AZ

Nazirlik yerli cinsləri inkişaf etdirə bilmir - biri 9 minə Danimarkadan inək aımağın başqa izahı yoxdur...



Son illərin rəsmi statistikası göstərir ki, Azərbaycanda heyvandarlığın inkişafı adı altında seçilən əsas istiqamət faktiki olaraq bahalı idxala əsaslanır. Təkcə ötən ilin yanvar-noyabr aylarında ölkəyə 5 690 baş safqanlı cins inək gətirilib və bunun üçün 24 milyon 544 min dollar vəsait xərclənib. Bu isə bir baş inəyin orta hesabla 4 314 dollar və ya təxminən 7 330 manata başa gəlməsi deməkdir. Yerli bazarda 2-3 min manata məhsuldar cins tapıldığı bir şəraitdə bu rəqəmlər strategiyanın iqtisadi məntiqini ciddi şəkildə sual altına alır.

İdxalın coğrafiyasına baxdıqda da mənzərə dəyişmir. Çexiyadan 1 746 baş, Estoniyadan 1 582 baş, Uruqvaydan 714 baş, Avstriyadan 592 baş, Danimarkadan 573 baş inək gətirilib. Bəzi ölkələr üzrə bir baş heyvanın gömrük dəyəri 8-9 min manata qədər yüksəlib. Məsələn, Latviyadan gətirilən inəklərin bir başı orta hesabla 8 860 manata, Uruqvaydan idxal olunanların isə 8 658 manata başa gəlib. Bu rəqəmlər artıq təkcə təsərrüfat deyil, dövlət büdcəsi üçün də yüksək risk deməkdir.

Ən problemli məqam isə ondan ibarətdir ki, bu qədər böyük vəsait xərclənməsinə baxmayaraq, idxal olunan heyvanların mühüm hissəsi yerli iqlimə, yemləmə sisteminə və saxlanma şəraitinə uyğunlaşa bilmir. Nəticədə gözlənilən süd məhsuldarlığı əldə olunmur, bəzi hallarda isə heyvanlar bir il belə keçmədən sıradan çıxır. Beləliklə, milyonlarla dollar vəsait faktiki olaraq dayanıqlı istehsal yaratmadan itirilir.

Kənd Təsərrüfatı Nazirliyinin idxala əsaslanan bu yanaşması daha çox qısa müddətli görüntü yaradır, nəinki uzunmüddətli inkişaf təmin edir. Halbuki ölkədə gündə 8–10 litr süd verən, iqlimə davamlı yerli cinslər mövcuddur və onların genetik bazası seleksiya, süni mayalanma və hibridləşdirmə yolu ilə mərhələli şəkildə gücləndirilə bilər. Bu, həm xərcləri azaldar, həm də əldə olunan nəticələri daha davamlı edər.

Ən əsası isə idxal bu sahədə əsas məqsəd deyil, alət olmalıdır. Xaricdən gətirilən cins heyvanlar fermer təsərrüfatlarına paylanmaq üçün deyil, seleksiya mərkəzlərində genetik material kimi istifadə edilməlidir. Yəni idxal yalnız süni mayalanma, hibrid cinslərin yaradılması və yerli genofondun yaxşılaşdırılması üçün xidmət etməlidir. Minlərlə baş bahalı inəyi hazır məhsul kimi ölkəyə gətirmək nə elmi, nə də iqtisadi baxımdan əsaslandırılmış yanaşmadır.

Bu gün bir baş idxal inəyinə orta hesabla 7-8 min manat xərcləndiyi halda, eyni vəsaitlə bir neçə yerli məhsuldar inəyi alıb elmi əsaslarla çoxaltmaq mümkün olardı. Bu həm ölkədən valyuta axınının qarşısını alar, həm də yerli şəraitə uyğun, dayanıqlı heyvandarlıq modelinin formalaşmasına şərait yaradardı. Mövcud rəqəmlər isə göstərir ki, hazırkı strategiya daha çox dövlət vəsaitinin səmərəsiz xərclənməsi ilə nəticələnir.

Əgər yanaşma dəyişməzsə, idxala əsaslanan bu model uzunmüddətli inkişaf deyil, sadəcə bahalı və təkrarlanan uğursuzluqlar silsiləsi olaraq qalacaq. Bu isə artıq təsadüf yox, yanlış siyasətin statistika ilə təsdiqidir.

Akif NƏSİRLİ

Seçilən
2
14
baki-xeber.com

10Mənbələr