AZ

Tokio Universiteti aprel ayında “Nipah” virusuna qarşı peyvəndi insanlar üzərində sınaqdan keçirəcək

Bakı, 31 yanvar, AZƏRTAC

Tokio Universitetinin Qabaqcıl Elm və Texnologiya Mərkəzinin tədqiqatçıları “Nipah” virusuna qarşı təsirli olacağı gözlənilən peyvənd hazırlayıblar.

AZƏRTAC xəbər verir ki, “Nikkei” qəzetinin məlumatına görə, peyvəndin insanlar üzərində sınaqlarının birinci mərhələsi aprel ayında başlayacaq.

Bildirilib ki, peyvənd qızılca virusu əsasında hazırlanıb. İnsan orqanizminə yeridildikdə “Nipah” virusuna bənzər zülalların istehsalını stimullaşdırmalı, bununla da immun sistemini gücləndirərək yoluxma halında orqanizmi infeksiyadan qorumağa kömək etməlidir.

Tokio Universitetinin alimləri artıq heyvanlar üzərində aparılan sınaqlarda peyvəndin effektivliyini və təhlükəsizliyini təsdiqləyiblər. İnsanlar üzərində klinik sınaqların birinci mərhələsi aprel ayında Belçikada başlayacaq. Bu mərhələ uğurla başa çatarsa, təhlükəsizlik və effektivlik üzrə növbəti mərhələlərin 2027-ci ilin ikinci yarısında Banqladeşdə keçirilməsi planlaşdırılır.

Peyvəndin hazırlanması və sınaqdan keçirilməsi Yaponiya hökumətinin qabaqcıl tədqiqat və inkişaf qurumu olan, ölkədə peyvənd tədqiqatlarını əlaqələndirən SCARDA tərəfindən maliyyələşdirilir.

“Nipah” virusu (NiV) meqayarasalar tərəfindən yayılan patogendir. Virus yarasalardan insanlara ötürülə bilər və ağır ensefalit, eləcə də tənəffüs yollarının kəskin xəstəliklərinə səbəb olur. Bəzi hallarda ölüm nisbəti 80 faizə çata bilər. “Nipah” virusunun yayılması hər il Cənubi və Cənub-Şərqi Asiyanın müxtəlif bölgələrində qeydə alınır və ciddi itkilərlə nəticələnir. 1998-ci ildə aşkar edildikdən sonra təxminən 1000 yoluxma halı qeydə alınıb. Hazırda bu virusa qarşı təsdiqlənmiş peyvənd mövcud deyil.

Yanvar ayında Hindistanın Qərbi Benqal əyalətində “Nipah” virusuna yoluxmanın iki halı aşkarlanıb.

Seçilən
16
2
azertag.az

3Mənbələr