AZ

Gömrük sistemində atılan 3 MÜHÜM ADDIM - TƏFƏRRÜAT

[center]Gömrük[/center]Gömrük sistemi ölkə iqtisadiyyatının tənzimlənməsində, milli iqtisadi sərhədlərimizin qorunmasında və dövlət büdcəsi gəlirlərinin formalaşdırılmasında strateji rola malikdir. 2026-cı ildə dövlət büdcəsi gəlirlərinin 6862,0 milyon manatı və ya 17,8 faizi Gömrük Komitəsinin xətti ilə təmin edilən daxilolmaların payına düşür.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib.

Komitə sədri vurğulayıb ki, gömrük sistemi indi təkcə fiskal qurum kimi deyil, həm də xarici ticarətin asanlaşdırılması, tranzit potensialının artırılması və biznes mühitinin yaxşılaşdırılması aləti kimi çıxış edir. Bu, xüsusilə Orta Dəhliz və regionun logistika mərkəzinə çevrilmək hədəflərimiz kontekstində mühüm əhəmiyyət daşıyır.

“Dövlət maliyyəsi, büdcə nəzarəti, vergi sistemi kimi gömrük sisteminin təkmilləşdirilməsi də davamlı prosesdir və yeni çağırışları da nəzərə alsaq bunun son həddi yoxdur. Yeni dövr gömrük sistemi qarşısında yeni tələblər qoyur. Nəzərə almalıyıq ki, gömrük siyasəti hər şeydən əvvəl dövlətin vahid iqtisadi siyasətinin mühüm istiqamətlərindən biridir. Bu siyasət dövlət başçısı tərəfindən müəyyən edilmiş milli prioritetlərə və iqtisadi strategiyaya uyğun olaraq formalaşdırılır və həyata keçirilir” – deyə o qeyd edib.Heç şübhəsiz müstəqil dövlət və iqtisadi quruculuq prosesi çərçivəsində ölkəmizin gömrük sistemi də həm institusional, həm də maddi-texniki təminat baxımından mərhələli şəkildə təşəkkül tapıb. Bu o deməkdir ki, gömrükçülərin müxtəlif dövrlərdə və mərhələlərdə bu sistemin inkişafına töhfələri olub:

“90-cı illərin əvvəllərində Azərbaycanın xarici ticarət tərəfdaşlarının sayı 50-dən çox deyildi. İndi isə dünyanın 177 ölkəsi ilə xarici ticarət əməliyyatları həyata keçiririk. Xarici ticarət dövriyyəsinin həcminin və ticarət tərəfdaşımız olan ölkələrin sayının artması gömrük sahəsində inzibatçılığın yaxşılaşdırılmasını tələb edir. Bu səbəbdən də son illər gömrük sistemində institusional yanaşmanın gücləndirildiyini müşahidə edirik” - A. Əmiraslanov vurğulayıb.

Komitə sədrinin sözlərinə görə, gömrük daxilolmalarında özəl sektorun payı 90 faizdən çox təşkil edir. Bu baxımdan biznes nümayəndələri ilə əməkdaşlığın daha da genişləndirilməsi, hər il ənənəvi olaraq Dövlət Gömrük Komitəsi tərəfindən “Gömrük – Biznes forumu”nun təşkil edilməsi, biznes-dövlət dialoqunun gücləndirilməsi həm də əlverişli biznes mühitinin formalaşdırılmasına xidmət edir.

“Xatırlatmaq istərdim ki, gömrük-biznes əməkdaşlığı çərçivəsində idarəetmənin təkmilləşdirilməsi, xarici iqtisadi fəaliyyətin beynəlxalq ticarət-təchizat zəncirinin yeni tələblərinə uyğunlaşdırılması və ticarətin asanlaşdırılması məqsədilə “Etibarlı Tərəfdaş Konsepsiyası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti tərəfindən 2025-ci il 5 dekabr tarixli 837 nömrəli Sərəncam imzalanmışdır.

Rəqəmsallaşma və elektron xidmətlərin genişləndirilməsi istiqamətində real və praktik addımlar atılmaqdadır. Gömrük orqanları tərəfindən göstərilən xidmətlərin rəqəmsallaşdırılması, xarici ticarət əməliyyatlarının sadələşdirilməsi istiqamətində görülən işləri, gömrük infrastrukturunun yenilənməsini xüsusi olaraq qeyd etmək lazımdır.

“Smart Customs” mobil tətbiqi, Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS), Avtomatlaşdırılmış Risk Analiz Sistemi (ARAS) kimi rəqəmsal gömrük layihələri gömrük idarəçiliyində innovativ yanaşmanın əsas göstəriciləridir”.

O həmçinin bildirib ki, elektron bəyannamə sistemlərinin təkmilləşdirilməsi, risk əsaslı yoxlama mexanizmlərinin tətbiqi, insan faktorunun minimuma endirilməsi şəffaflığın artmasına müsbət təsir göstərir.

“Nəzərə almalıyıq ki, gömrük sistemi təcrid edilmiş halda fəaliyyət göstərmir. O qlobal iqtisadi durumla, ölkədəki iqtisadi proseslərlə, fiskal siyasətlə, sahibkarlıq təşəbbüsləri ilə, biznes subyektlərinin xarici iqtisadi fəallığı ilə, vergi sistemi ilə, institusional islahatlarla bilavasitə bağlıdır. Bu baxımdan gömrük sistemini həm dəyərləndirərkən, həm də bu sahədə problemləri, xüsusilə də proqnozların icra nəticələrini təhlil edərkən, məsələlərə sistemli və kompleks yanaşılmalıdır”.

Komitə sədri vurğulayıb ki, gömrük dəyərinin müəyyən edilməsi üsullarının, valyuta nəzarəti mexanizminin təkmilləşdirilməsi, gömrük sisteminin potensialının gücləndirilməsi, gömrük siyasəti ilə sənaye siyasətinin uzlaşdırılması, daha effektiv proteksionist siyasətin həyata keçirilməsi istiqamətində işlər davam etdirilməlidir.“Əlbəttə, islahat prosesi davamlı xarakter daşıyır. Gömrük sistemi yeni mərhələyə hazır olmalıdır. Qarşıda duran əsas vəzifə rəqəmsal inteqrasiyanı daha da dərinləşdirmək, beynəlxalq gömrük standartlarına uyğunluğu gücləndirmək və tranzit ölkə kimi rəqabət qabiliyyətimizi artırmaqdır. Hazırda gömrük orqanlarına ən ali səviyyədə böyük etimad göstərilir və inanırıq ki, bu etimadın doğrulması istiqamətində işlər davam etdiriləcək, qarşıya qoyulmuş vəzifələr uğurla yerinə yetiriləcək”.

Komitə sədri Azər Əmiraslanov sonda 30 yanvar - Gömrük İşçiləri Günü münasibəti ilə bütün gömrükçüləri təbrik edib və onların hər birinə xidməti fəaliyyətlərində uğurlar arzu edib.(Modern.az)

Seçilən
7
40
yenisoz.az

10Mənbələr