“İmişli” bu gün Misli Premyer Liqasının 18-ci turunda “Qəbələ”nin qonağı olub.
Rekord.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən matçdan sonra “İmişli”nin baş məşqçisi Xorxe Kaskilyanın mətbuat konfransı olub. Portuqaliyalı mütəxəssis 2:3 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib:
“Komandamın oyunundan çox razı qaldım. Oyundan əvvəl “Qəbələ”ni təhlil etmişdik. Bilirdik ki, sürətli oyunçuları var. Səhvlər çox olduğuna görə məğlub olduq. Çünki “Qəbələ” kimi komandalara qarşı bu cür səhvlər buraxmaq olmaz.
Mövqeyimizi çətinləşdirdik. Xal almalıydıq bu oyundan. Alınmadı. Buna baxmayaraq, qarşıda hələ oyunlarımız var. Hazırlaşacağıq, ümidvaram ki, növbəti oyunda “Kəpəz”ə qarşı daha yaxşı çıxış edəcəyik.
Uda bilməsək belə, böyük komandalardan xal ala bilmişik. “Zirə”, “Neftçi”, “Araz-Naxçıvan” kimi komandalardan xal ala bilmişdik. Hətta “Araz-Naxçıvan”ı məğlub da edə bilərdik. Səbəblər müxtəlifdir. Bizim heyətimiz də geniş deyil. Nəticələr göz önündədir.
Vacib iki oyunçumuzun – Morqanla, Moysesin olmaması önəmli rol oynadı. Buna görə də, yarımmüdafiədə boşluqlar yarandı. Nəticədə, məğlub olduq. Bu da futbolun bir hissəsidir.
İnfrastruktura gəlincə, çox yaxşı meydançadır. Maraqlı da qarşılaşma oldu, beş qollu oyun oldu. Hava da yaxşı idi”.
“İmişli” növbəti turda “Kəpəz”lə qarşılaşacaq.