ain.az bildirir, Milli.az saytına əsaslanaraq.
"Baş rejissor və bir sıra vəzifələr dövlət teatrlarında digər vəzifələrlə əvəz olunub. Bu yanlış izah edilməli deyil, ixtisar olunmayıb, o vəzifələr digərləri ilə əvəz olunub".
Milli.Az xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Teatr sektorunun müdiri Böyükxanım Talıbova deyib.
Onun sözlərinə görə, burada baş rejissor, baş rəssam, bədii rəhbər və digər bu kimi texniki vəzifələr də var ki, bu sıralamaya daxildir:
"Bu dəyişikliklərə baş rejissor, baş rəssam, bədii rəhbər və digər oxşar texniki vəzifələr daxildir. Təbii ki, cəmiyyəti daha çox yaradıcı tərəf maraqlandırır. Biz struktur cədvəlini elə tənzimləmişik ki, baş rejissorlar şöbə müdiri kimi, eləcə də quruluşçu rejissor, quruluşçu rəssam kimi, yəni aidiyyəti ixtisas və ixtisas dərəcəsinə uyğun olaraq teatrın daxilində fəaliyyətlərini rahat şəkildə davam etdirə biləcəklər".
Vurğulayıb ki, bu dəyişikliklərin əsas məqsədi teatrların layihə əsaslı iş sisteminə keçidini təmin etməkdir:
"Əgər repertuar və layihə əsaslı fəaliyyət modelinə baxsaq, dünya təcrübəsində bunun daha səmərəli olduğunu görərik. Bu zaman konkret tamaşa, konkret heyət və konkret rejissorla iş qurulur".
Onun sözlərinə görə, əgər rejissor tamaşa üçün öz yaradıcı heyətini kastinq əsasında formalaşdırırsa, bu halda ayrıca baş rejissor institutuna ehtiyac qalmır.
Mina Mikayılova
Milli.Az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.