AZ

Sanitariya qaydaları bazarlarda tam təmin olunmur EKSPERT DANIŞDI

ain.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Marketlərdə və bazarlarda satılan kənd təsərrüfatı məhsullarının, xüsusilə də ət və ət məhsullarının baytarlıq nəzarəti məsələsi hər zaman aktual olub. Burada əsas məsələ satılan məhsulların sanitariya-gigiyena qaydalarına uyğun olub-olmamasıdır". Bu sözləri SİA-ya açıqlamasında qida eksperti İlkin Şirinov bildirib.

Onun sözlərinə görə, bu məsələ həm aidiyyəti qurumlar, həm də istehlakçılar üçün ciddi narahatlıq doğurur: "Bu gün bazarlardakı vəziyyət, təəssüf ki, hər zaman ürəkaçan deyil. Ən çox müzakirə olunan məsələlərdən biri satılan məhsulların baytarlıq nəzarətindən keçib-keçməməsidir. Xüsusilə bazarlarda satılan ət və ət məhsulları, toyuq və balıq kimi tez xarab olan məhsulların nəzarət mexanizmi suallar doğurur. Bu nəzarət əsasən bazarların daxili qaydaları və mütəmadi keçirilən monitorinqlər vasitəsilə tənzimlənməlidir.

Əslində hər bir bazarın öz baytarlıq nəzarət mexanizmi olmalı və bu mexanizm məhsulların keyfiyyətinə, təhlükəsizliyinə, insan sağlamlığına zərər verməməsinə nəzarət etməlidir. Eyni zamanda bu nəzarət bazarın ümumi imicinin qorunmasına da xidmət etməlidir. Lakin təəssüf ki, bəzən bu tələblərə əməl olunmadığının şahidi oluruq.

Son dövrlərdə bazarlarda mütəmadi monitorinqlər aparılsa da, hələ də ciddi problemlər qalmaqdadır. Məhsulların düzgün daşınması, ərazinin təmiz saxlanılması, tullantıların vaxtında yığılması məsələləri hər yerdə lazımi səviyyədə təmin olunmur. Digər ciddi problemlərdən biri isə “mal qonşuluğu” prinsipinə əməl edilməməsidir. Bir çox hallarda turşu məhsullarının yanında ət, ətin yanında pendir, pendirin yanında isə balıq satıldığını müşahidə edirik. Bu isə məhsulların çarpaz çirklənməsinə və təhlükə riskinin artmasına səbəb olur.

Xüsusilə markalanmamış məhsullar ciddi təhlükə mənbəyi hesab edilə bilər. Çünki bu məhsulların üzərində nə baytarlıq şəhadətnaməsi, nə gigiyenik sertifikatı, nə də partiya sənədləri olur. Əksər hallarda bu məhsullar şəxsi təsərrüfatlarda istehsal olunur və həmin təsərrüfatların müvafiq nəzarətdən keçib-keçmədiyi də sual altındadır. Bütün bu amillər nəticə etibarilə istehlakçı sağlamlığı üçün risk yaradır və bazarlarda satılan məhsullara nəzarətin daha da gücləndirilməsinin vacibliyini bir daha ortaya qoyur".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
11
sia.az

10Mənbələr