"Nazirlər Kabinetində Xəzər dənizinin və Bakı buxtasının ekoloji vəziyyətinə həsr olunmuş iclasın keçirilməsi məsələyə dövlət səviyyəsində verilən əhəmiyyətin açıq göstəricisidir. Xəzər dənizi ölkəmizin ekoloji təhlükəsizliyinin, iqtisadi dayanıqlığının və gələcək nəsillərin sağlam mühitdə yaşamaq hüququnun ayrılmaz hissəsidir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı deyib.

Onun sözlərinə görə, son illər iqlim dəyişiklikləri, antropogen təsirlər, sənaye tullantıları və sahilyanı ərazilərdə intensiv urbanizasiya Xəzərin ekoloji tarazlığına ciddi təsir göstərir: "Xüsusilə Bakı buxtasının vəziyyəti həm paytaxtın ekoloji mühiti, həm də əhalinin həyat keyfiyyəti baxımından xüsusi diqqət tələb edir. Bu baxımdan konkret tədbirlər planı, institusional məsuliyyət və koordinasiya mexanizmləri çərçivəsində müzakirə olunması olduqca vacibdir. Ekoloji məsələlər uzunmüddətli strateji yanaşma tələb edir və burada dövlət qurumları ilə yanaşı, bələdiyyələrin, ictimai institutların və vətəndaş cəmiyyətinin rolu da mühümdür.
Hesab edirəm ki, bu istiqamətdə qəbul ediləcək qərarlar yalnız bugünkü ekoloji risklərin azaldılmasına deyil, eyni zamanda Xəzərin bioloji müxtəlifliyinin qorunmasına, Bakı buxtasının mərhələli şəkildə sağlamlaşdırılmasına və “yaşıl inkişaf” prioritetlərinə xidmət etməlidir. Əsas məqsədimiz Xəzəri qorunan və yaşadılan milli dəyər kimi gələcək nəsillərə ötürməkdir.
Təbii ki, Xəzərin mövcud problemi yalnız bizim atacağımız addımlarla öz həllini tapması çətin olacaq. Burada Xəzərsahili digər dörd dövlətin eyni məntiqlə hərəkət etməsi zəruridir. Hesab edirəm ki, bütün tərəflər eyni məntiqlə hərəkət etsə, Xəzərin ekoloji problemlərinin ardıcıl şəkildə həll yoluna qoyulması mümkün olar".