Bakupost saytından alınan məlumata görə, ain.az bildirir.
Qızıl bu ilin yanvarını son 46 ildə ən böyük aylıq qazancla bağlayacaq. Qiymətli metal yanvar ayında indiyədək 24%-dən çox bahalaşaraq ardıcıl altıncı aylıq qazancını təmin etdi və 1980-ci ildən bəri ən böyük aylıq artım deməkdir. Qızılın durmadan bahalaşması, təbii ki, zinət əşyalarının qiymətinə də təsir edir. Qiymət artımının təsiri zərgərlik bazarlarını iflic edib.Həm satıcıları, həm də alıcıları çətin vəziyyətə düşməsini nəzərə alıb, Bakupost.az-ın əməkdaşı Zərgərlər Assosiasiyasının sədr müavini Rövşən Əmircanovdan münasibət öyrəndi.
– Rövşən müəllim, son bir həftə iki beynəlxalq investisiya fondunun təyin etdiyi fərqli psixoloji hədləri aşıb. Qiymətlərin durmadan bahalaşdığı bir vaxtda zərgərlik məmulatlarında da qiymət fərqləri yaranıb. Qızıl məmulatını alınarkən hesablanan qiymət satılarkən nəzərə alınmır. Zərgərlər Assosiasiyası bunu necə tənzimləyir və ya bu prosesə necə təsir göstərir? Ümumiyyətlə, qiymətlər hansı meyarlarla hesablanır?
– Qızılın dünya birjalarında sürətlə bahalaşması daxili bazara birbaşa təsir göstərir. Bununla belə, zərgərlik məmulatlarının qiyməti yalnız xalis qızılın unsiya dəyərinə əsasən formalaşmır. Qiymətə məmulatın əyarı və çəkisi ilə yanaşı, emal xərcləri, dizayn xüsusiyyətləri, idxal xərcləri və ticarət marjası da təsir edir.Alış zamanı istehlakçı həm qızılın xalis dəyərini, həm də məmulatın hazırlanması və satışla bağlı əlavə xərcləri ödəyir. Satış zamanı məmulat, əsasən, bəzək əşyası kimi deyil, xammal – yəni əridilərək təkrar dövriyyəyə qaytarıla bilən qızıl kimi qiymətləndirilir. Bu halda əsas göstəricilər əyar və xalis çəkidir; işçilik və dizayn dəyəri, adətən, nəzərə alınmır. Bu səbəbdən alış və satış qiymətləri arasında nəzərəçarpacaq fərq yaranır.Zərgərlər Assosiasiyasının rolu daha çox sahə üzrə standartların qorunması, bazar iştirakçıları ilə dövlət qurumları arasında əməkdaşlığın təşkili və maarifləndirmə işlərinin aparılması ilə bağlıdır. Qiymətlər isə əsasən dünya bazarındakı unsiya dəyəri, valyuta məzənnəsi və daxili bazar şərtləri nəzərə alınmaqla formalaşdırılır.– Təbii ki, ən bahalı qızıl İtaliya qızılıdır (75 faiz qızıl), Türkiyə və Rusiya qızılında bu tərkib daha azdır. Amma istənilən halda bahalaşma fantastik dərəcədir. Bununla yanaşı, satış və alış arasında da uçurum var.
– Ümumilikdə daha yüksək dəyərə malik olan, mənşə ölkəsindən asılı olmayaraq, tərkibində xalis qızılın payı daha çox olan – yəni yüksək əyarlı qızıldır (məsələn, 999,9). İtaliya istehsalı olan məmulatlarda, adətən, 750 əyar (18 karat) geniş yayılıb və bu məmulatlar yüksək keyfiyyətli emalı və estetik xüsusiyyətləri ilə seçilir. Türkiyə və Rusiya istehsalı zərgərlik məmulatlarında isə çox vaxt 585 əyarın (14 karat) üstünlük təşkil etdiyi müşahidə olunur. Əyar yüksəldikcə məmulatın tərkibində xalis qızılın payı artır və bu, qiymətə birbaşa təsir göstərir.Bununla belə, bahalaşmanın əsas səbəbi əyar fərqləri deyil, dünya bazarında qızıla olan tələbatın artmasıdır. Geosiyasi gərginliklər, inflyasiya təzyiqləri, mərkəzi bankların qızıl ehtiyatlarını artırması və investorların daha etibarlı aktivlərə yönəlməsi unsiya qiymətinin rekord həddə yüksəlməsinə səbəb olub.Alış və satış arasındakı ciddi fərq isə zərgərlik məmulatının qiymətləndirilmə mexanizmi ilə bağlıdır. Alıcı məmulatı hazır bəzək əşyası kimi əldə edir, satış zamanı isə həmin məmulat, əsasən, xammal kimi qəbul olunur. Bundan əlavə, zərgərlər geri alış zamanı əridilmə itkiləri, bazar dəyişkənliyi və risk amillərini də nəzərə alırlar. Nəticədə geri alış qiyməti, bir qayda olaraq, satış qiymətindən əhəmiyyətli dərəcədə aşağı olur.Bu səbəbdən qızıl məmulatları daha çox uzunmüddətli dəyərin qorunması məqsədi ilə əldə edilsə də, qısa müddətdə alqı-satqı investisiya baxımından hər zaman səmərəli hesab edilmir.Cavid, BakuPost
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.