Həkimlərin laqeydliyi, xəstələrə qarşı aqressiv münasibətləri, klinikaların pasiyentlərin şikayətlərinə məhəl qoymamaları Azərbaycan səhiyyə sistemi ilə bağlı əsas şikayətlər arasındadır. Hətta ən bahalı klinikalarla bağlı da bu cür narazılıqlar səslənməkdədir. Paralel olaraq, həkimlər arasında da pasiyentlərin davranışlarından narazılıqlar artmaqdadır.
Son günlər sosial platformalarda da klinikalarda pasiyentlərə qarşı həkimlərin və ümumən personalın kobud rəftarı və səhlənkarlıqları ilə bağlı silsilə statuslara rast gəlinir. Yəni istənilən xəstənin tibb müəssisələrində barmaqarası xidmətlə üzləşmək riski var. Belə hallarda xəstənin həm pulu gedir, həm də canı.
Maraqlıdır, əgər vətəndaş dövlət tibb müəssisəsində və ya özəl klinikada göstərilən tibbi yardımın keyfiyyətindən və ümumən qeyri-insani münasibətdən narazıdırsa, kimdən imdad diləməlidir?
“Gərginlik bəzən adi prosedur qaydaların pozulması ilə başlayır”
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli bildirdi ki, bütün dünyada olduğu kimi Azərbaycanda da pasiyent-həkim münasibətləri bəzi hallarda təşəkkür, bəzən isə pasiyent məmnuniyyətsizliyi, kobud rəftar, peşəkar olmayan davranışlarla müşahidə olunur: “Amma təbii ki, bu cür qeyri-peşəkar davranışların artması narahatlıq doğurur. Pasiyentin öz hüquqlarını və müəssisədəki davranış qaydalarını bilməsi, o cümlədən də tibb personalının işində qaydalara və təlimatlara uyğun hərəkət etməsi qarşıdurma və neqativ halların qarşısını almaq üçün ən yaxşı çıxış yoludur”. Millət vəkili hesab edir ki, bu cür halların tənzimlənməsində daha çox müəssisənin məsuliyyəti ön plana çıxarılmalıdır: “Bizdə hətta xırda texniki proseslərə görə də çox vaxt həkimlə pasiyent qarşı-qarşıya gəlir. Bütün məsələlər həkimdən və digər tibb personalından tələb olunur. Düşünürəm ki, xəstə-həkim-tibb münasibətlərinin tənzimlənməsində “Xəstə xidmətləri şöbəsi”nin rolu artmalı və bu proseslər onlar tərəfindən tənzimlənməlidir. Həkim - həkim deontologiyasına, tibb işçisi - tibb işçilərinin davranış qaydalarına uyğun şəkildə addımlar atmalı və peşəkar vəzifə borclarını həyata keçirməlidir. Biz çox vaxt münasibətlərin gərginləşməsini adi prosedur qaydalardakı pozuntularla başladığını görürük. Burada cavabdeh şəxs kimi həkim yox, hüquqi şəxs olaraq klinikaların cavabdehlik daşıması çox önəmlidir. Dünyanın əksər ölkələrində bu proseslərdə hüquqi şəxs olan müəssisə məsuliyyət daşıyır. Pasiyent belə hallarla üz-üzə qaldıqda ilk növbədə xəstəxana rəhbərliyinə müraciət etməlidir. Əgər hadisədə inzibati pozuntu varsa, Səhiyyə Nazirliyinə, hüquq-mühafizə orqanlarının müdaxilə edəcəyi bir durum varsa, hüquq-mühafizə orqanlarına müraciət olunmalıdır”.
“Xəstəxana hüquqi baxımdan məsuliyyət daşıyır”