UEFA-nın az tanınan qaydası İngiltərənin “Çelsi” klubunun Çempionlar Liqasındakı şanslarına ciddi təsir göstərə bilər.
İdman.Biz xəbər verir ki, səfərdə “Napoli”ni məğlub edərək turnirin 1/8 final mərhələsinə yüksələn “Çelsi” növbəti raundda gözlənilməz problemlə üzləşə bilər. Belə ki, London təmsilçisi cavab oyununu doğma “Stemford Bric” stadionunda keçirmək imkanını itirə bilər.
Məsələ UEFA-nın eyni axşam bir şəhərdə yalnız bir oyunun keçirilməsinə icazə verən qaydası ilə bağlıdır. Qaydaya əsasən, təhlükəsizlik qüvvələrinin yüklənməməsi üçün eyni şəhərdə, eyni gündə bir neçə Çempionlar Liqası matçı təşkil olunmur.
Qrup mərhələsini “Çelsi”dən yuxarı pillədə başa vuran “Arsenal” və “Tottenhem” martın 17 və 18-də keçiriləcək oyunlar üçün prioritet hüquqa malikdir. Bu isə həmin günlərdə “Çelsi”nin Londonda ev oyunu keçirməsini sual altına alır.
Bu səbəbdən “Çelsi”nin UEFA-ya sözügedən qaydanın istisna olaraq ləğv edilməsi üçün müraciət etməsi və London şəhər rəhbərliyindən dəstək alması lazım gələcək. Bildirilir ki, həftəsonları Londonda çoxsaylı futbol matçlarının keçirilməsi bu məsələdə ciddi maneə yaratmır.
Qeyd edək ki, UEFA qaydalarına görə komandalar eyni stadionda, eyni şəhərdə və ya bir-birindən 50 kilometr radiusunda yerləşən şəhərlərdə matç günündə paralel oyun keçirə bilməz. Bu qayda təhlükəsizlik tədbirlərinin daha effektiv təşkili məqsədi daşıyır.