Moderator.az saytına istinadən ain.az xəbər verir.
44 günlük Vətən müharibəsinin Azərbaycanın tarixində yeni bir səhifə açdığı, bu müharibə nəticəsində əldə edilən 8 Noyabr zəfərinin dünyanın ölkəmizə olan münasibətini əsaslı şəkildə dəyişdiyi birmənalıdır. Bu gün Azərbaycan öz müstəqil siyasəti, güclü iqtisadiyyatı, milli həmrəyliyi, həyata keçirdiyi beynəlxalq əhəmiyyətli layihələri ilə hər cür təsir və təzyiqin fövqündə duran qüdrətli bir dövlət, demokratik bir respublikadır. Halbuki, işğal dönəmində, eləcə də 44 günlük Vətən müharibəsi dövründə bir sıra güclər Azərbaycana təzyiq göstərməyə çalışır, onun daim zəif, “sözəbaxan”, müstəqil iradədən malik dövlət olmasını arzulayırdı. Bu səbəbdən də onlar mütəmadi şəkildə respublikamıza təzyiqlər göstərir, ölkəmizin qarşılaşdığı problemlərin həllinə yox, bu problemlərin daha da mürəkkəbləşməsinə çalışırdı. Lakin 44 günlük Vətən müharibəsindən sonra hər şey tamamilə dəyişdi və ortaya heç bir təzyiqə boyun əyməyən, ən böyük güclərə belə açıq meydan oxuyan Azərbaycan meydana çıxdı.
Bəs bu proses necə reallaşdı?
Bunu anlamaq üçün öncə anti-Azərbaycan güclərinin ölkəmizə qarşı istifadə etdiyi əsas təzyiq vasitələrinə nəzər salmaq lazımdır.
Azərbaycanın faciəsində səadət axtaran “sülhpərvər qüvvələr”
Müşahidələr göstərir ki, məkirli qüvvələrin, beynəlxalq güclərin, erməni havadarlarının dövlətimizə qarşı istifadə etdiyi əsas təzyiq vasitəsi işğal faktoru olub. Bu amildən istifadə edən dövlətlər, eləcə də keçmiş Minsk qrupunun həmsədr ölkələri erməni təcavüzünə son qoymaq əvəzinə ona dəstək verir, süni şəkildə problemin həllini yubadırdı. Onlar Azərbaycanı inandırmağa çalışırdı ki, problemin hərbi yolla həlli perspektivi yoxdur və buna görə də hər şey yalnız sülh yolu ilə həll edilməlidir. Bunun üçün isə hər hansı konkret müddət nəzərdə tutulmur, mənasız danışıqlar qeyri-müəyyən müddətə qədər uzadılır, dalana dirənir, sonra yenidən heç bir irəliləyiş olmadan davam etdirilirdi. Bu müddət ərzində isə “vasitəçilər”, eləcə də digər “sülhpərvər” güclər Azərbaycandan ən müxtəlif məsələlərlə bağlı güzəştər qoparmağa çalışır, öz maraqlarını işğal probleminin uzanması hesabına təmin etməyə cəhd edirdi. Məhz bu səbəbdən də Prezident İlham Əliyev Azərbaycanın inkişafına mane olan, insanlarımızda yarımçıqlıq kompleksi yaradan, kənar güclər üçün göydəndüşmə təzyiq vasitəsi olan bu problemi ortadan qaldırmağa qərar verdi. 2020-ci ilin 27 sentyabr tarixində başlayan və həmin ilin 10 noyabr tarixndə başa çatan 44 günlük Vətən müharibəsi ilə erməni işğalına son qoyuldu. Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi ki, bu da avtomatik olaraq anti-Azərbaycan qüvvələrinin əsas təzyiq vasitəsini ortadan qaldırmış oldu.
8 Noyabr qələbəsi işğal probemini hərbi yolla həll etməklə yanaşı, Minsk qrupunu da gərəksiz bir quruma çevirdi. Vasitəçi dövlətlərin sülh adı ilə Azərbaycandan faydalanmaq cəhdlərinə qəti şəkildə son qoyuldu. Qələbə Azərbaycana Qarabağ və Şərqi Zəngəzuru dirçəltmək, bu regiondakı zəngin təbii ehtiyatlardan istifadə etmək, milli iqtisadiyyatı inkişaf etdirmək imkanı yaratdı ki, Azərbaycan bu imkandan elə ilk gündən maksimum istifadə etməyə başladı.
Ermənipərəst güclərin boşa çıxan ümidləri və bu ümidsizlikdən qaynaqlanan qəzəb
Azərbaycanın Vətən müharibəsindəki qalibiyyəti işğal faktorundan yararlanan, yaxud yararlanmaq istəyən bütün beynəlxalq güclərin ciddi qəzəbinə səbəb oldu. Hər zaman ermənilərə dəstəyi ilə diqqət çəkən Fransa, 44 günlük müharibədən sonra açıq anti-Azərbaycan mövqeyi sərgiləməyə, ölkəmizlə bağlı yalan və böhtan kampaniyası aparmağa başladı.
Bir tərəfdən Azərbaycanın ünvanına hədyanlar yağdıran rəsmi Paris, digər tərəfədn Ermənistanın müasir hərbi texnika ilə silahlandırılması, erməni ordusunun yenidən təşkili və s. istiqamətində addımlar atmağa başladı. Lakin nə Fransanın yalanları, nə də onun Ermənistana verdiyi silahlar Azərbaycanın qalib mövqeyində hər hansı dəyişikliyə səbəb olmadı. Əksinə, Azərbaycan dövləti Müzəffər Ali Baş Komandanının timsalında bütün hədə-qorxulara, təhdid və təzyiqlərə açıq meydan oxudu, heç bir dövlətin təzyiqnə boyun əyməyəcəyini vurğuladı. Nəhayətdə, bütün dünya Azərbaycanın Vətən müharibəsindəki qələbəsini tanımaq, rəsmi Bakının azad, müstəqil mövqeyi ilə hesablaşmaq məcburiyyəti qarşısında qaldı. Azərbaycan gücünü müharibə yolu ilə, yenilməzliyini iradəsi və cəsarəti hesabına bütün dünyaya bəyan etdi.
“Bizə təzyiq etmək üçün heç kimin əlində heç bir vasitə yoxdur”
31 dekabr 2025-ci il tarixində Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində dövlətimizin beynəlxalq aləmdəki hazırkı statusu haqqında demişdir:
“Biz hər zaman bərabərhüquqlu tərəfdaşlığın tərəfdarı olmuşuq. Biz heç vaxt imkan verməmişik ki, kimsə bizim işimizə qarışsın, kimsə bizə nəyisə diktə etsin, kimsə bizə yuxarıdan aşağı baxsın. Biz müqavimət göstərmişik, biz ciddi iradəmizi ortaya qoymuşuq, heç kimin qarşısında baş əyməmişik, heç kimə imkan verməmişik və verməyəcəyik ki, bizim işimizə qarışsın. Tədricən hər kəs görür ki, belə cəhdlərin sayı da kəskin azaldı. Çünki bunun heç bir mənası yoxdur. Bizə təzyiq etmək üçün heç kimin əlində heç bir vasitə yoxdur. Bizim güclü siyasi iradəmiz, xalq-iqtidar birliyi, hərbi gücümüz, iqtisadi potensialımız, enerji siyasətimiz, nəqliyyat imkanlarımız və digər amillər bizi o qədər gücləndirib ki, heç kim bizə öz iradəsini diktə edə bilməz”.
Prezidentin məlum sitatı Azərbaycanın hazırkı mövqeyini izah etməklə yanaşı, böyük güclərin digər təzyiq vasitələrini necə sıradan çıxarıldığına da aydınlıq gətirir. Xalq-iqtidar birliyinin təmini, güclü siyasi iradə, nəhəng iqtisadi potensial, dünyanı heyrətləndirən enerji siyasəti və s. anti-Azərbaycan güclərinin ölkəmizə qarşı təzyiq vasitələrinin ortadan qaldırılmasını təmin etdi. Bütün bunlar Prezident İlham Əliyevin bilavasitə liderliyi altında gerçəkləşdi. Azərbaycan Respublikasının Prezidenti bununla sübut etdi ki, o, sadəcə hərb meydanında deyil, həm də diplomatiya meydanında yenilməzdir və nəyin bahasına olursa-olsun öz məqsədinə nail olmağı bacarır.
Bu gün Azərbaycan heç bir təzyiqə boyun əyməyən qalib bir dövlətdir. Bu gün ölkəmizdəki firavanlıq, sülh və təhlükəsizlik, sürətli iqtisadi artım tempi beynəlxalq ictimaiyyət tərəfindən heyrət və həsədlə izlənməkdədir. Lakin bu uğurun davamlı olması üçün bizi biz edən dəyərləri qoruyub saxlamağımız – milli birliyimizin, həmrəyliyimizin keşiyində dayanmağımız, dövlətimizin hər bir çağırışına anındaca cavab verməyimiz, Prezidentimizin ətrafında yumruq kimi birləşməyimiz zəruridir. Belə olarsa, bundan sonra da bədxah qüvvələrin ölkəmizlə bağlı məkirli niyyətləri sadəcə niyyət olaraq qalacaq və heç zaman reallaşmayacaq.
Seymur ƏLİYEV
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.