AZ

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və iki əməkdaşı həbs olunub- YENİLƏNİB-1


"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov barəsində qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanı tərəfindən məhkəməyə daxil olan təqdimata baxılıb.


APA xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində hakim Günel İsmayılovanın sədrliyi ilə keçirilən prosesdə "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov barəsində 2 ay 10 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

***

18:21

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və daha iki əməkdaşı barəsində qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanı tərəfindən məhkəməyə daxil olan təqdimata baxılır.

APA xəbər verir ki, bu gün Sumqayıt Şəhər Məhkəməsində hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə Natiq Əliyev barəsində 2 ay 10 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Hakim Günel İsmayılovanın sədrliyi ilə keçirilən digər iclasda isə Elşad Məhərrəmov barəsində 2 ay 10 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda digər təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi üçün təqdimatlara baxılır.

***

17.15

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və daha iki əməkdaşı barəsində qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub.

APA xəbər verir ki, Sumqayıt şəhər Məhkəməsinə daxil olan təqdimatda onların barəsində həbs qətimkan tədbirinin seçilməsi istənilir. Təqdimata bu gün baxılacağı və qərar qəbul olunacağı gözlənilir.

Xatırladaq ki, "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Salmanov Ceyhun Məzahir oğlu, daha iki əməkdaşı - Məhərrəmov Elşad Məhərrəm oğlu və Əliyev Natiq Eldəniz oğlu saxlanılıb. Onlar Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma), 133-cü (əzab vermə), 144-cü (adam oğurluğu), 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddələri üzrə ittiham edilir.

Bundan əvvəl isə Baş Prokurorluq "Qurtuluş" Reabilitasiya Mərkəzində aşkar edilmiş qanun pozuntuları ilə bağlı məlumat yayıb.

Bildirilib ki, "Qurtuluş" Reabilitasiya Mərkəzi MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciətləri əsasında Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılıb.

Araşdırma nəticəsində toplanmış ilkin dəlillər əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma), 145.2.1 və 145.2.4-cü (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsə qarşı törədildikdə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Seçilən
21
26
apa.az

10Mənbələr