakrovka adlandığı və ərazidə əsasən rusların yaşadığı dövrdə kolxoz üçün gətirilib.

Həmin illərdə traktor sahələrin şumlanması, malalanması, eləcə də arxasına qoşulan xüsusi qoşğular vasitəsilə müxtəlif yüklərin daşınmasında geniş istifadə olunub. Texnikanın istifadəsi kənddə əl əməyinin azalmasına və təsərrüfatda mühüm irəliləyişə səbəb olub.

Kənd sakini Rövşən Abdullayev bildirir ki, bu traktorun kəndə gətirilməsinədək sahələrdə əsasən əl əməyindən istifadə olunurdu və texnikanın tətbiqi kənd təsərrüfatında yeni mərhələnin başlanğıcı hesab edilirdi.

Digər müasir texnikalardan fərqli olaraq, bu traktorun ehtiyat hissələrinin hamısı dəmirdən hazırlanıb. Ağ neftlə işləyən mühərrik əl ilə işə salınıb. Sahələrdə istənilən hava şəraitində işləməsi üçün texnikanın arxa şinlərinə dəmirdən hazırlanmış xüsusi çıxıntılar quraşdırılıb.

Sözügedən ilk traktor hazırda Cəlilabad rayon Tarix-Diyarşünaslıq Muzeyinin həyətində saxlanılır. Tarixi kənd təsərrüfatı texnikası kimi qorunan bu nümunə ziyarətçilərə təqdim olunmaq üçün açıq ekspozisiyada nümayiş etdirilir.

Seçilən
22
teleqraf.com

1Mənbələr