AZ

MDU-da ali təhsilə yeni baxış...


2025-ci il Mingəçevir Dövlət Universiteti (MDU) üçün təkcə növbəti tədris ili deyil, ali təhsilin yeni inkişaf mərhələsinə keçidi şərtləndirən strateji qərarların real nəticələrlə müşayiət olunduğu, universitetin regional missiyadan qlobal akademik məkana doğru sistemli transformasiya yolunda mühüm mövqelər qazandığı hesabat dövrü kimi xarakterizə olunur. Xüsusilə son 9 ayda MDU-da tədris, elmi-tədqiqat, beynəlxalq əməkdaşlıq, sənaye inteqrasiyası və sosial innovasiya istiqamətlərində həyata keçirilən kompleks islahatlar universitetin inkişaf trayektoriyasını keyfiyyətcə yeni mərhələyə yüksəltmişdir.
Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş dövlətçilik strategiyasının mühüm tərkib hissələrindən biri insan kapitalının formalaşdırılması, elmin və təhsilin milli inkişafın əsas dayaqlarından biri kimi inkişaf etdirilməsi olmuşdur. Məhz bu strateji baxış müstəqil Azərbaycanın ali təhsil sisteminin davamlı inkişafının ideoloji və institusional əsaslarını formalaşdırmışdır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi və inteqrasiya yönümlü modernləşmə siyasəti həmin strateji xəttin müasir çağırışlara uyğun şəkildə davam etdirilməsini təmin edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci ilin 3 noyabr tarixində Azərbaycan Milli Elmlər Akademiyasında etdiyi çıxışda milli inkişafımızı müəyyən edəcək strateji konsepsiyanın təqdim olunması və bu konsepsiyada elm və sənayenin birgə fəaliyyətinin əsas prioritetlərdən biri kimi vurğulanması ali təhsil müəssisələrinin qarşısında yeni və daha məsuliyyətli vəzifələr müəyyən etmişdir. Dövlət başçısının bu çıxışı ilə ölkənin dayanıqlı sosial-iqtisadi inkişafının təmin olunmasında universitet–sənaye əməkdaşlığının həlledici rolu xüsusi olaraq ön plana çəkilmiş, bilik iqtisadiyyatına keçidin əsas aparıcı qüvvəsi kimi ali təhsilin funksional rolu bir daha təsdiqlənmişdir.
Məhz bu strateji baxış kontekstində Mingəçevir Dövlət Universiteti 2025-ci il ərzində fəaliyyətini dövlət siyasətinin prioritetlərinə uyğun şəkildə quraraq, tətbiqyönümlü təhsil modelinin genişləndirilməsi, sənaye ilə inteqrasiyanın dərinləşdirilməsi, tədqiqat potensialının gücləndirilməsi və beynəlxalq akademik mühitə çıxışın sistemli şəkildə təmin olunması istiqamətində ardıcıl addımlar atmışdır. Energetika və sənaye mərkəzi kimi strateji əhəmiyyətə malik Mingəçevir şəhərində yerləşən universitet üçün bu çağırışlar MDU-nun yalnız kadr hazırlayan ali məktəb deyil, eyni zamanda regionun innovasiya, elm və intellektual inkişaf mərkəzi kimi formalaşmasını zəruri etmişdir.
Təqdim olunan bu hesabat xarakterli yazı Mingəçevir Dövlət Universitetinin 2024/2025-ci tədris ilinin yaz semestri, 2025/2026-cı tədris ilinin payız semestri və ümumilikdə 2025-ci il üzrə fəaliyyətinin əsas istiqamətlərini, əldə olunmuş nəticələri, institusional inkişaf göstəricilərini və qarşıdakı dövr üçün müəyyən edilmiş strateji hədəfləri əhatə etməklə, MDU-nun müasir ali təhsil modelinə transformasiya prosesini sistemli şəkildə əks etdirir.
Dövlət siyasətinə uyğun transformasiya yolu
Mingəçevir Dövlət Universiteti məhz bu dövlət siyasətinin prioritetlərinə uyğun şəkildə transformasiya yoluna çıxmış, ötən il ərzində həyata keçirdiyi genişmiqyaslı layihələri, sənaye əməkdaşlıqları, beynəlxalq tərəfdaşlıqlar və tədris keyfiyyətinin yüksəldilməsi ilə bağlı islahatları ilə regional ali təhsil modelinin müasir nümunəsinə çevrilmişdir. 2024/2025-ci tədris ilinin yaz semestri və 2025/2026-cı tədris ilinin payız semestri MDU üçün yalnız tədris prosesinin yenilənməsi deyil, həm də universitetin yerli potensialdan qlobal təhsil məkanına çıxış strategiyasını təsdiqləyən fundamental nəticələri ilə yadda qalmışdır.
Azərbaycan Respublikasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi və inteqrasiya yönümlü modernləşmə siyasəti ali təhsil sisteminin keyfiyyətcə yeni mərhələyə keçidini zəruri edir. Müstəqillik dövrünün insan kapitalı inkişafına əsaslanan strateji xəttinə uyğun olaraq ali məktəblər qarşısında iki əsas vəzifə dayanır: rəqabətqabiliyyətli mütəxəssis hazırlığı və bilik iqtisadiyyatına keçidin təmin edilməsi. Mingəçevir Dövlət Universiteti (MDU) bu çağırışları əsas götürərək son illər ərzində genişmiqyaslı islahatlar aparır, beynəlxalq akademik məkanda öz mövqeyini möhkəmləndirir və regionda lider universitet modelinin formalaşdırılması istiqamətində ardıcıl addımlar atır.
Tədqiqat yönümlü universitet modelinə keçid
Mingəçevir Dövlət Universitetində tədqiqat yönümlü universitet modelinə keçid insan kapitalının gücləndirilməsi və elmi potensialın sistemli şəkildə inkişaf etdirilməsi üzərində qurulmuşdur. Bu kontekstdə 2025-ci ilin iyun ayından etibarən universitetdə akademik heyətin yenilənməsi və tədris-tədqiqat mühitinin keyfiyyətcə yaxşılaşdırılması məqsədilə mühüm addımlar atılmışdır. Belə ki, sənayedə çalışan mütəxəssislər və professor-müəllim heyəti üçün 165 fənn üzrə 63 vakant yer üzrə açıq qəbul elan edilmiş, bu proses nəticəsində 100-dən çox yeni müəllim Mingəçevir Dövlət Universitetində əmək fəaliyyətinə başlamışdır. Yeni cəlb olunan kadrlar tədrislə yanaşı, tətbiqi və elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsinə də töhfə verməkdədir.
Universitetin insan kapitalının keyfiyyətcə yenilənməsi MDU-nun uzunmüddətli dayanıqlı inkişaf strategiyasının əsas istiqamətlərindən birinə çevrilmişdir. Professor-müəllim heyətinin elmi fəaliyyət göstəricilərinin yüksəldilməsi, tədqiqat institutlarının yaradılması və elmi layihələrə cəlbetmə mexanizmlərinin genişləndirilməsi tədqiqat yönümlü universitet modelinə mərhələli keçidi təmin edən başlıca amillər kimi çıxış edir. Bu yanaşma elmi tədqiqatların tədris prosesi ilə daha sıx inteqrasiyasına, tələbələrin erkən mərhələdən elmi fəaliyyətə cəlb olunmasına və innovasiya mühitinin formalaşmasına şərait yaradır.
Hazırda Mingəçevir Dövlət Universitetinin əməkdaşlarından 11 nəfəri elmlər doktoru, 34 nəfəri isə fəlsəfə doktoru proqramları üzrə respublikanın müxtəlif ali təhsil müəssisələrinin, Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutlarının, eləcə də Türkiyə Respublikasının nüfuzlu ali təhsil müəssisələrinin doktorant və ya dissertantıdır. Bu göstəricilər universitetdə elmi kadr hazırlığının ardıcıl şəkildə genişləndirildiyini, gənc tədqiqatçı nəslinin formalaşdığını və akademik resursların keyfiyyət baxımından davamlı olaraq yeniləndiyini aydın şəkildə nümayiş etdirir.
Universitet-sənaye əməkdaşlığında yeni yanaşma
Mingəçevir Dövlət Universiteti regionda ali təhsilin tətbiqyönümlü modelini daha da inkişaf etdirərək “universitet–sənaye” əməkdaşlığı üzrə yeni yanaşma tətbiq etmişdir. Bu yanaşmanın əsas məqsədi tələbələrin nəzəri biliklərini real istehsalat və iş mühiti ilə birləşdirmək, onların peşə bacarıqlarını erkən formalaşdırmaq və əmək bazarının tələblərinə uyğun rəqabətədavamlı kadrlar yetişdirməkdir. Həmçinin, bu əməkdaşlıqlar universitet və sənaye arasında qarşılıqlı məsuliyyət mexanizmini möhkəmləndirməklə regionun sosial-iqtisadi inkişafına töhfə verir.
Bu çərçivədə MDU tələbələrinin Azərbaycan İstilik Elektrik Stansiyasında (“Azərbaycan İES”) dərslərdə iştirakı onların biliklərinin istehsalat prosesləri ilə sintezini təmin etmiş, enerji mühəndisliyi üzrə praktiki səriştələrin formalaşmasına mühüm töhfə vermişdir. Real iş mühiti ilə erkən tanışlıq tələbələrin peşə fəaliyyətinə adaptasiyasını sürətləndirmiş, insan resurslarının formalaşmasında universitet və sənaye arasında qarşılıqlı məsuliyyət mexanizmini gücləndirmişdir.
Bu istiqamətdə mühüm hadisələrdən biri 24 oktyabr tarixində keçirilmiş Regional Universitet–Sənaye Birliyi Sammiti 2025 olmuşdur. Sammit regionda təhsil müəssisələrinin, dövlət qurumlarının və özəl sektorun əməkdaşlığını sistemli platformaya çevirməklə əmək bazarının ehtiyaclarına uyğun kadr hazırlığı prosesini daha funksional formata daşımışdır. Tədbirdə:
– 110 dövlət və özəl müəssisə,
– 683 vakansiya,
– 787 təcrübə proqramı,
– 90 startap layihəsi
təqdim edilmişdir. Sammit universitet gənclərinin məşğulluq, innovasiya və sahibkarlıq imkanlarının genişləndirilməsi baxımından strateji əhəmiyyət kəsb etmişdir.
Sammit çərçivəsində Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası, Azərbaycan Sahibkarlar Konfederasiyası, Azərbaycan HR İnstitutu və “Proqress” Təlim Mərkəzi ilə imzalanan əməkdaşlıq memorandumları isə MDU-nun tətbiqyönümlü təhsil xəttini daha da gücləndirmişdir. “Azəralüminium” MMC ilə əməkdaşlıq memorandumu xüsusilə mühəndislik ixtisaslarında təhsil alan tələbələr üçün yüksək texnologiyalı istehsalat mühitinə inteqrasiya baxımından əhəmiyyətli addım olmuşdur.
Bundan başqa, MDU-nun digər sektorlarda qurduğu əməkdaşlıqlar tələbələrin bilik və bacarıqlarını müxtəlif sahələrdə praktik olaraq inkişaf etdirməyə şərait yaradır. Məsələn:
  • Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) ilə əməkdaşlıq tələbələrin biznes mühitində təcrübə toplamasını, iş yarmarkalarında iştirakını və startap təşəbbüslərinin dəstəklənməsini təmin edir;
  • İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə birgə layihələr proqramlaşdırma, kibertəhlükəsizlik və rəqəmsal texnologiyalar üzrə tədris və təcrübəni gücləndirir;
  • Psixologiya Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq tələbələrin sosial və psixoloji sahələrdə praktiki bacarıqlarını inkişaf etdirir, elmi-tədqiqat layihələrinə cəlb olunmasına imkan yaradır;
  • “JOB IN GLOBAL” MMC və “Qafqaz-Qəbələ” MMC ilə beynəlxalq və regional turizm obyektlərində təcrübə proqramları tələbələrə nəzəri biliklərini praktik bacarıqlarla birləşdirmək, peşəkar inkişaf və beynəlxalq əmək bazarına inteqrasiya imkanları verir.
Beləliklə, MDU-nun universitet–sənaye əməkdaşlığı modeli yalnız tələbələrin praktiki bacarıqlarını artırmaqla kifayətlənmir, həm də regionun iqtisadi, sosial və innovasiya potensialının inkişafına xidmət edir. Bu yanaşma tələbələrin karyera imkanlarını genişləndirir, ali təhsildə tətbiqyönümlü təcrübəni sistemləşdirir və universitetin strateji məqsədlərindən biri olan əmək bazarına hazırlıqlı, rəqabətədavamlı mütəxəssislərin yetişdirilməsini təmin edir.
Regiondan qlobala yüksələn universitet modeli
Hesabat dövründə Mingəçevir Dövlət Universitetində həyata keçirilən fəaliyyətlər göstərdi ki, universitetin inkişaf xətti abstrakt konsepsiyalar deyil, konkret nəticələr və real tətbiqlər üzərində qurulub. Bu dövrdə MDU-da tədris prosesi ilk dəfə olaraq birbaşa sənaye, bank sektoru, informasiya texnologiyaları və xidmət sahələrinin real iş mexanizmləri ilə eyni müstəvidə formalaşdırılıb.
Turizm ixtisasları üzrə yaradılan “Tourism Skills Lab” laboratoriyası bu yanaşmanın ən bariz nümunələrindən biridir. “ElektraWeb”, “Opera”, “HBO” kimi beynəlxalq otelçilik proqramlarının tədrisə inteqrasiyası tələbələrə turizm sahəsini nəzəri deyil, real əməliyyatlar üzərindən öyrənmək imkanı yaradıb. Qonaqların qeydiyyatı, rezervasiya, xidmətlərin idarə olunması, analitik hesabat və PMS inteqrasiyası kimi proseslərin laboratoriya şəraitində praktiki şəkildə icrası MDU-da turizm tədrisinin mahiyyətcə dəyişdiyini göstərir. Bu prosesin davamı olaraq müəllim heyətinin Türkiyəli mütəxəssislər tərəfindən təlimlərə cəlb edilməsi tədrisin dayanıqlı və aktual qalmasına xidmət edir.
Eyni zamanda, Kapital Bank ilə əməkdaşlıq çərçivəsində yaradılan “Birbank Fintech” laboratoriyası MDU-da maliyyə və iqtisadiyyat ixtisasları üzrə tədrisin praktiki əsaslar üzərində qurulmasına imkan verib. Rəqəmsal bankçılıq, maliyyə texnologiyaları və fintech yanaşmaları ilk dəfə olaraq laboratoriya mühitində tədris olunmağa başlanıb, tələbələr üçün real bank sektorunda istehsalat təcrübəsi mexanizmi formalaşdırılıb. Bu, universitet–əmək bazarı əlaqəsinin formal deyil, funksional səviyyədə qurulduğunu göstərir.
İnformasiya texnologiyaları sahəsində isə MDU-nun “Cisco Networking Academy”nin rəsmi akademik tərəfdaşı statusunu qazanması universitetin regionda rəqəmsal bacarıqlar üzrə mövqeyini əsaslı şəkildə gücləndirib. CCNA, proqramlaşdırma, Linux, Cloud Security, süni intellekt, məlumat elmi və kibertəhlükəsizlik üzrə beynəlxalq standartlara uyğun kursların tədrisə daxil edilməsi həm fənn proqramlarının, həm də sillabusların tamamilə yenilənməsinə səbəb olub. Bu əməkdaşlıq nəticəsində tələbələr yalnız diplom deyil, qlobal əmək bazarında tanınan sertifikatlar əldə etmək imkanı qazanıblar.
Sadalanan nümunələr göstərir ki, Mingəçevir Dövlət Universiteti artıq klassik ali təhsil modeli ilə kifayətlənmir. Universitet tədris proqramlarını real sektorun tələblərinə uyğun yeniləyir, laboratoriya və tədris mühitini beynəlxalq proqramlarla təmin edir, müəllim heyətini isə davamlı olaraq sənaye və texnologiya əsaslı biliklərlə gücləndirir. Bu yanaşma MDU-nu region üçün sadəcə təhsil verən qurum deyil, praktiki bacarıqlar formalaşdıran, əmək bazarına birbaşa inteqrasiya olunan və tətbiqyönümlü ali təhsil modeli təqdim edən universitetə çevirir.
Qarşıdakı dövrdə bu xəttin genişləndirilməsi, yeni sənaye tərəfdaşlıqlarının qurulması, tətbiqi laboratoriyaların sayının artırılması və beynəlxalq proqramların tədrisə inteqrasiyası Mingəçevir Dövlət Universitetinin inkişaf strategiyasının əsasını təşkil edir. Bu strategiya universitetin yalnız regional deyil, milli ali təhsil sistemində də funksional və nəticəyönümlü model kimi mövqeyini möhkəmləndirir.
Cambridge modeli üzrə tədrisə keçid və xarici dil bacarıqlarının gücləndirilməsi
2025-ci ildə Mingəçevir Dövlət Universitetində xarici dillərin tədrisi və qiymətləndirilməsi sahəsində konkret nəticələrə əsaslanan struktur dəyişikliklərinə başlanılıb. Bu istiqamətdə əsas addım 8 may 2025-ci il tarixində “Cambridge University Press & Assessment” təşkilatının Azərbaycandakı rəsmi nümayəndəsi ITAC (International Training and Assessment Center) ilə əməkdaşlığa dair Niyyət Protokolunun imzalanması olub.
İmzalanmış sənədə əsasən MDU-da ingilis dili üzrə tədris planlarının və fənn sillabuslarının Cambridge standartlarına uyğunlaşdırılması, müəllim və tələbələrin TKT (Teaching Knowledge Test) və digər “Cambridge Qualifications” imtahanlarında iştirakı, eləcə də ingilis dili ixtisasları üzrə proqramların birgə hazırlanması qərara alınıb. Əməkdaşlıq çərçivəsində universitetdə Cambridge Resurs Mərkəzinin yaradılması, rəsmi Cambridge imtahanlarının MDU-da təşkili və region üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur. Eyni zamanda imtahanlarda yüksək nəticə göstərən 5 tələbə və 2 müəllimin Londonda Yay Məktəbində universitet hesabına təkmilləşdirmə kurslarında iştirakı planlaşdırılıb.
Cambridge modelinə keçidin ilk praktik mərhələsi olaraq 9 iyul 2025-ci il tarixində MDU-da ingilis dili fənlərini tədris edən müəllimlər üçün özünü sınaq (self-assessment) mərhələsi təşkil edilib. Bu mərhələdə müəllimlərin dil bilikləri, metodik hazırlığı və Cambridge yanaşmasına uyğun pedaqoji bacarıqları qiymətləndirilib. Nəticələrə əsasən hər bir müəllim üçün Cambridge Assessment tərəfindən fərdi inkişaf tövsiyələri təqdim olunub. 10 iyul tarixində isə TKT Module 1 imtahanı keçirilib.
Nəticə olaraq universitetin Xarici dillər kafedrasının bir qrup müəllimi TKT Module 1 və Module 2 imtahanlarında uğurla iştirak edərək beynəlxalq sertifikatlar qazanıblar. Hazırda digər müəllimlərin də imtahan mərhələlərində iştirakı davam edir. ITAC rəhbərliyi tərəfindən müəllimlərin dərslərinin müşahidə olunması və peşəkar inkişaf üzrə aparılan təhlillər əməkdaşlığın tətbiqi xarakter daşıdığını göstərir.
Qeyd edək ki, Cambridge modeli 2025/2026-cı tədris ilindən etibarən ilk olaraq “Xarici dil müəllimliyi” və “Dil və ədəbiyyat müəllimliyi” ixtisaslarının I kurslarında tətbiq ediləcək. Müvafiq fənlərin sillabusları, qiymətləndirmə mexanizmləri və dərs vəsaitləri rəsmi nümayəndəlik tərəfindən təmin olunacaq.
Bununla paralel olaraq, British Council və Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə MDU-da akademik və inzibati heyət üzvləri üçün “İngilis dilinin qiymətləndirilməsi və tədrisi” layihəsi həyata keçirilir. Layihə çərçivəsində 40 nəfərədək əməkdaş British Council tərəfindən keçirilən səviyyə imtahanlarından sonra 6 ay müddətində, 160 akademik saatlıq, hibrid və ödənişsiz ingilis dili və metodika təlimlərinə cəlb olunub.
Bu addımlar Mingəçevir Dövlət Universitetində xarici dil tədrisinin təsadüfi təşəbbüslər deyil, mərhələli, ölçülə bilən və nəticəyönümlü beynəlxalq model əsasında qurulduğunu göstərir və tədrisin keyfiyyətinə birbaşa təsir edən real mexanizmlər formalaşdırır.
Strateji hədəflərin nəticələrə çevrildiyi akademik il
2024/2025-ci tədris ilinin yaz semestri və 2025/2026-cı tədris ilinin payız semestri MDU üçün yalnız növbəti akademik il deyil, universitetin strateji hədəflərinin real nəticələrlə ölçüldüyü, yeni tərəfdaşlıqların qurulduğu, sənaye ilə inteqrasiyanın daha da dərinləşdiyi, ali təhsilin beynəlxalq standartlarına uyğun modelin tətbiq olunduğu inkişaf mərhələsi olmuşdur. Hesabat dövründə universitetin fəaliyyət göstəricilərində sabit artım müşahidə olunur və bu artım reallaşdırılan struktur islahatlarının, idarəetmədə çevik qərar mexanizmlərinin, rəqəmsallaşma proseslərinin, beynəlxalq tərəfdaşlıqların və elmi mühitin gücləndirilməsinin nəticəsidir.
“Məzun Günü 2025” və ictimai nüfuzun möhkəmlənməsi
Cari ilin 30 iyun tarixində keçirilən “Məzun Günü 2025” isə universitet həyatının təntənəli hadisələrindən biri olmuş, 878 məzunun universiteti uğurla başa vurması ilə yanaşı, tədbirdə dövlət qurumlarının nümayəndələrinin, şəhid ailələrinin və geniş ictimaiyyətin iştirakı MDU-nun ictimai nüfuzunu və milli dəyərlərə sadiqliyini bir daha təsdiqləmişdir. Yeni infrastruktur, innovativ laboratoriyalar, sosial-mədəni layihələr və yaşıl kampus təşəbbüslərinin sintezi MDU-nu müasir ali təhsil məkanı üçün nümunəvi modelə çevirməkdədir.
Tələbə kontingentinin artımı və keyfiyyət göstəriciləri
Universitetdə tələbə kontingentinin ardıcıl şəkildə genişlənməsi və kadr hazırlığının keyfiyyət göstəricilərində müşahidə olunan yüksəliş ali təhsil müəssisəsinin inkişaf strategiyasının uğurlu tətbiqinin real nəticələridir. 2024-cü ildə universitetdə ümumilikdə 4121

tələbə təhsil aldığı halda, 2025-ci ildə bu rəqəmin 5834-ə çatması MDU-nun region və ölkə üzrə artan nüfuzunun əyani göstəricisidir. Struktur üzrə müqayisəli dinamika göstərir ki, bakalavr səviyyəsində təhsil alanların ümumi sayı 2024-cü ildə 4832 nəfər olduğu halda, 2025-ci ildə 5522 nəfərə yüksəlmişdir. Eyni zamanda, magistratura səviyyəsində təhsil alanların sayı 2024-cü ildə 289 nəfərdən 2025-ci ildə 312 nəfərə çatmışdır.
Elmi potensial və akademik kadrların inkişafı
2025-ci ildə ali təhsil sektorunda elmi-pedaqoji fəaliyyətin inkişafı istiqamətində Mingəçevir Dövlət Universitetinin iki əməkdaşına dosent elmi adı verilmişdir. Bu nailiyyət universitetdə akademik kadrların elmi fəaliyyətinin stimullaşdırıldığını, peşəkar inkişafın və akademik pillələr üzrə irəliləyişin sistemli şəkildə dəstəkləndiyini nümayiş etdirir. Elmi ad və dərəcələrin əldə olunması istiqamətində yaradılan əlverişli mühit MDU-da tədrisin keyfiyyətinin yüksəldilməsinə və elmi potensialın davamlı inkişafına mühüm töhfə verir.
Eyni zamanda, universitetin akademik heyətinin yaş strukturu insan kapitalının strateji şəkildə formalaşdırıldığını göstərir. Belə ki, ümumi akademik heyət tərkibində 88 nəfərin 30 yaşadək, 88 nəfərin isə 40 yaşadək olması Mingəçevir Dövlət Universitetində gənc, dinamik və inkişafyönümlü müəllim korpusunun formalaşdırıldığını təsdiqləyir. Bu göstərici innovativ tədris metodlarının tətbiqi, yeni elmi yanaşmaların təşviqi və tədqiqat yönümlü universitet modelinin dayanıqlı şəkildə reallaşdırılması baxımından mühüm üstünlük kimi qiymətləndirilir.
Hesabat dövründə Mingəçevir Dövlət Universitetinin elmi nəşr fəaliyyəti üzrə mühüm irəliləyiş əldə olunmuşdur. Universitetin “Dayanıqlı inkişaf” multidisiplinar elmi jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tarix və Antropologiya elmləri üzrə məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxil edilmişdir. Qeyd edək ki, jurnal bundan əvvəl AAK-ın İqtisad elmləri üzrə müvafiq siyahısında yer almışdır. Hazırda jurnalın növbəti buraxılışı üçün məqalə qəbulu davam edir.
Beynəlxalq indeksli elmi nəticələr
Elmi nəticələrin beynəlxalq səviyyədə tanınması baxımından Mingəçevir Dövlət Universiteti 2025-ci ildə mühüm irəliləyiş nümayiş etdirmişdir. Hesabat ilində universitet tədqiqatçılarının 9 elmi məqaləsi Web of Science, 17 elmi məqaləsi isə Scopus beynəlxalq elmi bazalarında indeksləşdirilmişdir. Bu nəticələr MDU-da aparılan elmi-tədqiqat işlərinin keyfiyyətinin yüksəldiyini, tədqiqat mövzularının aktual və beynəlxalq elmi gündəliklə uzlaşdığını göstərir.
Beynəlxalq indeksli nəşrlərin artması universitetin elmi potensialının güclənməsinə, tədqiqatçıların qlobal akademik şəbəkələrə inteqrasiyasına və müxtəlif elm sahələri üzrə elmi əməkdaşlıqların genişlənməsinə imkan yaratmışdır. Eyni zamanda, əldə olunan göstəricilər Mingəçevir Dövlət Universitetinin beynəlxalq elmi dövriyyədə mövqeyinin möhkəmlənməsinə və elmi nüfuzunun ardıcıl şəkildə artmasına töhfə vermişdir.
Elmi-tədqiqat institutlarının yaradılması
Mingəçevir Dövlət Universitetində elmi fəaliyyətin keyfiyyətcə yeni mərhələyə yüksəldilməsi, tədqiqat mühitinin institusional əsaslarının möhkəmləndirilməsi və universitetin innovasiya yönümlü inkişaf strategiyasının reallaşdırılması məqsədilə 2025-ci ilin iyul ayında iki yeni elmi-tədqiqat institutu yaradılmışdır. Bu təşəbbüs MDU-da elmin təşkili və idarə olunmasına sistemli yanaşmanın formalaşdırılmasına, tədqiqatların vahid strategiya əsasında əlaqələndirilməsinə və elmi potensialın daha səmərəli istifadəsinə xidmət edir.
Yaradılmış Süni İntellekt və Rəqəmsal Texnologiyalar İnstitutu universitetin rəqəmsal transformasiya istiqamətində müəyyən etdiyi prioritetlərin praktik təcəssümüdür. İnstitut çərçivəsində süni intellekt, maşın öyrənməsi, böyük verilənlərin analitikası, kibertəhlükəsizlik, rəqəmsal sistemlər və müasir informasiya texnologiyaları sahələrində fundamental və tətbiqi elmi tədqiqatların aparılması nəzərdə tutulur. Eyni zamanda institut sənaye və dövlət qurumları ilə əməkdaşlıq əsasında innovativ həllərin hazırlanmasına, startap təşəbbüslərinin dəstəklənməsinə və tələbələrin tədqiqat prosesinə fəal cəlb olunmasına şərait yaradır.
Tədqiqat və İnkişaf İnstitutu isə universitetdə sosial, humanitar və tətbiqi elmlər üzrə elmi araşdırmaların genişləndirilməsi, multidissiplinar tədqiqat layihələrinin təşviqi və elmi fəaliyyətin koordinasiyalı şəkildə idarə olunması məqsədi daşıyır. İnstitut elmi layihələrin hazırlanması və icrası, beynəlxalq qrant proqramlarında iştirak, elmi nəşr fəaliyyətinin gücləndirilməsi və tədqiqat nəticələrinin praktik tətbiqinin təmin edilməsi istiqamətində mühüm funksiyalar yerinə yetirir. Bununla yanaşı, institut universitet–cəmiyyət–istehsalat əlaqələrinin möhkəmləndirilməsinə xidmət edən tədqiqatların aparılmasını da prioritet hesab edir.
Ümumilikdə, bu iki elmi-tədqiqat institutunun fəaliyyəti Mingəçevir Dövlət Universitetində müasir tədqiqat ekosisteminin formalaşdırılmasını sürətləndirməklə yanaşı, elmi fəaliyyətin davamlı və nəticəyönümlü xarakter almasına şərait yaradır. Sözügedən institutlar MDU-nun milli elmi prioritetlərə töhfə verməsini, beynəlxalq elmi əməkdaşlıqlarda daha fəal iştirakını və regionun innovativ inkişafında aparıcı akademik mərkəzə çevrilməsini təmin edən mühüm intellektual platformalar kimi çıxış edir.
Qlobal reytinqlərdə irəliləyiş və yaşıl inkişaf strategiyası
MDU-nun elmi fəaliyyətinin beynəlxalq tanınmasının daha bir təsdiqi universitetin “UI GreenMetric World University Rankings 2025” qlobal reytinqində əldə etdiyi nəticədir. MDU bu il dünya üzrə 897-ci, Azərbaycan üzrə isə ilk TOP10-luqda – 9-cu yerdə qərarlaşmışdır. Universitetin ümumi reytinq xalı 2024-cü illə müqayisədə 5040-dan 5572.5-ə yüksələrək 10.5% artım nümayiş etdirmişdir. Bu irəliləyiş universitetin “yaşıl kampus”, ekoloji məsuliyyət, dayanıqlı inkişaf və resursların səmərəli idarə olunması strategiyalarının ardıcıl şəkildə həyata keçirildiyini sübut edir.

Akademik heyətin gəncləşməsi, tədqiqat institutlarının fəaliyyəti, beynəlxalq indeksli məqalələrin çoxalması, yaşıl inkişaf strategiyası üzrə qlobal reytinqlərdə yüksəliş, bütün bu göstəricilər Mingəçevir Dövlət Universitetinin tədqiqat yönümlü, rəqəmsal və innovativ ali təhsil modeli üzrə inkişaf etdiyini təsdiq edir və universitetin 2030 vizionuna doğru mühüm elmi dayaqlar formalaşdırır.
Əmək bazarına uyğun ixtisaslaşma və tətbiqyönümlü təhsil
Mingəçevir Dövlət Universitetində müşahidə olunan sürətli inkişaf dinamikası tədris mühitində aparılan ardıcıl modernləşmə tədbirləri, tətbiqyönümlü ixtisasların aktuallaşdırılması və universitet–sənaye əməkdaşlığının genişləndirilməsi ilə bilavasitə bağlıdır. Bu istiqamətdə aparılan islahatlar ali təhsilin real əmək bazarının tələblərinə uyğunlaşdırılmasını, məzunların praktiki bacarıqlarla təmin olunmasını və peşəkar adaptasiya imkanlarının artırılmasını hədəfləyir.
Universitet–sənaye əməkdaşlığı çərçivəsində mövcud ixtisaslar, onların məzmunu, tədris edilən fənlər üzrə sillabuslar və təhsil proqramları yenidən nəzərdən keçirilmiş, müasir istehsalat və xidmət sahələrinin ehtiyaclarına uyğun şəkildə təkmilləşdirilmişdir. Bu prosesə sənaye müəssisələrinin, işəgötürənlərin və sahə üzrə mütəxəssislərin cəlb olunması tədris proqramlarının praktik yönümlülüyünü artırmış, fənlərdə real iş mühitini əks etdirən tətbiqi modulların payı genişləndirilmişdir.
MDU-da ixtisaslaşma strukturu əmək bazarının çağırışlarına uyğun olaraq çevik formada yenilənmiş, bunun bariz nümunəsi kimi “Kimya müəllimliyi” proqramı optimallaşdırılaraq daha interdisiplinar yanaşmanı əks etdirən “Kimya-biologiya müəllimliyi” ixtisası ilə əvəz edilmişdir. Eyni zamanda süni intellekt, kibertəhlükəsizlik, data analitikası, enerji səmərəliliyi, logistika və turizm kimi strateji sahələr üzrə kadr hazırlığının genişləndirilməsi universitetin inkişaf strategiyasında prioritet istiqamətlərdən birinə çevrilmişdir.
Bu yanaşma beynəlxalq mübadilə və akademik mobillik imkanlarının şaxələnməsi ilə yanaşı, MDU-nun regionun sosial-iqtisadi inkişafına töhfə verən, praktik bilik və bacarıqlara malik rəqabətqabiliyyətli mütəxəssislər yetişdirən ali təhsil müəssisəsi kimi mövqeyini daha da gücləndirmişdir.
İnnovativ infrastruktur və rəqəmsal tədris mühiti
MDU-da tədris mühitinin modernləşdirilməsi istiqamətində 2024/2025-ci tədris ilində atılan innovativ addımlar universitetin regional ali təhsil sistemində lider mövqeyini daha da möhkəmləndirmişdir. Yeni infrastrukturun istifadəyə verilməsi, laboratoriyaların yenilənməsi və “yaşıl kampus” modelinə keçid MDU-nun strateji inkişaf xəttinin əsas komponentlərinə çevrilmişdir. Turizm ixtisaslarında təhsil alan tələbələr üçün Türkiyənin qabaqcıl şirkətlərinin dəstəyi ilə yaradılmış “Tourism Skills Lab” tətbiqyönümlü biliklərin formalaşdırılmasında yeni mərhələ açmış, “ElektraWeb”, “Opera”, “HBO” kimi beynəlxalq PMS sistemlərinin praktiki tədrisini mümkün etmişdir. İnformasiya texnologiyaları sahəsində isə universitet regionda ilk dəfə olaraq “Cisco Networking Academy” statusu qazanmış, bununla da qlobal şəbəkə texnologiyalarının tədrisi üzrə beynəlxalq tərəfdaşlıq platforması yaratmışdır.
MDU-da elektron imtahan modelinin tətbiqi və qiymətləndirmə mexanizmlərinin rəqəmsallaşdırılması
Mingəçevir Dövlət Universitetində imtahan prosesinin müasirləşdirilməsi, obyektivliyin və şəffaflığın artırılması məqsədilə elektron imtahan modelinin tətbiqi və qiymətləndirmə mexanizmlərinin rəqəmsallaşdırılması istiqamətində ardıcıl və sistemli addımlar atılmışdır. Tələbələrlə aparılan görüşlər, daxil olan müraciətlər və təhlillər əsasında imtahan sisteminin təkmilləşdirilməsinə dair yeni qərarlar qəbul edilmiş, tədris və qiymətləndirmə prosesinin rəqəmsal əsasda idarə olunmasına başlanılmışdır.
Qəbul edilmiş qərarlara uyğun olaraq universitetdə bütün fakültə və kafedralar üzrə elektron jurnala tam keçid təmin edilmiş, qiymətləndirmə prosesinin standartlaşdırılması və tələbə–müəllim münasibətlərinin rəqəmsal formatda izlənməsi mümkün olmuşdur. Eyni zamanda, imtahanların mərkəzləşdirilmiş, şəffaf və nəzarət olunan mühitdə təşkili məqsədilə Elektron İmtahan Mərkəzinin yaradılması planlaşdırılmış və bununla bağlı institusional baza formalaşdırılmışdır. Tələbələrin imtahanlara hazırlıq imkanlarının genişləndirilməsi üçün test banklarının əvvəlcədən təqdim edilməsi, mühəndislik ixtisaslarında pilot imtahanların tətbiqi, imtahan prosesi üzrə “Qaynar xətt” xidmətinin yaradılması və Elektron Təcrübə Portalının qurulması nəzərdə tutulmuşdur. Bundan əlavə, magistr dissertasiyalarının müdafiəsində sənaye nümayəndələrinin iştirakı və tələbələr üçün əlavə hazırlıq seminarlarının təşkili də qərara alınmışdır.
Elektron imtahan modelinin praktiki tətbiqi mərhələsinə də start verilmişdir. Belə ki, 2025/2026-cı tədris ilinin payız semestrindən etibarən bakalavriat və magistratura səviyyələrində 15 imtahan pilot layihə çərçivəsində kompüter əsaslı elektron formatda təşkil ediləcəkdir. Xüsusilə informasiya texnologiyaları və mühəndislik yönümlü fənlər üzrə sessiya imtahanlarının elektron formada keçirilməsi planlaşdırılır. Elektron imtahan modeli nəticələrin operativ emalına, qiymətləndirmədə şəffaflığın təmin olunmasına və imtahan prosesinə nəzarətin gücləndirilməsinə imkan yaradır.
Həyata keçirilən bu islahatlar MDU-da rəqəmsal idarəetmənin gücləndirilməsi, keyfiyyət təminatı sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması, akademik şəffaflığın artırılması və tələbə məmnunluğunun yüksəldilməsi baxımından kompleks institusional mərhələni ifadə edir. Eyni zamanda, bu dəyişikliklər ali təhsil müəssisəsinin rəqabətqabiliyyətliliyini artırmaqla MDU-nun regionda innovativ və müasir ali təhsil mərkəzi kimi mövqeyini daha da möhkəmləndirir.
Beynəlxalq əməkdaşlığın institusional genişləndirilməsi və strateji tərəfdaşlıqlar
2025/2026-cı tədris ilindən etibarən Mingəçevir Dövlət Universitetində beynəlxalq əməkdaşlığın genişləndirilməsi və keyfiyyətcə yeni mərhələyə keçirilməsi universitetin inkişaf strategiyasının əsas prioritet istiqamətlərindən biri olmuşdur. Bu çərçivədə beynəlxalq tərəfdaşlıq fəaliyyətləri sistemli yanaşma əsasında qurulmuş, yeni Anlaşma və Əməkdaşlıq Memorandumlarının imzalanması, mövcud əməkdaşlıqların dərinləşdirilməsi və praktik nəticəyönümlü mexanizmlərin formalaşdırılması təmin edilmişdir.
Hesabat dövründə xarici tərəfdaşlarla imzalanmış çoxsaylı sənədlərin əsas məqsədi tələbə və müəllim mübadiləsinin genişləndirilməsi, birgə elmi-tədqiqat işlərinin aparılması, beynəlxalq və regional layihələrin hazırlanması, ikili və birgə diplom proqramlarının təşkili, eləcə də tədris proqramlarının uyğunlaşdırılması olmuşdur. Bu sənədlər formal xarakter daşımamış, konkret fəaliyyət planları və icra mexanizmləri ilə müşayiət edilmişdir.
Türkiyə Cümhuriyyətinin aparıcı ali təhsil müəssisələri ilə qurulan əməkdaşlıqlar beynəlxalqlaşma strategiyasının əsas istiqamətini təşkil etmişdir. Dokuz Eylül Universiteti və Ege Universiteti ilə imzalanmış sənədlər çərçivəsində elmi-tədqiqat sahəsində əməkdaşlıq, akademik mobillik, ortaq konfrans və seminarların təşkili, eləcə də ikili diplom modellərinin tətbiqi üzrə razılaşmalar əldə edilmişdir. Ankara Hacı Bayram Veli Universiteti ilə magistratura səviyyəsində “Turizm və hotelçilik” ixtisası üzrə ikili diplom proqramının təsis edilməsi universitetdə beynəlxalq təhsil modellərinin tətbiqinə dair mühüm praktik addım olmuşdur. Mühəndislik və tətbiqi elmlər sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə Gazi Universiteti ilə “Kompüter mühəndisliyi” ixtisası üzrə bakalavriat səviyyəsində ikili diplom proqramının hazırlanmasına başlanılmış, tədris planlarının uyğunlaşdırılması və işçi qruplarının formalaşdırılması barədə razılıq əldə edilmişdir. TED Universiteti ilə imzalanmış Anlaşma Memorandumu isə rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik, böyük verilənlər və innovativ idarəetmə sahələrində birgə layihələrin icrasına yönəlmişdir.
Sənaye yönümlü tədris modelinin inkişafı baxımından OSTİM Texniki Universiteti ilə qurulan əməkdaşlıq xüsusi əhəmiyyət kəsb etmişdir. “Universitet–Sənaye” modelinin tətbiqi, birgə laboratoriyaların yaradılması, startap və innovasiya layihələrinin icrası, eləcə də tələbələrin real istehsalat mühitində praktiki bacarıqlar qazanması istiqamətində imkanlar formalaşdırılmışdır.
Beynəlxalq akademik mobilliyin genişləndirilməsi məqsədilə MDU ilk dəfə olaraq “Orhun Mübadilə Proqramı” çərçivəsində tələbə və müəllim mübadiləsi üzrə qəbul elan etmişdir. Bu addım universitetin beynəlxalq mübadilə mexanizmlərinin institusional əsaslarla tətbiqinə keçdiyini göstərir. 6 tələbənin bir semestrlik, 5 müəllimin isə qısamüddətli akademik mübadilə proqramlarında iştirakı təmin edilmişdir. Mübadilələr Türkiyənin və türk dünyasının nüfuzlu universitetlərini əhatə etmiş, tədris planlarının uyğunlaşdırılması və kreditlərin tanınması mexanizmləri tətbiq olunmuşdur.
Regional əməkdaşlıq istiqamətində Özbəkistan Respublikasının ali təhsil müəssisələri ilə aparılan danışıqlar və görüşlər MDU-nun Türk dünyası ali təhsil məkanında mövqeyinin gücləndirilməsinə xidmət etmişdir. 2025-ci ilin may ayında keçirilmiş “Study in Azerbaijan” sərgisində MDU təmsil edilmiş, Özbəkistanın ali təhsil, elm və innovasiyalar nazirinin birinci müavini Şaxrux Daliyev və Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini İdris İsayev universitetin tədris imkanları və beynəlxalq əməkdaşlıq perspektivləri barədə məlumat almışlar. Bu sərgi MDU-nun beynəlxalq təhsil əməkdaşlığında yeni mərhələyə qədəm qoymasına geniş imkan yaratmışdır.
Həmçinin, MDU 28–29 may tarixlərində Əndican şəhərində keçirilmiş “Azərbaycan–Özbəkistan: Ali təhsildə əməkdaşlığın inkişafında prioritet istiqamətlər” mövzusunda Birinci Rektorlar Forumunda təmsil olunmuş MDU və Özbəkistanın aparıcı ali təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsi, ikili diplom proqramları, birgə elmi tədqiqatlar və akademik əlaqələrin gücləndirilməsi istiqamətində protokolların imzalanmasını təmin etmişdir. Buna uyğun olaraq Səmərqənd Dövlət Universiteti, Əndican Xarici Dillər Universiteti və Daşkənd Dövlət Pedaqoji Universiteti ilə əməkdaşlıq protokolları həyata keçirilmişdir.
Türkiyə və Özbəkistan istiqamətində həyata keçirilmiş beynəlxalq əməkdaşlıq həm akademik, həm elmi, həm də humanitar sahələrdə konkret nəticələr vermiş, MDU-nun beynəlxalq rəqabətqabiliyyətinin artırılması, tətbiqyönümlü təşəbbüslərin genişləndirilməsi və qlobal akademik mühitə inteqrasiyası istiqamətində sistemli töhfə təmin etmişdir. Bu çərçivədə həm tələbələr, həm də müəllimlər beynəlxalq təcrübə, mübadilə, birgə layihə və seminar imkanlarından faydalanmış, universitet tərəfdaşlıq münasibətlərini institusional əsaslarla möhkəmləndirmişdir.
Sosial innovasiya və tələbə rifahı
MDU-da tələbə həyatının sağlam həyat tərzi, ekoloji məsuliyyət və gender bərabərliyi kimi müasir istiqamətlərə uyğunlaşdırılması məqsədilə həyata keçirilmiş “Velo-Park: Sağlam Gənclik, Yaşıl Kampus” layihəsi 2024/2025-ci tədris ilinin sosial innovasiya baxımından ən mühüm hadisələrindən biri olmuşdur. Regionda ilk dəfə olaraq yalnız qız tələbələr üçün təşkil edilən genişmiqyaslı veloyürüş layihəsi həm miqyasına, həm konseptual yeniliyinə, həm də yaratdığı sosial təsirə görə nümunəvi təşəbbüs hesab olunur. MDU qız tələbələri üçün 70 velosiped, təhlükəsizlik məqsədilə 70 kask Azərbaycan Velosiped İdmanı Federasiyası (AzViF) tərəfindən universitetə hədiyyə edilmişdir. Bu dəstək MDU-da sağlam həyat tərzinin təşviqi, tələbələr arasında idman mədəniyyətinin genişləndirilməsi və qızların idmana marağının artırılması baxımından strateji əhəmiyyət daşıyır.
Tədbirin açılış mərasimində Gənclər və İdman naziri Fərid Qayıbov və AzViF-in vitse-prezidenti Fikrət Hüseynov iştirak etmiş, MDU-nun qız tələbələri ilə görüşərək layihənin region gənclərinin fəallığına və kampus həyatının sağlamlaşdırılmasına verəcəyi töhfələri yüksək qiymətləndirmişlər. Nazirlik səviyyəsində nümayiş olunan dəstək layihənin yalnız idman təşəbbüsü deyil, həm də ekoloji davranış, yaşıl nəqliyyat vərdişləri və gender inklüzivliyi baxımından mühüm sosial mesaj daşıdığını göstərmişdir.
“Davamlı İnkişaf Strategiyası” beynəlxalq elmi platformaya çevrilən III Beynəlxalq Konfrans
2025-ci ilin 6–8 dekabr tarixlərində Mingəçevir Dövlət Universitetinin ev sahibliyi ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən “Davamlı İnkişaf Strategiyası: Qlobal Trendlər, Milli Təcrübələr və Yeni Hədəflər” III Beynəlxalq Konfransı ali təhsil müəssisəsinin il ərzində həyata keçirdiyi fəaliyyətlər arasında ən genişmiqyaslı elmi hadisə olmaqla MDU-nun beynəlxalq akademik məkanla inteqrasiyasının simvoluna çevrilmişdir. Konfransın miqyası, elmi yükü və iştirakçı spektrinin genişliyi MDU-nun elmi nüfuzunun qısa zamanda yüksəlməsini təsdiqləyən faktlar sırasında xüsusi yer tutur. Tədbirə dünyanın 19 ölkəsindən, həmçinin Azərbaycanın 24 universitet və elmi-tədqiqat qurumundan alim və ekspertlərin qatılması, 600-dən çox elmi tezis və məqalənin təqdim edilməsi konfransı regionda keçirilmiş ən irimiqyaslı elmi forumlardan birinə çevirmişdir. Bu statistika konfransın həm məzmun, həm də coğrafi baxımdan beynəlxalq səviyyədə cazibədarlığının artdığını və MDU-nun elmi platforma kimi qəbul edildiyini göstərir.
Konfrans çərçivəsində müxtəlif elm sahələrini əhatə edən panel müzakirələri, tematik elmi sessiyalar və xüsusi olaraq tədqiqatçıların peşəkar inkişafına yönəlmiş “Yüksək impaktlı jurnallarda dərc” mövzusunda vörkşoplar təşkil edilmişdir. Bu tədbirlər yerli və xarici tədqiqatçıların elmi kommunikasiya bacarıqlarının inkişafına, qlobal elmi nəşr tələblərinin mənimsənilməsinə və beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinə real töhfə vermişdir. Konfrans çərçivəsində mühüm hadisələrdən biri də Azərbaycan Texniki Universiteti (AzTU) və MDU arasında elektroenergetika tədqiqat klasteri üzrə Strateji Əməkdaşlıq Memorandumunun imzalanması olmuşdur. Bu memorandum ölkədə enerji mühəndisliyi, elektroenergetika və yaşıl enerji tədqiqatları sahəsində yeni sinerji yaratmaqla həm universitetlərin araşdırma potensialının güclənməsinə, həm də sənaye ilə birgə innovativ həllərin formalaşmasına zəmin hazırlayır. III Beynəlxalq Konfrans MDU-nun elmi siyasətinin yeni mərhələsini müəyyənləşdirərək universiteti yalnız regional deyil, həm də beynəlxalq elmi diskursun fəal iştirakçısı kimi mövqeləndirmişdir.
Tələbələrin vətənpərvər ruhda yetişdirilməsi və milli-mənəvi dəyərlərin təbliği
Hesabat dövründə Mingəçevir Dövlət Universitetində tələbələrin vətənpərvər ruhda formalaşdırılması, milli-mənəvi dəyərlərə hörmətin aşılanması, Ümummilli lider Heydər Əliyevin zəngin irsinin və Azərbaycanın tanınmış şəxsiyyətlərinin təbliği universitetin əsas prioritet istiqamətlərindən biri kimi davam etdirilmişdir. Bu istiqamətdə həyata keçirilən tədbirlər gənclərin milli kimlik şüurunun möhkəmləndirilməsinə, tarixi yaddaşın qorunmasına və vətəndaş məsuliyyətinin gücləndirilməsinə xidmət etmişdir.
Universitetdə şəhidlərin əziz xatirəsinin daim uca tutulması məqsədilə mütəmadi olaraq şəhid ailələri və Şəhidlər xiyabanları ziyarət edilmiş, Vətən müharibəsi qəhrəmanlarının həyat və döyüş yoluna həsr olunan təqdimatlar, anım tədbirləri, kitab və film nümayişləri təşkil olunmuşdur. Bu fəaliyyətlər çərçivəsində şəhid məzunların igidliyi gənclər üçün nümunə kimi təqdim edilmiş, vətənə sədaqət, fədakarlıq və milli birlik dəyərləri ön plana çəkilmişdir.
Eyni zamanda, Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümləri münasibətilə elmi konfranslar, idman yarışları, bədii yaradıcılıq festivalları və mədəni-kütləvi tədbirlər keçirilmiş, Ulu Öndərin dövlətçilik fəlsəfəsi, milli ideologiyası və gəncliyə verdiyi önəm tələbələr arasında geniş şəkildə təbliğ olunmuşdur. Akademik Zərifə Əliyevanın elmi və mənəvi irsinə, eləcə də görkəmli şair və ziyalıların – Mikayıl Müşfiqin, Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunan tədbirlər milli ədəbi-mədəni irsin gənc nəslə ötürülməsində mühüm rol oynamışdır.
Bununla yanaşı, yerli və beynəlxalq tərəfdaşlarla birgə təşkil olunan konfranslar, dəyirmi masalar və tələbə forumları çərçivəsində müstəqillik ideyaları, milli kimlik, ortaq tarixi yaddaş və vətənpərvərlik mövzuları müzakirə edilmiş, tələbələrin ictimai fəallığı və dünyagörüşü genişləndirilmişdir. İdman və yaradıcılıq yönümlü tədbirlər isə sağlam həyat tərzinin təbliği ilə yanaşı, milli ruhun və komanda həmrəyliyinin gücləndirilməsinə xidmət etmişdir.
Ümumilikdə, Mingəçevir Dövlət Universitetində həyata keçirilən bu sistemli və ardıcıl fəaliyyətlər tələbələrin milli-mənəvi dəyərlər ruhunda yetişdirilməsinə, Ümummilli lider Heydər Əliyev ideyalarının yaşadılmasına və Azərbaycan dövlətçiliyinə sədaqətli gənc nəslin formalaşdırılmasına mühüm töhfə vermişdir.
Hesabat dövründə Mingəçevir Dövlət Universitetində həyata keçirilən islahatlar ali təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində ayrı-ayrı təşəbbüslər deyil, bir-birini tamamlayan və nəticəyə hesablanan sistemli addımlar kimi formalaşmışdır. Tədris proqramlarının beynəlxalq standartlara uyğunlaşdırılması, tətbiqyönümlü laboratoriyaların yaradılması, sənaye və xidmət sektoru ilə real əməkdaşlıq mexanizmlərinin qurulması, eləcə də akademik heyətin peşəkar inkişafına yönəlmiş tədbirlər universitetin inkişaf xəttinin əsasını təşkil etmişdir.
Cambridge və Cisco kimi beynəlxalq təhsil və texnologiya platformaları ilə əməkdaşlıq, turizm və maliyyə sahələrində praktiki tədris mühitinin qurulması, tədqiqat yönümlü universitet modelinə keçid və gənc akademik kadrların formalaşdırılması MDU-da təhsilin məzmun və metod baxımından yenilənməsinə şərait yaratmışdır. Bu proseslər nəticəsində universitetdə tədris, tədqiqat və əmək bazarı arasında əlaqələr daha funksional və davamlı xarakter almışdır.
Ümumilikdə, hesabat dövrü Mingəçevir Dövlət Universitetinin klassik ali təhsil çərçivəsindən kənara çıxaraq tətbiqi biliklərə, beynəlxalq standartlara və real nəticələrə əsaslanan müasir universitet modelinin qurulması istiqamətində mühüm mərhələ kimi qiymətləndirilir. Bu əsaslar üzərində formalaşan inkişaf xətti universitetin qarşıdakı dövrdə əldə etdiyi nəticələri genişləndirməsinə və ali təhsil məkanında mövqeyini daha da möhkəmləndirməsinə imkan verəcəkdir.
 







Seçilən
20
19
yeniavaz.com

10Mənbələr