AZ

Şahbulaq abidələr kompleksində arxeoloji tədqiqatlar davam etdirilir

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 30 yanvar, AZƏRTAC

İşğaldan azad olunan torpaqlarda beş ildən çoxdur ki, Azərbaycan xalqının minilliklər boyu yaratdığı maddi irs nümunələrinin vəziyyəti araşdırılır, monitorinqlər keçirilir, bir sıra abidələr isə (Füzuli rayonunda Yedditəpə kurqanları, Ağdam rayonunda Üzərliktəpə yaşayış yeri, Zəngilan rayonunda Şərifan şəhər yeri, və b.) fundamental tədqiqatlara cəlb olunur. Şahbulaq arxeoloji kompleksi də onların sırasına daxildir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Arxeologiya və Antropologiya İnstitutu Çöl tədqiqatlarının monitorinqi və qiymətləndirilməsi şöbəsinin müdiri, Şahbulaq ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Təvəkkül Əliyev söyləyib.

O bildirib ki, Şahbulaqda araşdırmalar Dövlət Turizm Agentliyinin hərtərəfli dəstəyi ilə aparılır. Agentliyin AMEA Arxeologiya və Antropologiya İnstitutu ilə bağladığı razılaşmaya görə Şahbulaq arxeoloji ekspedisiyası yaradılmış və bu ekspedisiya 2023-cü ilin sentyabrında, 2024-cü ilin mart-aprel və iyul aylarında ərazidə kəşfiyyat-axtarış işləri, o cümlədən Şahbulaq məscidinin ətrafında arxeoloji qazıntı işləri aparıb.

Bu ilkin araşdırmalardan sonra Şahbulaq abidələr kompleksində tədqiqatları daha da genişləndirmək qərara alınıb və 2024-cü ilin sonlarında iki dəstədən ibarət Şahbulaq arxeoloji ekspedisiyası Ağdam rayonuna ezam olunub. Ekspedisiya şəhər yerinin mərkəzində, erkən orta əsrlərə aid alban xristian məbədinin şimal və cənub ətrafında qazıntı işlərinə başlanılıb.

Arxeoloq əlavə edib ki, 2025-ci ilin payızında Şahbulaq arxeoloji ekspedisiyası şəhər yerində qazıntı işlərini davam etdirib, ümumi sahəsi 600 kvadrat metrə yaxın olan altı kvadratda (G3, F3, E3-6) araşdırma aparıb, relyefdən asılı olaraq 0,5-0,7 metrdən 2,2 metrə yaxın dərinlikdə mədəni təbəqə açılıb öyrənilib.

“Arxeoloji və memarlıq abidələri ilə zəngin olan Şahbulaq ərazisi mühüm turizm potensialına malikdir. 60 hektardan çox sahəni əhatə edən şəhər yeri relyefinə, quruluşuna, abidələrin xronologiyasına, təsnifatına görə çoxşaxəlidir. Burada Azərbaycanın qədim əhalisi olan albanlara məxsus mülki tikililər, məbədlər, istehkam qurğuları, müxtəlif tipli qəbir abidələri cəmləşmişdi. Şəhər yerinin ətrafında erkən dəmir dövrünə aid kurqan və daş qutu qəbirlər, mağara məbəd, orta əsrlərə aid kilsələr, müsəlman türbə və qəbiristanlıqları var. Bunları nəzərə alaraq, Şahbulaq arxeoloji ekspedisiyası kompleksin ərazində və ətraf sahələrdə qazıntı və ardıcıl kəşfiyyat işləri aparmağı planlaşdırır”,- deyə Təvəkkül Əliyev bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
3
azertag.az

4Mənbələr