Türkiyəli məşhur müğənni Yıldız Tilbe azərbaycanlı ifaçı Vəfa Şərifovanı məhkəməyə verməyə hazırlaşır.
Moderator.az xəbər verir ki, bununla bağlı türkiyəli müğənninin vəkili Handan Bakbak məlumat yayıb.
O bildirib ki, Yıldız Tilbe haqqında mətbuatda çıxan əsassız məlumatlar səbəbi ilə məhkəməyə müraciət olunacaq.
“Azərbaycanlı müğənni Vəfa Şərifova həm öz ölkəsindəki televiziya proqramında, həm də sosial media hesablarında duet üçün Yıldız Tilbeyə 100 min dollar ödədiyini, lakin Yıldız Tilbenin bu pulu alsa da, ifadan imtina edərək onu çətin vəziyyətə qoyduğunu bildirib. Yıldız Tilbenin bu şəxslə heç bir əlaqəsi, əməkdaşlığı və ya görüşü olmayıb.
Bu vəziyyət tamamilə uydurma, təşkil edilmiş, qanuna zidd, qəsdən şəxsiyyətin nüfuz və namusunu hədəf alan, ən əsası isə çoxşaxəli cinayətdir. Lazımi hüquqi prosedurlara başlanılacaq. Bunu ictimaiyyətin və aidiyyəti tərəflərin diqqətinə çatdırırıq”, - deyə açıqlamada qeyd edilib.
Qeyd edək ki, Vəfa Şərifova televiziya verilişlərinin birində Yıldız Tilbe ilə birlikdə duet oxumaq üçün ona 100 min dollar ( Təxminən 170 min manat) pul ödədiyini, amma yekunda türkiyəli məşhurun onunla duet oxumadığını və pulunun batdığını bildirib.