AZ

Sayğac müəmması- Niyə 3-5 ildən bir dəyişdirilir?

Bu gün xidmət təşkilatlarından- “Azəriqaz” İB, “Azərişıq” ASC və İri Şəhərlərin Birləşmiş Su Təhzicatı Xidmətindən əsas narazılıqlardan biri sayğacla bağlıdır. Çünki sayğaclar tez-tez dəyişdirilir. Və bu barədə abonentə heç bir məlumat verilmir.

Müəyyən olunmuş normativə görə sayğaclar 3-5 ildən bir dəyişdirilir. Nəzərə alaq ki, hazırda  “Azəriqaz” İstehsalat Birliyinin ümumi abonentlərinin sayı 2 milyon 600 mindən, "Azərişıq" ASC-nin abonentlərinin sayı 2 milyon 800 mindən, İri Şəhərlərin Birləşmiş Su Təhzicatı Xidmətinin abunəçilərinin sayı isə 1 milyon 800 mindən artıqdır. Bu da o deməkdir ki, ölkə üzrə ümumi sayğacların sayı 7 milyondan artıqdır. Və hər 3-5 ildən bir bu qədər sayğacın dəyişdirilməsi dövlət büdcəsinə çox böyük ölçüdə zərər vurur.

Maraqlıdır ki, kommunikasiya xətləri, paylayıcı qurğular və digər avadanlıqlar uzun illər istismar edilir. Və onların dəyişdirilməsi üçün heç bir şərt yoxdur. Amma nədənsə sayğacların dəyişirilməsi xüsusi tələbdir.

Təbii ki, bu da müəyyən suallar doğurur.

Mövzu ilə bağlı News365.az- a danışan ekspert Nüsrət Qasımlı deyib ki, sayğacların istismar müddəti 15 ildir:

“Amma sayğaclar 5 ildən bir dövri müayinə olunmalıdır. Çünki işlək prosesdə sayğacda hər hansı bir problem yarana bilər. Ona görə də sayğacların dövri müayinəsi vacibdir. Sayğac müayinəyə götürülmə və müayinə prosesində abonent şəxsən iştirak etməlidir. Çünki bir çox hallarda abonentin xəbəri olmadan nəinki sayğac müayinəyə götürülür, hətta dəyişdirilir. Bu da haqlı narazılıq yaradır. Bir daha deyirəm ki, sayğaclar 5 ildən bir müayinə olunmalı, 15 ildən bir dəyişdirilməlidir”.

Bəs bir sayğacın alınması neçəyə başa gəlir?

Nəzərə alaq ki, qaz və su sayğacları əsasən ölkəmizdə istehsal olunur. "Gəncə Cihazqayırma Zavodu” Açıq Səhmdar Cəmiyyəti artıq bu sahədə ixtisaslaşıb. Ona görə də sayğacın qiymətini öyrənmək üçün zavodla əlaqə saxladıq.

Zavoddan bildirildi ki, sayğacların qiyməti kommersiya sirridir:

“Ona görə də qiyməti açıqlaya bilmərik”.

Apardığımız bazar araşdırmalarına görə mexaniki sayğacın komplektinin qiyməti 100 manat civarında smart kart tipli sayğaclarınsa qiyməti 200-250 manat arasında dəyişir.Bu da o deməkdir ki, sayğaclaşmaya hər 3-5 ildən bir 100 milyonlarla vəsait xərclənir.

Görəsən həmin vəsaiti işıq, qaz və su xətlərinin dəyişdirilməsinə xərcləmək olmazmı? Axı sosial-iqtisadi  baxımdan bu daha məntiqli görünür.

News365.az

Seçilən
0
7
news365.az

8Mənbələr