Xalq qazeti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Media nümayəndələri Sumqayıt Sənaye Parkında yeni fəaliyyətə başlayan müəssisələrin fəaliyyəti ilə tanış olublar.
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Sənaye Parkına mediatur təşkil edilib.
Media nümayəndələrinə Sumqayıt Sənaye Parkında görülmüş işlər, parkın fəaliyyəti və burada formalaşan sənaye ekosistemi barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, ümumi sahəsi 640 hektar olan Sumqayıt Sənaye Parkında hazırda 40 rezident fəaliyyət göstərir. Rezidentlərin layihələrinin ümumi dəyəri 6,7 milyard manat, faktiki investisiya həcmi isə 5,5 milyard manat təşkil edir. Layihələr çərçivəsində 8800-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Hazırda isə 6135 nəfər daimi işlə təmin olunub. Sənaye Parkının rezidentlərinin ümumi satış həcmi 15,4 milyard manata çatıb ki, bunun da 5,7 milyard manatı ixracın payına düşür. Sumqayıt Sənaye Parkında istehsal olunan məhsullar dünyanın 70 ölkəsinə ixrac edilir.
Media nümayəndələri yeni fəaliyyətə başlayan müəssisələrin fəaliyyəti ilə tanış olublar. Məlumat verilib ki, “Azermirror” MMC-yə 2022-ci ildə parkın rezidenti statusu verilib və müəssisə tərəfindən Sənaye Parkının 1 hektar ərazisində güzgü vərəqələrinin istehsalı zavodu inşa edilib. Burada 30 nəfər daimi işlə təmin olunub. Zavodda ildə 900 min kvadratmetr güzgü vərəqəsi istehsal ediləcək. Müəssisədə hazırlanan məhsulların daxili bazarın tələbatını ödəməklə yanaşı, ixracı da nəzərdə tutulur. Çin texnologiyası əsasında qurulan layihənin investisiya dəyəri 6,13 milyon manatdır. Müəssisənin yaradılmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) tərəfindən 1,5 milyon manat güzəştli kredit ayrılıb. Sənaye parkının rezidentlərinə verilən bütün güzəştlərdən yararlanan “Azermirror” MMC 600 min manat dəyərində vergi və gömrük azadolmasından faydalanıb.
Bildirilib ki, 2023-cü ildə Sumqayıt Sənaye Parkının rezidenti statusu verilən “Bakı Karton və Qutu Fabriki” MMC tərəfindən Parkın 3 hektara yaxın ərazisində karton və qutu taralarının istehsalı müəssisəsi qurulub. Türkiyə və Çin texnologiyalarından istifadə edilən müəssisədə il ərzində 55 milyon kvadratmetr karton və qutu tarası istehsal olunacaq. Burada birinci mərhələdə karton və qutu istehsalının, ikinci mərhələdə isə karton istehsalı üçün tələb olunan yerli xammalın təkrar emalının həyata keçirilməsi planlaşdırılır. Məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac ediləcək. Müəssisənin investisiya dəyəri 20 milyon manatdır. Fabrikin yaradılmasına ABİF tərəfindən 2 milyon manat dəyərində güzəştli kredit ayrılıb. Burada 64 daimi iş yeri yaradılıb. Sənaye parkının rezidentlərinə verilən bütün güzəştlərdən yararlanan müəssisə təqribən 1,3 milyon manat dəyərində vergi və gömrük azadolmasından faydalanıb.
Ötən il sənaye parkının rezidenti olan “Nun” MMC tərəfindən reallaşdırılacaq layihəyə uyğun olaraq 1 hektar ərazidə istehsal müəssisəsinin tikintisi nəzərdə tutulub. Almaniya texnologiyasından istifadə ediləcək müəssisənin illik istehsal gücü 1680 ton laminatlı kisə, 1440 ton polipropilen kisə təşkil edəcək. Məhsullar əsasən daxili bazarın tələbatını ödəyəcək. Burada 140 daimi iş yeri yaradılacaq. İnvestisiya həcmi 11,2 milyon manat olan müəssisənin qurulmasına ABİF tərəfindən 3 milyon manat dəyərində güzəştli kredit ayrılması nəzərdə tutulub. Burada quraşdırılacaq avadanlığın idxal zamanı ƏDV və gömrük rüsumlarından azad olunması planlaşdırılır.
Qeyd edilib ki, sənaye zonalarında sahibkarlığın inkişafını təşviq etmək məqsədilə rezidentlər üçün geniş güzəşt və stimullaşdırıcı mexanizmlər tətbiq olunur. Rezidentlər dövlət vəsaiti hesabına yaradılmış hazır infrastrukturla – qaz, elektrik enerjisi, su, çirkab sularının axıdılması sistemləri, daxili avtomobil və dəmir yolları, həmçinin fiber-optik internet xətləri ilə təmin edilir. Eyni zamanda, rezidentlər 10 il müddətinə əmlak, torpaq və mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğular üzrə əlavə dəyər vergisindən, həmçinin gömrük rüsumlarından azad olunur.
XQ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.