Demokrat.az saytına istinadən ain.az xəbər verir.
Doktorantura təhsilinə başlayan və qanunvericiliyin verdiyi imkanlardan yararlanaraq hərbi xidmətdən möhlət hüququ qazanan vətəndaşın qarşısına şərt qoyulub. Demokrat.az-ın redaksiyasına müraciət edən vətəndaş qeydiyyatda olduğu müvafiq qurum tərəfindən ondan işsizlik haqqında arayış tələb edildiyini, bu tələbin hüquqi əsaslarının qaranlıq qaldığını bildirib.Məsələni dəqiqləşdirmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əlaqə saxladıq. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Demokrat.az-ın sorğusuna cavab olaraq bildirib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.7-ci maddəsinə əsasən əyani təhsilalma formasında doktoranturada (adyunkturada) təhsil alanlara – təhsilini bitirənədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir:“Ali təhsil pilləsinin doktorantura səviyyəsində əyani təhsil alma müddəti başa çatdıqdan sonra (Qanunla nəzərdə tutulmuş möhlət hüququ bitdiyi üçün) çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunurlar. Bu Qanunun 23.1.1-ci maddəsinə əsasən fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər. Mövcud qanunvericilikdə dissertasiya işinin müdafiəsi ilə bağlı çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi nəzərdə tutulmamışdır. Əlavə olaraq bildiririk ki, xarici ölkənin ali təhsil müəssisələrində təhsil alan çağırış yaşlı vətəndaşlar təhsili davam etdirmələrinə dair arayışı hər il oktyabr ayının 1-dək şəxsən Xidmətin qeydiyyatda olduqları struktur bölmələrinə təqdim etməlidirlər.Həmçinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.7-ci maddəsinə əsasən əyani təhsilalma formasında doktoranturada (adyunkturada) təhsil alanlara – təhsilini bitirənədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir. Burada əyani təhsilalma forması dedikdə "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları" nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli 129 nömrəli qərarının 1.4. bəndinə əsasən Doktoranturada təhsilalma əyani (istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan ayrılmamaqla) formalar üzrə həyata keçirilir. Yəni doktoroantura pilləsində əyani təhsil alan çağırışçı istehsalatdan (iş yerindən) ayrılmaqla təhsil ala bilər.Əlavə olaraq qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli 129 nömrəli qərarının 1.4. bəndinə əsasən doktoranturada təhsilalma əyani (istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan ayrılmamaqla) formalar üzrə həyata keçirilir. Qaydaların 3.35-ci bəndinə əsasən, əyani təhsil alan doktorantlar elmi rəhbərin razılığı ilə təhsil aldıqları ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatda 0,5 ştat vahidi ilə müvafiq elmi və ya elmi-pedaqoji işlərə cəlb oluna bilərlər”.Yəni, əgər siz doktoranturaya qəbul olunub əsgərliyə getməmək (möhlət almaq) istəyirsinizsə, dövlət sizdən həqiqətən "tələbə" olduğunuzu sübut etməyi tələb edir. Qanun deyir ki, əyani oxuyan adamın əsas işi təhsildir, o, tam iş günündə haradasa çalışa bilməz. Buna görə də, hərbi komissarlıq sizin haradasa rəsmi iş yerinizin olub-olmadığını yoxlamaq üçün həmin arayışı istəyir. Əgər rəsmi işiniz varsa, bu, "əyani təhsil" statusu ilə ziddiyyət təşkil edir və möhlət hüququnuzu sual altına qoyur.Leyla Turan
Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.