AZ

Azərbaycanda təhsil müddəti dəyişdiriləcək?

Rusiya ali təhsil sistemində dəyişiklik edir və Bolonya modelindən imtina edir. Ölkənin Təhsil və Elm Nazirliyi bu sistemi artıq aktual hesab etmədiyini bildirib və 1 sentyabrdan etibarən tətbiqin dayandırılacağını açıqlayıb. Rəsmi mövqeyə görə, Bolonya sistemi Rusiyanın milli maraqlarına uyğun deyil. Yeni mərhələdə sovet dövrünə daha yaxın, mərkəzləşdirilmiş və uzunmüddətli ali təhsil modelinə keçid planlaşdırılır. Bu qərar Rusiyada təhsilin keyfiyyətinə müsbət, yoxsa mənfi təsir göstərəcək? Rusiya nümunəsi Azərbaycan ali təhsil siyasətinə hansısa formada təsir göstərə bilər?Təhsil eksperti Elçin Əfəndi Metbuat.az-a açıqlamasında bildirib ki, Rusiyanın təhsil sistemində başladığı islahatlar, demək olar ki, bütün təhsil pillələrini – məktəbəqədər təhsili, tam orta təhsili, ali təhsili və digər mərhələləri əhatə edir. Ali təhsil sistemi ilə bağlı dəyişikliklər isə xüsusilə diqqət çəkir: “Yeni sistemə əsasən, baza ali təhsil 4 ildən 6 ilə qədər davam edəcək. Tədris müddəti ixtisasdan asılı olaraq müəyyənləşdiriləcək. Məsələn, mühəndislik, müəllimlik, həkimlik kimi ixtisaslarda baza ali təhsilin əsasən 5 il olması nəzərdə tutulur. Bu mərhələ hazırkı anlayışla bakalavr pilləsini əvəz edəcək və Rusiyada artıq “baza ali təhsil” kimi tanınacaq. Azərbaycanda da bu anlayış mövcuddur və bakalavr dərəcəsi ilə eyni mənanı daşıyır. İxtisaslaşmış ali təhsil isə magistratura proqramlarını əhatə edəcək. Bu mərhələnin tədris müddəti ixtisasdan asılı olaraq 1 ildən bəzi hallarda 3 ilə qədər davam edə bilər. Yeni sistemdə baza ali təhsildən sonrakı mərhələ məhz ixtisaslaşmış ali təhsil olacaq. Daha sonra isə növbəti təhsil pilləsi aspirantura hesab edilir. Bu yanaşmada da sovet təhsil sisteminin elementləri açıq şəkildə özünü göstərir”.E.Əfəndi qeyd edib ki, sovet dövründən qalma bəzi ənənələr hazırda Azərbaycanda da ali və orta ixtisas təhsili müəssisələrində müəyyən dərəcədə qalmaqdadır. Baxmayaraq ki, ölkəmiz 2004–2005-ci illərdən Boloniya sisteminə keçib, doktorantura və magistratura səviyyələrində sovet təhsil modelinin izləri hələ də müşahidə olunur. Ekspertin sözlərinə görə, Rusiyanın bu qərarının təhsil keyfiyyətinə təsirinin nəticələrini yalnız müəyyən müddət keçdikdən sonra dəqiq qiymətləndirmək mümkün olacaq: “Hazırda ölkədə Boloniya sistemi üzrə tədris davam edir və yeni qaydalar 2026-cı il sentyabrın 1-dən tətbiq olunduqdan sonra, təxminən 2030-cu ildə bu islahatların real nəticələri daha aydın görünəcək. Fikrimcə, yalnız tədris müddətinin uzadılması və ya pillələrin adının dəyişdirilməsi özlüyündə müsbət effekt vəd etmir. Əsas diqqət təhsilin keyfiyyətinə, maddi-texniki bazanın gücləndirilməsinə və onun müasir dövrün tələblərinə uyğunlaşdırılmasına yönəldilməlidir. Yalnız bu halda uğurlu kadr hazırlığından danışmaq olar”. E.Əfəndi bu modelin Azərbaycan təhsil sisteminə mümkün təsiri ilə bağlı danışarkən bildirib ki, hazırkı mərhələdə Rusiyanın bu qərarının ölkəmiz üçün ciddi təsir yaradacağını düşünmür: “Yalnız gələcəkdə, əgər sistem özünü doğruldarsa, 2030-cu ildən sonrakı dövrdə onun bəzi elementlərindən istifadə etmək barədə düşünmək olar. Hazırda isə buna ciddi ehtiyac görmürəm. Çünki dünyanın əksər ölkələri Boloniya sisteminə üstünlük verir və ya öz milli modellərini formalaşdırırlar. Rusiya da öz sistemini yaradırsa, onun nəticələrini bir neçə ildən sonra daha obyektiv şəkildə qiymətləndirmək mümkün olacaq”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
92
14
metbuat.az

10Mənbələr