Konkret.az saytından alınan məlumata görə, ain.az bildirir.
Bakıda köhnə və ekoloji cəhətdən zərərli avtomobillərin paytaxta girişinin məhdudlaşdırılması məsələsi son vaxtlar müzakirə mövzusuna çevrilib. Maraqlıdır, gələcəkdə bu tip nəqliyyat vasitələrinin şəhərə daxil olması qadağan edilə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, avtomobilin istismarına icazə verilməsi əsasən onun texniki vəziyyəti ilə bağlıdır:
“Şəxsən düşünürəm ki, əgər nəqliyyat vasitəsi texniki baxışdan keçirsə, sığortası və digər rüsumları ödənilirsə, onun üçün istismar imkanı yaradılmalıdır. Burada əsas məsələ avtomobilin ekoloji göstəricilərinin müəyyən standartlara uyğun olub-olmamasıdır. Ekoloji parametrləri uyğun olmayan nəqliyyat vasitələrinin istismarı üçün əlavə vəsait və nəzarət mexanizmləri tələb olunur”.

Ekspert qeyd edib ki, bir çox xarici ölkələrdə, o cümlədən Avstraliya və Avropa dövlətlərində avtomobillərin yaşı deyil, texniki qulluq səviyyəsi əsas meyar kimi götürülür:
“Əgər avtomobil saz vəziyyətdədirsə və ekoloji parametrləri normalara cavab verirsə, onun istismarına icazə verilir. Bu baxımdan köhnə avtomobil anlayışı birbaşa qadağa üçün əsas olmamalıdır”.
Aslan Əsədovun sözlərinə görə, Bakıda bu məsələyə dair hər hansı məhdudiyyətin tətbiqi yalnız aidiyyəti dövlət qurumlarının yekun rəyindən sonra mümkün ola bilər.
Aynurə İsmayıl
KONKRET.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.