AZ

Kommunikasiyaların açılması etimad mühitinə töhfə verəcək  

Azərbaycan Prezidenti İlham Əliyev qətiyyətli yanaşma ortaya qoyaraq, məharətli siyasət yürüdərək Ermənistanı işğal siyasətinə görə regional layihələrdən təcrid etmişdi. İşğal siyasətinin dayandırılması Ermənistanın və onun havadarlarının qarşısında qoyulan birinci şərt idi. Buna baxmayaraq, nə Ermənistan, nə də havadarları bu siyasətdən əl çəkdilər və vəziyyəti daha da çətinləşdirdilər. Nəticə etibarilə, Ermənistanın sosial-iqtisadi durumu son dərəcə çətinləşdi. 

Milli Məclisin deputatı Aydın Hüseynov qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra Cənubi Qafqazda yeni reallıq yaradıb və bu, sülhə və əməkdaşlığa xidmət edir: “Cənab Prezident İlham Əliyevin son çıxışlarına nəzər yetirərkən investorları bölgəyə daha aktiv şəkildə səslədiyinin şahidi oluruq. Bu isə ondan xəbər verir ki, Azərbaycan həqiqətən də yürütdüyü siyasətlə sadəcə öz xalqının deyil, bütövlükdə region xalqlarının maraqlarını və rifahını təmin etmək, daha da yaxşılaşdırmaq yolunu tutub. Digər tərəfdən isə dünya nizamı yenidən qurulur, resurslar uğrunda ciddi mübarizə gedir. Cənubi Qafqaz bu nizamda önəmli regionlardan biridir. Beləliklə, ənənəvi qaydada olmayan yeni-yeni əməkdaşlıq formatları meydana çıxır”.

Deputat qeyd edib ki, bu baxımdan istər dünyanın böyük güclərinin, istərsə də orta güclərin Cənubi Qafqaza marağı artır. “Beləliklə, investisiya layihələrinin icrası, dövlət-özəl tərəfdaşlığı aktuallaşıb və hər biri etimada söykənən amildir. Məsələ ondan ibarətdir ki, hər bir investor bölgəyə kapital qoyarkən ilk növbədə həmin regionda sabitliyin hansı dərəcədə olması ilə maraqlanır. Şübhəsiz ki, region ölkələri ilə bağlı baş verən istənilən narahatlıq Azərbaycanı da narahat edir. Bu baxımdan Azərbaycanın İranla bağlı açıqlaması da son dərəcə düzgündür. Azərbaycan heç bir halda öz ərazisindən İrana qarşı təcavüz edilməsinə icazə verməyəcək. Son zamanlarda regional əməkdaşlıq daha aktiv bir fazaya keçib, bu baxımdan regional təhlükəsizliyin önəmi daha da artmağa başlayıb”, - deyə o əlavə edib.

A.Hüseynov vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında yükdaşımaların bərpası həm Ermənistanın hakim dairələrində, həm də cəmiyyətində müsbət nəticələrə səbəb olur. 

Deputatın fikrincə, kommunikasiya və nəqliyyət xətləri açılmalıdır, çünki qarşılıqlı gediş-gəliş olmamış heç bir etimaddan söhbət gedə bilməz. Yolların açılması həm də etimada fundamental təkan olacaq ki, bu da şübhəsiz ki, mübadilə zamanı ən lazım olan amillərdən biridir. 

Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Seçilən
8
34
azerbaijan-news.az

10Mənbələr