AZ

“Qohum evlilikləri ilə bağlı ciddi sosial və tibbi problemlər mövcud olub” -SOSİOLOQ DANIŞDI

“Qohum evlilikləri tarixən bir çox cəmiyyətlərdə, o cümlədən Azərbaycan toplumunda da mövcud olmuşdur. Bu evlilik forması əsasən ailə daxilində mülkiyyətin və maddi sərvətin qorunması, sosial bağların möhkəmləndirilməsi və “özümüzünkülər” anlayışının saxlanılması kimi düşüncələr üzərində formalaşmışdır”. Bu sözləri SİA-ya açıqlamasında əməkdar jurnalist, sosioloq Mətanət Məmmədova bildirib.
Onun sözlərinə görə , uzun müddət cəmiyyətin müəyyən təbəqələrində “qızı kənardan yox, ailə daxilindən almaq” yanaşması üstünlük təşkil etmişdir:

”Lakin tarixi təcrübə göstərir ki, qohum evlilikləri ilə bağlı ciddi sosial və tibbi problemlər də mövcud olmuşdur. Xüsusilə bu nikahlar nəticəsində irsi xəstəliklərə və genetik qüsurlara malik uşaqların dünyaya gəlməsi halları müşahidə edilmişdir. Buna baxmayaraq, ənənəvi düşüncə tərzi və sosial təzyiqlər səbəbindən bu problemlər uzun müddət cəmiyyət tərəfindən açıq şəkildə qəbul olunmamış, məsələyə daha çox göz yumulmuşdur. Nəticədə qohum evliliklərinin qarşısının alınması real şəkildə mümkün olmamışdır.

Azərbaycan cəmiyyətində mövcud olan mental dəyərlərə görə əmi oğlu, əmi qızı, dayı qızı, xala oğlu kimi qohumluq münasibətləri çox zaman bacı-qardaş münasibətinə bərabər tutulmuşdur. Xüsusilə qız uşaqları bu qohumları ailədaxili qoruyucu fiqurlar kimi qəbul etmiş, onları potensial ailə üzvü deyil, mənəvi qardaş obrazında görmüşdür. Bu baxımdan, sonradan baş verən qohum evlilikləri bir çox hallarda psixoloji uyğunsuzluqlara və ailədaxili ziddiyyətlərə yol açmışdır.

Qohum evliliklərinin sosial nəticələri təkcə tibbi risklərlə məhdudlaşmır. Bu nikahların boşanma ilə nəticələndiyi hallarda ailələrarası münasibətlərdə ciddi qarşıdurmalar yaranır, əvvəllər yaxın olan qohumlar arasında dərin münaqişələr və uzunmüddətli düşmənçilik halları müşahidə olunur. Beləliklə, fərdi ailə problemi geniş qohumluq şəbəkəsini əhatə edən sosial gərginliyə çevrilir.

Məhz bu riskləri nəzərə alaraq, dövlət qohum evliliklərinin məhdudlaşdırılması istiqamətində hüquqi mexanizmlərin formalaşdırılmasına ehtiyac duymuşdur. Qanunvericilik təşəbbüsləri cəmiyyətin sağlam genofondunun qorunması, gələcək nəsillərin sağlamlığının təmin edilməsi və sosial sabitliyin möhkəmləndirilməsi məqsədi daşıyır. Elmi araşdırmalar da göstərir ki, qohum evliliklərində genetik xəstəliklərin nəsildən-nəslə ötürülmə riski daha yüksəkdir və bu risk yalnız bir nəsillə məhdudlaşmır.

Qohum evlilikləri ənənəvi köklərə malik olsa da, müasir dövrdə bu cür nikahların tibbi, psixoloji və sosial baxımdan riskli olduğu danılmazdır. Cəmiyyət qarşısında duran əsas vəzifə ənənə ilə müasir elmi biliklər arasında balans yaratmaq, ailə institutunu qorumaqla yanaşı, gələcək nəsillərin sağlamlığını prioritet kimi qəbul etməkdən ibarətdir”.

Müəllif: Günay Hacıyeva
Seçilən
49
5
sia.az

10Mənbələr