Musavat.com xəbər verir ki, o, hazırkı sədr Cerom Pauellin səlahiyyət müddəti başa çatdıqdan sonra, 2025-ci ilin mayından etibarən dünyanın ən nüfuzlu mərkəzi bankına rəhbərlik edə bilər.
Tramp bu qərarını sosial şəbəkədə açıqlayaraq Uorşu "mükəmməl seçim" adlandırıb və onun FED tarixində "ən güclü rəhbərlərdən biri" olacağını bildirib.
55 yaşlı Kevin Uorş Respublikaçı Partiyanın iqtisadi dairələrində yaxşı tanınan fiqurdur. O, vaxtilə "Morgan Stanley" bankında çalışıb, Corc Buş administrasiyasında iqtisadçı kimi fəaliyyət göstərib və 2006-2011-ci illərdə FED-in İdarə Heyətinin üzvü olub. Həmin dövrdə ABŞ tarixinin ən ağır maliyyə böhranlarından biri yaşanmışdı.
Uorş həm də Stenford Universitetinin "Hoover Institution" analitik mərkəzində tədqiqatçı kimi fəaliyyət göstərir.
Son illər Donald Tramp FED-i və onun rəhbəri Cerom Pauelli açıq şəkildə tənqid edirdi. Prezident faiz dərəcələrinin endirilməsini tələb edir, Pauelli isə "bacarıqsız" adlandırırdı.
Yeni namizədin seçilməsi Trampın pul siyasətinə birbaşa təsir etmək istədiyini göstərir. Analitiklərin fikrincə, bu addım FED-in müstəqilliyini zəiflədə bilər.
Keçmişdə inflyasiyaya qarşı sərt mövqeyi ilə tanınan Uorş son aylarda daha aşağı faiz dərəcələrini dəstəkləməyə başlayıb. Bu isə Trampın iqtisadi xətti ilə üst-üstə düşür.
Lakin ekspertlər qeyd edir ki, Uorş hələ də inflyasiyaya qarşı həssas yanaşması ilə tanınır və tam şəkildə "yumşaq xəttin tərəfdarı" sayılmır.
Kevin Uorş maliyyə böhranından sonra FED-in tətbiq etdiyi stimullaşdırıcı proqramları açıq şəkildə tənqid etmişdi. Bu səbəbdən bir müddət sonra qurumdan ayrılmışdı.
Bəzi analitiklər onun müstəqil mövqeyə sahib olduğunu desə də, digərləri Trampın təsiri altına düşə biləcəyindən narahatdır.
Kevin Uorşun namizədliyi ABŞ Senatının Bankçılıq Komitəsində dinləniləcək. Daha sonra Senat onun təsdiqi ilə bağlı səsvermə keçirəcək.
Lakin proses asan olmayacaq. Tramp administrasiyasının Cerom Pauellə bağlı apardığı araşdırmalar bəzi senatorların narazılığına səbəb olub. Bu isə Uorşun təsdiqini gecikdirə bilər.
FED rəhbərinin seçilməsi istənilən prezident üçün ən vacib qərarlardan biridir. Tramp isə bu postu öz iqtisadi strategiyasının əsas alətinə çevirmək istəyir.