Gözlərdə keçməyən qaşınma, yanma və qızartı çox vaxt allergiya və ya yorğunluqla əlaqələndirilir. Lakin mütəxəssislərin sözlərinə görə, bu şikayətlərin arxasında kirpik diblərinə yerləşərək gizlicə çoxalan mikroskopik parazitlər dayana bilər. Sadə görünən əlamətlər zamanla ciddi göz problemlərinə çevrilə bilər.
Göz sağlamlığı və xəstəlikləri üzrə mütəxəssis, professor Aylin Kılıç bildirib ki, gözlərdə uzun müddət davam edən qızartı, qaşınma və yanma hissi əksər hallarda sadə allergiya kimi qiymətləndirilir. Halbuki mikroskopik ölçüdə olan bu gənələr, xüsusilə kirpik köklərində çoxalaraq gözdə batma, yanma və qaşınmaya səbəb ola bilir. Onun sözlərinə görə, tez-tez gözü ovuşdurmaq parazitin daha da çoxalmasına və şikayətlərin artmasına yol açır. Kirpik dibi paraziti kimi tanınan demodeksin insan dərisində və gözlərində ən geniş yayılmış parazitlərdən biri olduğunu deyən professor Kılıç yaşlıların və immun sistemi zəif olan şəxslərin demodikoz (demodeks gənələrinin həddindən artıq çoxalması) riskinə daha açıq olduqlarını vurğulayıb.
Qaşınma və qızartıya laqeyd yanaşmayın
İynə ucundan belə kiçik ölçülü, səkkizayaqlı bu mikroskopik canlıların tük köklərinin kənar hissələrində yaşadığını və yağlı maddələrlə qidalandığını bildirən mütəxəssis bildirib: “İnsanda ən çox demodeks follikulorum və demodeks brevis növlərinə rast gəlinir. Onların sağ qalma müddəti təxminən 15 gündür, bəzi hallarda isə 21 günə qədər uzana bilər. Onlar çox sürətlə çoxalırlar. Sebum və epitel qalıqları ilə qidalanırlar. Bu gənələr kirpik diblərində və göz qapağının kənarında yerləşən meybomiya vəzilərində yaşayırlar. Əksər insanlarda mövcud olsa da, bu, bəzi hallarda demodeks blefariti adlanan iltihabi vəziyyətə səbəb ola bilər. İmmuniteti zəif olan şəxslərdə parazitlərin sayı həddindən çox arta bilər ki, bu da müxtəlif dəri və göz xəstəliklərinə yol açır. Kirpik diblərində ağ nöqtələr və ya pul-pul tökülmə görmüsünüzsə, bu, həmin gənələrin ifrazatı ola bilər. Bir çox insanlar bunu kəpək kimi qəbul edirlər. Göz qapağı infeksiyası olan xəstələrdə bu yığıntılar quruluq, qaşınma, kirpik tökülməsi və təkrarlanan arpacıqların əsas səbəblərindən biridir.”
Göz makiyajını təmizləyin və taxma kirpikləri çıxarın
Həkim Aylin Kılıç göz ətrafındakı həssas dərinin qorunması üçün yatmazdan əvvəl göz qapaqlarının mütəmadi yuyulmasının, göz makiyajının, taxma kirpiklərin və kontakt linzaların mütləq çıxarılmasının vacibliyini qeyd edib. O, həmçinin göz gənələrinin daha çox toplandığı yastıq üzlüklərinin həftədə ən azı iki dəfə dəyişdirilməli olduğunu bildirib.
Mütəxəssisin sözlərinə görə, müntəzəm və kifayət qədər yuxu almaq da dəridə yağlı maddə olan sebumun həddindən artıq ifrazının qarşısını alaraq parazitlərin çoxalmasını azaldır.
Şahnigar Əhmədova, “İki sahil”