AZ

Azərbaycanın enerji strategiyası “yaşıllaşır” | İNFOQRAFİKA

Avropanın enerji təhlükəsizliyinin formalaşmasında aparıcı aktorlardan olan Azərbaycan yeni dönəmdə karbohidrogen ixracatçısından "yaşıl enerji" ixracatçısına çevrilərək, Avropanın enerji arxitekturasında mühüm yer tutmaq hədəfini davam etdirir. Bu məqsədlə Azərbaycan daha bir meqalayihənin - Azərbaycan–Türkiyə–Avropa beynəlxalq enerji dəhlizinin formalaşdırılmasına başlayıb.

Bu layihə çərçivəsində işğaldan azad və hazırda sürətlə bərpa olunan ərazilərdə əldə ediləcək enerji Zəngəzur enerji dəhlizi vasitəsilə Naxçıvana, oradan isə Türkiyə üzərindən digər istiqamətlərə ixrac ediləcək.

Naxçıvan enerji blokadasından çıxır

Bu enerji layihəsi ilk növbədə Naxçıvan Muxtar Respublikasının enerji blokadasından çıxarılması və bölgə iqtisadiyyatı üçün vacib mənbə rolunu oynayacaq. İndiyə qədər Naxçıvanın enerji təminatı məhdud daxili istehsal, həmçinin İran və Türkiyədən idxal edilən elektrik enerjisi hesabına ödənilib. Bu vəziyyət Naxçıvan iqtisadiyyatını hər zaman kəsinti riski ilə üz-üzə qoyurdu. Zəngəzur enerji dəhlizi Naxçıvanı ölkənin əsas hissəsinin enerji sisteminə inteqrasiya edərək, sistemin dayanıqlı fəaliyyətini gücləndirəcək.
İxrac marşrutları şaxələnir

Naxçıvanın inteqrasiyası Türkiyə ərazisindən keçməklə Avropaya "yaşıl" elektrik enerjisinin ixrac dəhlizinin yaradılmasının yalnız birinci mərhələsidir. Belə ki, Naxçıvanda qurulacaq xüsusi sistem vasitəsilə elektrik enerjisinin gərginliyi 400 kV-a qaldırılaraq Türkiyə sisteminə, oradan isə Avropaya nəqli hədəflənir. Bununla da Azərbaycandan Avropa istiqamətində ikinci elektrik ixrac xətti icra ediləcək.

Birinci xətt Azərbaycan–Gürcüstan və Qara dənizin dibi ilə keçən marşrutdur. Layihə Avropa İttifaqının prioritetləri sırasındadır. İkinci xətt Zəngəzur enerji dəhlizidir. Qara dəniz xətti ilə müqayisədə bu dəhliz enerjini Türkiyə ərazisində də şaxələndirməyə imkan verir.

“Yaşıl enerji” ixracında Suriya perspektivi

Əgər hər hansı səbəbdən Avropa ölkələri elektrik enerjisi alışını dayandırarsa və yaxud Avropa bazarında dalğalanmalar baş verərsə, Zəngəzur dəhlizi ilə nəql olunan "yaşıl enerji" Türkiyə tərəfindən alına bilər. Proqnozlara əsasən, Zəngəzur dəmir və avtomobil yollarının açılmasından sonra Türkiyənin Naxçıvanla sərhəd ərazilərinə investisiya axını gözlənilir, bu da elektrik enerjisinə tələbatı artıracaq.

Həmçinin Suriyada daxili siyasi vəziyyətin sabitləşməsi və neftlə zəngin ərazilərin hökumətin nəzarətinə keçməsi iqtisadiyyatı canlandıracaq. Hazırda Türkiyə ilə Suriya arasında vətəndaş müharibəsindən öncə fəaliyyət göstərən Birecik–Hələb elektrik xətti bərpa edilir. Neft-kimya müəssisələrinin yenidən işə salınması Suriyada elektrik enerjisinə tələbi də artıracaq və Azərbaycan enerjisi bu bazar üçün də əlçatan olacaq.

Ermənistanın tranzit payı

Ermənistanın Baş naziri Nikol Paşinyan da açıq şəkildə etiraf edir ki, ölkəsi elektrik enerjisi və yüklərin daşınması üçün tranzit rüsumlarından əhəmiyyətli fayda əldə edə bilər.

Nəticə olaraq, Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyində oynadığı rolu, yeni mərhələdə "yaşıl enerji" ilə daha geniş coğrafiyada davam etdirəcək, regionda işıqların yanmasına, zavodların işləməsinə və ölkələrin inkişafına əhəmiyyətli töhfə verəcək.

Aqil Familoğlu
Politoloq
AzVision.az üçün
Seçilən
64
50
azvision.az

10Mənbələr