"Donald Trampın ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Abraham Linkoln” aviadaşıyıcısının rəhbərlik etdiyi hərbi gəmi qrupunun İrana doğru hərəkət etdiyini açıq şəkildə bəyan etməsi təsadüfi mesaj deyil. Bu addım ilk növbədə hərbi əməliyyatın qaçılmaz olduğunu göstərməkdən daha çox, klassik Tramp strategiyasının, yəni, “maksimum təzyiqlə danışıqlara məcbur etmə” yanaşmasının tərkib hissəsidir. Tramp bir tərəfdən real hərbi çəkindirmə elementini ön plana çıxarır, digər tərəfdən isə İranı nüvə silahlarını qadağan edən razılaşma ətrafında danışıqlara dəvət edir. Vaxtın sürətlə azaldığı ilə bağlı vurğu isə indiki məqamda faktiki olaraq psixoloji təzyiqi gücləndirməyə hesablanıb. Yəni başqa sözlə Tramp deyir ki, ya mənim şərtlərimi qəbul etməlisən, ya da eskalasiya qaçılmaz olacaq".
Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Yusif Bağırzadə ABŞ Prezidenti Donald Trampın İranla bağlı sonuncu açıqlamasını şərh edərkən bildirdi.
Onun sözlərinə görə, İran tərəfinin bütün bəyanatları onu deməyə əsas verir ki, Tehran bu çağırışa dərhal müsbət cavab vermək niyyətində deyil:
"Bunun əsas səbəbi təkcə nüvə proqramı ilə bağlı texniki məsələlər deyil. Səbəblərdən biri ondan ibarətdir ki, Tehran Tramp administrasiyasına etibar etmir və istənilən razılaşmanın uzunmüddətli olacağına dair ciddi şübhələri var. Digər tərəfdən isə İran daxilindəki sərt xətt tərəfdarları xarici təzyiq fonunda əldə olunacaq razılaşmanı strateji geri çəkilmə və zəiflik kimi qiymətləndirirlər. Amma bütün bunlara baxmayaraq Tehran ABŞ-nin tələblərinə kəskin şəkildə tamamilə yox deməyin nə qədər riskli olduğunu da başa düşür. ABŞ-nin regionda artan hərbi mövcudluğu, İsrail faktorunun yaratdığı əlavə risklər və uzunmüddətli sanksiyaların İran iqtisadiyyatına vurduğu zərbələr Tehranın manevr sahəsini daraldır. İran şübhəsiz ki, müharibə istəmir, xüsusilə də bu müharibənin nəticələrinin nəzarətdən çıxmaq ehtimalı fonunda. Lakin eyni zamanda, o, beynəlxalq arenada təslim olan tərəf kimi görünməkdən də çəkinir.
Odur ki, hazırda İranın müəyyən çıxış yolları axtardığı müşühidə olunmaqdadır. İran xarici işlər nazirinin Türkiyəyə səfəri, ABŞ ilə İran arasında vasitəçilər axtarması da bunun bariz sübutudur. Əgər İran danışıqlar masasında oturaraq nüvə proqramı və digər tələblərlə bağlı hansısa razılaşmalara gedərsə, o zaman hansısa müsbət nəticələrdən danışmaq mümkün olacaq. Amma İranın dirənişi halında hərbi müdaxilə ehtimalı kifayət qədər artmış olacaq. Hələ ki, müşahidələr İranın nüvə ambisiyalarından tam olaraq imtina etmək niyyətində olmadığını göstərir".
Nuriyyə NATİQQIZI