AZ

Azərbaycanda hökumət API-lərinə vahid çıxış üçün platforma yaradılması təklif olunur

Azərbaycanda hökumət API-lərinə təhlükəsiz və vahid çıxışı təmin edəcək mərkəzləşdirilmiş platforma yaradılmalıdır.

Aznews.az xəbər verir ki, bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") "Ağ sənəd 2025" adlı hesabatında qeyd edilib.

Hesabatda bildirilir ki, açıq API-lərin hazırlanması və rəqəmsal hökumət xidmətlərinə çıxışla bağlı hər bir dövlət qurumunun öz rəqəmsal məhsullarına özəl sektorun inteqrasiyasını asanlaşdıran çərçivələr formalaşdırmasını tələb edən geniş əhatəli siyasət tətbiq olunmalıdır. "AmCham"ın ekspertlərinin fikrincə, belə koordinasiyalı yanaşma dövlət qurumları arasında ardıcıllığı, şəffaflığı və aydınlığı təmin edəcək.

Bu siyasət çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin səlahiyyəti altında mərkəzləşdirilmiş API keçidi (API gateway) və developer portalının yaradılması məqsədəuyğun hesab olunur. Sözügedən platforma hökumət API-lərinə təhlükəsiz və vahid giriş nöqtəsi kimi fəaliyyət göstərəcək və istifadəçilər üçün səviyyələndirilmiş - ictimai, tərəfdaş və daxili - giriş imkanları təqdim edəcək.

Portalın funksionallığına ətraflı API sənədləşməsi, test rejimi ("sandbox") üçün dəstək, uyğunluq və sabitliyi qorumaq məqsədilə versiya nəzarəti, eləcə də istifadə, performans və uyğunluğun izlənməsi üçün inteqrasiya olunmuş analitika və monitorinq mexanizmlərinin daxil edilməsi tövsiyə olunur.

Hesabatda vurğulanır ki, biznes subyektləri hazırda rəqəmsal hökumət məhsullarını öz xidmətlərinə inteqrasiya etməklə əlavə dəyər və avtomatlaşdırma imkanları əldə etmək məsələsində qeyri-müəyyənliklə üzləşirlər. Bu istiqamətdə daha aydın təlimatların və institusional dəstəyin verilməsi şirkətlərin innovasiya potensialını artırar, əməliyyat səmərəliliyini yüksəldər və müştərilərə təqdim olunan xidmətlərin keyfiyyətini yaxşılaşdırar.

Seçilən
3
39
aznews.az

10Mənbələr