
Püşkatma mərasimi başladı.
***
Bu gün “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibinin adına aydınlıq gələcək. “Qafqazinfo” xəbər verir ki, bu mərhələnin püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Liqa mərhələsini 22-ci pillədə başa vuran Azərbaycan təmsilçisi “səpələnməmişlər” səbətində yer alacaq. Pley-off mərhələsinin qaydalarına əsasən, 21 və 22-ci yerləri tutan “Monako” və “Qarabağ” “səpələnmişlər” səbətinə düşən 11-12-ci yerlərin sahiblərindən biri ilə qarşılaşacaq.
“Qarabağ”ın potensial rəqibləri turnirin son qalibi PSJ və “Nyukasl”dır. Yəni Qurban Qurbanovun komandası pley-off-da ya Fransa təmsilçisi ilə, ya da İngiltərə klubu ilə üz-üzə gələcək.
Pley-off-la bağlı püşkatmaya dair UEFA-nın qaydalarında deyilir: “16 klub ümumi mərhələnin yekun sıralamasına əsasən ikili qruplara bölünəcək və bununla da dörd “səpələnmiş” cüt və dörd “səpələnməmiş” cüt formalaşdırılacaq.”
Yəni 9 və ya 10-cu yerləri tutan klublar 23 və ya 24-cü yerləri tutan klublarla, 11/12 - 21/22 ilə, 13/14 - 19/20 ilə, 15/16 - 17/18 ilə üz-üzə gələcək. “Qarabağ” ilk matçı Bakıda, cavab oyununu səfərdə keçirəcək. Pley-off görüşləri 17-18 fevral və 24-25 fevralda oynanılacaq.
Qeyd edək ki, “Qarabağ” - PSJ/”Nyukasl” cütünün qalibi 1/8 finalda Liqa mərhələsini 5-ci pillədə başa vuran “Barselona” və ya 6-cı yerin sahibi “Çelsi” ilə qarşılaşacaq.