AZ

Genetik faktorların ömür uzunluğuna təsiri təxminlərdən daha yüksəkdir

Genetik faktorların ömür uzunluğuna təsiri təxminlərdən daha yüksəkdir

"Science" jurnalında dərc olunan genişmiqyaslı araşdırma genlərin insan ömründəki rolunun zənn ediləndən çox daha böyük olduğunu ortaya qoyub. Beynəlxalq tədqiqatçılar qrupu tərəfindən əkizlər üzərində aparılan araşdırma yaşam müddətində genetik qatqının 55 faiz kimi yüksək bir nisbətdə olduğunu müəyyən edib.

Yeni tapıntılar genetikanın ömür uzunluğuna təsirini 6 faiz ilə 33 faiz arasında göstərən əvvəlki təxminlərdən xeyli yüksəkdir. Bu nəticələr müxtəlif əlavələr və xüsusi dərman rejimləri ilə ömrü uzada biləcəyini iddia edən "biohaker" icması üçün təəccüblü bir hadisə kimi qiymətləndirilir.

Mütəxəssislər bu rəqəmə çatarkən ölümləri "xarici" və "daxili" olaraq ikiyə ayırıb daha həssas analiz apardıqlarını bildirirlər. Qəzalar və infeksiyalar kimi xarici amillər kənarda tutulduqda, genetikanın boy uzunluğu və ya bədən quruluşu kimi təməl bioloji xüsusiyyətlərlə oxşar nisbətdə təsirli olduğu görünür.

Tədqiqatın rəhbəri Ben Şenhar əldə edilən rəqəmin təsadüf olmadığını, menopoz yaşı kimi yaşlanma ilə bağlı digər bioloji proseslərin də təxminən 50 faiz nisbətində irsi olduğunu qeyd edib. Kopenhagen Universitetindən dosent Morten Şeybe-Knudsen isə genlərin ömür həddini müəyyən etdiyinə diqqət çəkərək, mayaların 13 gün, insanların isə ən çox 120 il yaşamasını buna misal göstərib.

Genetikanın təsiri artsa da, mütəxəssislər sağlam həyat tərzinin əhəmiyyətini itirmədiyi barədə xəbərdarlıq edirlər. Ömrün 55 faizinin genetikadan asılı olması o deməkdir ki, qalan 45 faizlik hissə hələ də qidalanma, idman və vərdişlər kimi nəzarət edilə bilən amillərdən ibarətdir.

Tədqiqatçılar bu məlumatların insanları taleyə boyun əyməyə sövq etməməli olduğunu, genetik potensialın hansı istiqamətdə inkişaf edəcəyini həyat tərzinin müəyyənləşdirdiyini ifadə edirlər.

Seçilən
70
23
afn.az

10Mənbələr