AZ

Məktəb təkcə bilik deyil, psixoloji təhlükəsizlik məkanı olmalıdır Pedaqoqdan ÇAĞIRIŞ

Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Təhsil müəssisələrində uşaqlara ödənişsiz psixoloji yardım göstəriləcək.

Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin keçirilən iclasında müzakirəyə çıxarılan “Uşaq hüquqları haqqında” yeni qanun layihəsində əksini tapıb.

Redaktor.az-a açıqlamasında pedaqoq, Valideyn Məktəbinin təsisçisi, "Green Start Academy" Təlim və İnkişaf Mərkəzinin rəhbəri Aysel Rəsulzadə bildirdi ki, təhsil müəssisələrində uşaqlara ödənişsiz psixoloji yardımın göstərilməsi məsələsinin "Uşaq hüquqları haqqında" yeni qanun layihəsində əks olunması çox gözəl və təqdirəlayiq bir təşəbbüsdür:

"Bu mənada qeyd etmək lazımdır ki, Dünya Səhiyyə Təşkilatı, eləcə də UNICEF kimi uşaq hüquqlarının qorunması ilə məşğul olan beynəlxalq təşkilatlar illərdir bu istiqamətdə, yəni uşaqlara psixoloji dəstəyin göstərilməsi sahəsində müxtəlif fəaliyyətlər həyata keçirirlər. Bu baxımdan, sözügedən təşəbbüsü dəstəkləyirik. Ümumiyyətlə, uşağın inkişafı və sağlamlığı ilə bağlı sənədlərdə məsələ təkcə fiziki inkişafla məhdudlaşdırılmır. Eyni zamanda psixoloji dəstəyin göstərilməsi də birbaşa uşaq hüququ kimi tanınır. Bu baxımdan, qeyd etdiyim kimi, bu dəyişikliyi uşaqların hüquqlarının daha geniş və əhatəli şəkildə qorunmasına doğru atılmış vacib bir addım kimi qiymətləndirirəm. Bu təşəbbüs gələcəkdə sağlam və məsuliyyətli vətəndaşların formalaşmasına yardım edəcək. Yalnız təhsil müəssisələrində deyil, ümumilikdə cəmiyyətin rifahına müsbət təsir göstərəcək bir yanaşmadır".

Müsahibimiz əlavə etdi ki, təhsil müəssisəsi, məktəb yalnız uşaqlara bilik verən bir məkan deyil, həm də onların psixoloji və pedaqoji sağlamlığının qorunmasını dəstəkləyən bir mühit olmalıdır:

"Bu baxımdan ödənişsiz psixoloji yardımın göstərilməsi uşaqlarda, xüsusilə də bugünkü yeniyetmələr arasında artan stres, narahatlıq, zorakılıq təcrübələri və sosiallaşma ilə bağlı problemlərin həllində mühüm dəstək rolunu oynaya bilər. Lakin burada təbii ki, məktəblərdə peşəkar, etik standartlara uyğun təlim keçmiş psixoloqların fəaliyyət göstərməsi çox vacibdir. Bu psixoloqların müəllimlər və valideynlərlə əl-ələ verib işləməsi olduqca müsbət nəticələr verə bilər. Valideynlər burada xüsusi rol oynamalıdırlar, çünki valideynlərlə açıq və davamlı kommunikasiya çox önəmlidir. O baxımdan ki, uşaqların narahatlıqlarının üzə çıxarılmasında valideyn birbaşa rol oynayır.

Valideyn Məktəbinin təsisçisi olaraq isə son fikrimi bildirmək istəyirəm ki, biz məktəblərdə uşaqlarla bu cür söhbətlər aparanda və valideynlərlə görüşlər keçirəndə daha çox məktəbin uşaqlara yalnız bir şagird, dərs oxuyan kimi yanaşdığını müşahidə edirik. Bu isə təbii olaraq uşaqlara bir insan, bir fərd kimi yanaşılmasının qarşısını alır və onların psixoloji narahatlıqlarının vaxtında görülməsini məhdudlaşdırır".

Pedaqoqun fikrincə, bu qanun layihəsi uşaqlara bundan sonra yalnız dərs oxuyan şagird kimi deyil, eyni zamanda hissləri və narahatlıqları olan fərd kimi yanaşılmasına şərait yaradacaq.

"Müəllimlərin və məktəbin digər əməkdaşlarının uşaqlara dəstək göstərdiyi, onların suallarının cavabsız qalmadığı, ehtiyac olduqda psixoloji dəstək ala bildiyi bir mühitin formalaşması baxımından bu təşəbbüs alqışlanmalıdır. Psixoloji xidmətin əlçatan olması problemlərin dərinləşmədən vaxtında aşkarlanmasına imkan yaradır. Bu isə bütövlükdə uşaqlarımızın timsalında cəmiyyətin sağlam inkişafı üçün mühüm şərtdir. Bu baxımdan, bu xidmətin formal xarakter daşımadan, peşəkar, etik və davamlı bir sistem kimi qurulması olduqca vacibdir. Ümid edirəm və arzu edirəm ki, bu təşəbbüs məhz bu formada həyata keçiriləcək və çox müsbət nəticələr verəcək", - deyə  Aysel Rəsulzadə vurğuladı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
28
redaktor.az

10Mənbələr