"Football-plus.az" xəbər verir ki, o, Çempionlar Liqasının liqa mərhələsinin son turunun “Liverpul”la oyununa, Ağdam təmsilçisinin pley-offa vəsiqə qazanmasına və püşkatmanın nəticəsinə münasibət bildirib:
“Komandamız Azərbaycan futbolunda daha bir ilki gerçəkləşdirdi. Bu uğur liqa mərhələsinin “Liverpul”la “Enfild"dəkı ağır qarşılaşmadan sonra rəsmiləşdi. “Qarabağ”ın son turun nəticələrindən sonra ilk “24-lük”də yer alması Azərbaycan futbolu üçün tarixi nəticədi. Bu, təsadüf deyil, uzun illərin zəhmətinin, səbrin və sistemli işin nəticəsidi. “Liverpul”la oyun ağır keçdi. Bu, hamımız üçün aydındı və tamamilə normaldı. Futbolun səviyyəsi artdıqca çətinliklər də artır. Dünyanın ən güclü komandaları belə bəzən istədiyi nəticəni əldə edə bilmir. Ona görə də bu oyunu faciə kimi yox, yolumuzun üzərində dəyərli bir təcrübə kimi qəbul edirik”.
Tahir Gözəl tarixi uğurla yanaşı, bütün ölkə tərəfindən inam və dəstəyin olmasını da qeyd edib:
“Əsas məsələ isə budu ki, “Qarabağ” növbəti dəfə tarix yazdı. “Liverpul”a böyükhesablı məğlubiyyətə baxmayaraq, növbəti mərhələyə vəsiqəni təmin etdik. Sanki bu məqamda ilahi bir toxunuş, ilahi bir nəzər bizə dəstək oldu, əməyimizi bərəkətləndirdi. Mənim üçün bu uğurun ən qiymətli tərəfi xalqımızın komandaya olan inamını qorumasıdı. Nəticədən asılı olmayaraq, bütün ölkənin “Qarabağ”ın yanında olması böyük mənəvi gücdü. Aldığımız saysız-hesabsız dəstək mesajları bunun ən bariz göstəricisidi. Hər kəs anlayır ki, bu səviyyəyə yüksəlmək nə qədər çətindi. Qarşımızda dayanan klublar böyük tarixə, geniş maliyyə imkanlarına və illərlə formalaşmış futbol mədəniyyətinə sahibdi. Amma “Qarabağ” bu səviyyədə yalnız nəticə ilə deyil, duruşu ilə də öz yerini təsdiqlədi”.
Klubumuzun prezidenti “Enfild"dəkı matçın ən dəyərli məqamlarına da toxunub:
“İngiltərədə, oyunun 44-cü dəqiqəsində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarının səslənməsi, bayrağımızın tribunada dalğalanması bir daha göstərdi ki, biz təkcə bir futbol klubu deyilik. Biz bir xalqın səsini, ruhunu və kimliyini təmsil edirik. Dünya bunu gördü və artıq “Qarabağ”a başqa gözlə baxır. “Qarabağ” bu missiyanı davam etdirir, dayanmır və dayanmayacaq. Qurban Qurbanov tarixi şəxsiyyətdi. “Qarabağ” dəyərlərə malik, adına layiq olan, təmiz və böyük bir ailədi”.
Tahir Gözəl azarkeşlərə və futbol ictimaiyyətinə təşəkkürünü də çatdırıb:
“Bu yolda bizə inanan, dəstəyini əsirgəməyən hər kəsə minnətdaram. Bu uğur təkcə klubun yox, bütün Azərbaycanın uğurudu. Qarşıda bizi daha çətin, amma bir o qədər də məsuliyyətli mərhələ gözləyir. Əmin ola bilərsiniz ki, “Qarabağ” bundan sonra da ölkəmizi Avropada ləyaqətlə təmsil etmək üçün bütün gücünü ortaya qoyacaq”.
"Qarabağ"ın prezidenti pley-off mərhələsinin bu gün keçirilən püşkatmasına da münasibət bildirib:
“Avropanın ən nüfuzlu klub turnirində pley-off mərhələsinə yüksəlmək hər klubun arzusudu və bu mərhələ artıq təkcə futbol yox, xarakter, inam və ruh mübarizəsidi. Çempionlar Liqasında yoluna davam edən komandaların hər biri zirvəni hədəfləyir. "Böyük beşlik" liqasını təmsil edən komanda ilə qarşılaşmaq həm məsuliyyət, həm də böyük qürurdu. İngiltərənin "Nyukasl" klubunun ölkəmizə gəlməsi Azərbaycan futbolu üçün bayramdı, tribunalar üçün həyəcan, gənclər üçün isə ilham mənbəyidi. Azarkeşlərimizin qarşısında Çempionlar Liqasının əsl ab-havasını yaşadacağımıza ürəkdən sevinirəm. Bu mərhələdə də meydanda son saniyəyədək mübarizə aparacağıq. Öz oyunumuzdan, yolumuzdan dönməyəcəyik. Əzmimizlə, xarakterimizlə, birlik ruhumuzla Azərbaycan futbolsevərlərinə unudulmaz anlar bəxş etmək istəyirik. Komandama inamım sonsuzdu. Əminəm ki, futbolçularımız hər iki oyunda sonadək döyüşəcək, heç bir rəqibdən çəkinmədiklərini, bu səviyyəyə layiq olduqlarını və Azərbaycanın futbol xəritəsində artıq söz sahibi olduğunu bütün Avropaya bir daha göstərəcəklər".