AZ

İcbari tibbi sığortanın xidmətlər zərfi genişləndiriləcək

Azərbaycanın səhiyyə sistemində aparılan islahatlar dövlətin sosialyönümlü inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Xüsusilə, icbari tibbi sığortanın tətbiqi və bu mexanizmin mərhələli şəkildə inkişaf etdirilməsi əhalinin tibbi xidmətlərə çıxış imkanlarını artırmaqla yanaşı, səhiyyənin idarə olunmasında yeni institusional yanaşmalar formalaşdırır. Bu mənada icbari tibbi sığortanın Xidmətlər Zərfinin genişləndirilməsi səhiyyə sisteminin mahiyyət etibarilə daha inklüziv, davamlı və sosial ədalətə əsaslanan modelə keçidinin göstəricisidir.

Mövzu ilə bağlı Milli Məclisin deputatı, parlamentin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, qarşıdakı illərdə səhiyyə siyasətinin əsas prioritetləri tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, yüksəktexnologiyalı müalicələrin sığorta çərçivəsində təmin olunması və vətəndaşların maliyyə risklərinin minimuma endirilməsi olacaq. 2026-cı ildən etibarən Xidmətlər Zərfinə travmatologiya, invaziv kardiologiya, neyrocərrahiyyə kimi mürəkkəb sahələr üzrə xidmətlərin əlavə edilməsi, eləcə də ambulator şəraitdə reseptlə verilən dərmanların, yəni ilkin mərhələdə hipertenziya dərmanlarının sığorta hesabına qarşılanması nəzərdə tutulur.

Bu genişlənmə səhiyyə xidmətlərinin məzmun baxımından zənginləşdirilməsinə xidmət edir. Xüsusilə, invaziv kardiologiya və neyrocərrahiyyə kimi sahələrin sığorta çərçivəsinə daxil olması kəskin və həyati təhlükəli xəstəliklər zamanı vaxtında və keyfiyyətli tibbi müdaxiləni mümkün edir. Bu isə fərdi sağlamlıq göstəricilərinin yaxşılaşmasına, ölüm və əlillik hallarının azalmasına, səhiyyə sisteminin ümumi effektivliyinin yüksəlməsinə gətirib çıxarır. Bütün bu addımlar səhiyyənin artıq "müalicəedici" modeldən "nəticəyönümlü" modelə doğru transformasiyasını göstərir.

Xidmətlər Zərfinin genişləndirilməsinin ən mühüm aspektlərindən biri də maliyyə yükünün əhali üzərindən götürülməsidir. 

Müşfiq Məmmədli vurğulayıb ki, mürəkkəb əməliyyatların və uzunmüddətli müalicələrin icbari tibbi sığorta hesabına qarşılanması vətəndaşların öz cib xərclərini azaldır və tibbi səbəblərdən yaranan sosial-iqtisadi riskləri minimuma endirir. Bu, səhiyyə xidmətlərindən istifadənin artmasına və müalicənin gecikdirilməsi hallarının azalmasına şərait yaradır ki, nəticədə sistemin ümumi keyfiyyəti yüksəlir.

Xüsusi diqqətçəkən məsələlərdən biri ambulator dərman təminatının sığorta mexanizminə daxil edilməsidir. Deputatın qeyd etdiyi kimi, ilkin mərhələdə hipertenziya dərmanlarının qarşılanması xroniki xəstəliklərin idarə olunmasında mühüm dönüş nöqtəsi ola bilər. Yüksək qan təzyiqi kimi geniş yayılmış xroniki xəstəliklərdə dərmanlara davamlı çıxışın təmin olunması insult, infarkt və digər ağır fəsadların qarşısının alınmasında əsas amillərdən biridir. Bu addım səhiyyə siyasətində profilaktik yanaşmanın gücləndirildiyini və dövlətin uzunmüddətli sağlamlıq nəticələrinə fokuslandığını açıq şəkildə göstərir.

Sosial ədalət baxımından, xüsusilə, əhəmiyyətli olan digər məqam koxlear implantasiya və oynaqdaxili endoprotez əməliyyatları üzrə illik limitlərin ləğv edilməsidir. M.Məmmədli bildirib ki, bu tip yüksək texnoloji və bahalı tibbi xidmətlərin məhdudiyyətsiz şəkildə sığorta çərçivəsində təmin olunması sosial statusundan asılı olmayaraq, vətəndaşlar üçün bərabər imkanlar yaradır. Eşitmə məhdudiyyəti olan uşaqlar üçün koxlear implantasiya tibbi müdaxilə olmaqla yanaşı, onların təhsil, sosial inteqrasiya və gələcək həyat keyfiyyətinə birbaşa təsir edən mühüm sosial amildir. Bu mənada sözügedən qərarlar səhiyyə ilə sosial siyasətin kəsişməsində dayanan strateji addımlar kimi dəyərləndirilməlidir.

İlkin səhiyyə xidmətlərinin optimallaşdırılması və ailə həkimliyi modelinin gücləndirilməsi də mühüm məsələlərdən biridir. Deputat qeyd edib ki, regionlarda ailə həkimlərinin rolunun artırılması erkən diaqnostika imkanlarını genişləndirir, stasionar müalicəyə olan ehtiyacı azaldır və vətəndaşların böyük şəhərlərə üz tutmadan yerli səviyyədə tibbi yardım almalarını təmin edir. Bu, regionlararası səhiyyə bərabərsizliyinin aradan qaldırılmasında və resurslardan daha səmərəli istifadədə əsas mexanizmlərdən biri olacaq.

Həmçinin icbari tibbi sığorta sistemində özəl tibb müəssisələrinin rolunun artması da xidmət keyfiyyətinə müsbət təsir göstərən amillərdəndir. Müşfiq Məmmədli bununla bağlı diqqətə çatdırıb ki, dövlət və özəl sektorun paralel fəaliyyəti rəqabəti artırır, xidmət seçimini genişləndirir və gözləmə müddətlərini azaldır. Xüsusilə, regionlarda özəl müəssisələrin İTS ilə müqaviləyə cəlb olunması tibbi xidmətlərin daha balanslı coğrafi bölgüsünə şərait yaradır.

Gələcəyə yönəlik strateji dəyişikliklərdən biri də pediatrik onkoloji xidmətlərin icbari tibbi sığorta çərçivəsinə daxil edilməsi ilə bağlıdır. Deputat bildirib ki, bu istiqamətdə qanunvericilik təşəbbüsləri hazırlanır və 2027-ci ildən tətbiqi nəzərdə tutulur. Uşaq onkologiyasının sığorta təminatına alınması dövlət siyasətində uşaq sağlamlığını prioritet elan etdiyini göstərir. Uzunmüddətli və yüksək maliyyəli müalicələrin sığorta hesabına qarşılanması ailələrin üzərindəki ağır maliyyə yükünü azaldır və müalicənin davamlılığını təmin edir.

İcbari tibbi sığortanın Xidmətlər Zərfinin genişləndirilməsi Azərbaycan səhiyyə sistemində keyfiyyətin yüksəldilməsi, əlçatanlığın artırılması və sosial ədalətin möhkəmləndirilməsi istiqamətində fundamental əhəmiyyətə malikdir. Bütün bu islahatlar bugünkü sağlamlıq problemlərinin həllinə, uzunmüddətli perspektivdə daha sağlam, daha güvənli və sosial baxımdan daha ədalətli cəmiyyətin formalaşmasına xidmət edir.

Təhminə VERDİYEVA,

"Azərbaycan"

Seçilən
12
azerbaijan-news.az

1Mənbələr