Sia Az saytından alınan məlumata görə, ain.az bildirir.
"Milli Məclisin sədri Sahibə Qafarovanın Oman Sultanlığına rəsmi səfəri Azərbaycan–Oman münasibətlərinin inkişafı baxımından mühüm siyasi hadisə kimi qiymətləndirilməlidir. Bu səfər təkcə ikitərəfli əlaqələrin möhkəmləndirilməsi deyil, eyni zamanda Azərbaycanın Yaxın Şərq regionunda həyata keçirdiyi çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursunun tərkib hissəsidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.
Onun sözlərinə görə, son illərdə parlament diplomatiyasının beynəlxalq münasibətlər sistemində artan rolu bu cür səfərlərin strateji əhəmiyyətini daha da artırır: "Azərbaycan ilə Oman arasında münasibətlər qarşılıqlı hörmət və suverenliyə əsaslanan prinsiplər üzərində qurulub. Parlament səviyyəsində əlaqələrin inkişafı siyasi dialoqun dərinləşməsinə, hüquqi və institusional əməkdaşlığın genişlənməsinə şərait yaradır. Bu kontekstdə Milli Məclisin sədrinin Oman Sultanlığına səfəri tərəflər arasında qanunverici orqanlar xətti ilə əməkdaşlığın yeni mərhələyə keçməsinə imkan yarada bilər. Oman regionda balanslı və praqmatik xarici siyasət yürüdən dövlət kimi tanınır. Azərbaycanın da oxşar yanaşma nümayiş etdirməsi iki ölkə arasında siyasi baxımdan etibarlı tərəfdaşlığın formalaşmasına zəmin yaradır. Bu səfər çərçivəsində keçiriləcək görüşlər regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və humanitar əlaqələr kimi məsələlərin müzakirəsi üçün əlverişli platforma yaradır.
Eyni zamanda, səfər Azərbaycanın Yaxın Şərqdə parlament diplomatiyası vasitəsilə siyasi mövcudluğunu gücləndirmək niyyətinin göstəricisi kimi də dəyərləndirilə bilər. Qlobal geosiyasi dəyişikliklər fonunda Azərbaycan yeni tərəfdaşlıqlar qurmaqla öz beynəlxalq mövqeyini daha da möhkəmləndirməyə çalışır. Bu baxımdan Oman kimi strateji mövqeyə və sabit siyasi xəttə malik ölkə ilə əlaqələrin genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Ümumilikdə, Sahibə Qafarovanın Oman Sultanlığına rəsmi səfəri Azərbaycan–Oman münasibətlərinin institusional əsaslarının gücləndirilməsinə, parlamentlərarası əməkdaşlığın genişlənməsinə və Azərbaycanın regional diplomatik imkanlarının artmasına xidmət edən mühüm siyasi addım kimi qiymətləndirilə bilər".
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.