Dubayda tamamilə robotlar tərəfindən inşa edilən yaşayış villasının yaradılmasını nəzərdə tutan layihə işə salınır. Şəhər bələdiyyəsi avtomatlaşdırmanın real şəraitdə imkanlarını nümayiş etdirməyi hədəfləyən beynəlxalq proqramla çıxış edib.
Azreform.info xarici KİV-ə istinadən xəbər verir ki, layihədə konsorsium şəklində birləşən 25-dən çox texnoloji şirkət və akademik qurum iştirak edir. Dubay Bələdiyyəsi təşəbbüsə "Zacua Ventures" və "Würth Group" ilə birgə nəzarət edir, proseslərin miqyaslana bilməsinə və iqtisadi səmərəliliyinə xüsusi diqqət yetirilir.
Təşəbbüs "Expo City Dubai" ərazisində "04 ConTech Valley" – Tikinti İnnovasiyaları və Tədqiqatlar Mərkəzinin açılışı ilə eyni vaxtda başlayıb. Mərkəz robotlaşdırılmış alətlərin, yeni tikinti materiallarının və rəqəmsal texnologiyaların sınaqdan keçirilməsi üçün daimi platforma rolunu oynayacaq.
Dubay Bələdiyyəsinin baş direktoru Marvan Əhməd bin Qalitanın sözlərinə görə, qabaqcıl texnologiyaların tətbiqi tikintinin səmərəliliyini, dayanıqlığını və etibarlılığını artırır. Layihə eyni zamanda perspektivli texnologiyaların yaşayış bazarında kommersiya tətbiqinə töhfə verməyi hədəfləyir.