AZ

Bakıda Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə “Dostluğun süfrəsi: Anadolu səhər yeməyi görüşü”... - FOTO



Yanvarın 30-da Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə “Dostluğun süfrəsi: Anadolu səhər yeməyi görüşü” təşkil olunub.

Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) arasında mədəni əlaqələrin daha möhkəmləndirilməsinə xidmət edən tədbirdə Türkiyənin ölkəmizdəki səfiri professor doktor Birol Akgün, ŞKTC-nin Bakı nümayəndəsi səfir Ufuk Turqaner, Azərbaycan mediasının tanınmış jurnalistləri və ali məktəb tələbələri iştirak edib.

Tədbirdə çıxış edən Birol Akgün Türkiyə və Azərbaycan qardaşlığının Türk dünyasında münasibətlərin inkişafında mühüm rol oynadığını vurğulayıb. Diplomat hər iki ölkə liderinin Türk dünyasının gələcəyi baxımından xüsusi rolunu qeyd edib.
Bu il Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd olunduğunu diqqətə çatdıran B.Akgün dil və mədəniyyət sahəsində ortaq irsimizin ön plana çıxarılmasının, eləcə də ortaq əlifba məsələsi ilə bağlı siyasi iradənin önəminə diqqət çəkib.
O, Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə bu il yüksək səviyyədə müxtəlif tədbirlərin həyata keçiriləcəyini də bildirib.

Şimali Kipr Türk Cümhuriyyəti Bakıdakı nümayəndəsi səfir Ufuk Turqaner isə çıxışında Türkiyə–ŞKTC–Azərbaycan münasibətlərinin ortaq tarix, dil və mədəniyyət zəminində hər keçən gün daha da gücləndiyini bildirib. Diplomat Türkiyə və Azərbaycanın ŞKTC-yə verdiyi dəstəyin onlar üçün son dərəcə dəyərli olduğunu ifadə edib.

Bakı Yunus Əmrə İnstitutunun koordinatoru Gökhan Seyhan da Türkiyə ilə Azərbaycan arasında mədəni qarşılıqlı əlaqələrin artırılması istiqamətində fəaliyyətlərini bundan sonra da davam etdirəcəklərini söyləyib.
Tədbir çərçivəsində Anadolu səhər yeməyinin tarixi və mədəni mənşəyi aşpaz təqdimatı ilə iştirakçılara çatdırılıb. Anadolu mətbəxinin zəngin dadları qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

SAMİRƏ

Seçilən
38
12
baki-xeber.com

10Mənbələr