AZ

Təki yol gedən kəsin qəlbində çıraq olsun!

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Vaqif BƏHMƏNLİ

Ötən əsr, yetmişinci illərin qurtara-qurtarı, səksəninci illərin lap əvvəli idi...

Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olan, qara saçlarına təzə-təzə dən düşməyə başlayan 25 yaşlı bir gənc o zamanın "Sovet kəndi" adlanan qəzetin mədəniyyət şöbəsində əyləşib redaksiyaların pərdə arxası dili ilə desək, məktublar üzərində işləyirdi. O, mən idim. Hava istiydi. Bayaqdan açıq olan qapıda gur qara saçlarına dən düşməyən 18-19 yaşlarında bir gənc göründü və hədsiz bir utancaqlıqla otağa girdi. Bu, indi saçında dərman üçün bircə dənə qara tel olmayan Umud Mirzəyev idi - Umud Rəhimoğlu. Tanışlığımızdan bəlli oldu ki, o da Füzuli rayonundandı, Aşağı Əbdürrəhmanlı kəndindən. Dedi ki, şeir yazır. Üzərində işlədiyim məktubları qırağa qoyub Umudun şeirlərini oxudum. Ona nə dedim, nə demədim, şeirlərin bir oxucu kimi məndə oyatdığı təəssürat necə idi, yadımda qalmayıb. Yadımda qalan odur ki, bu qapıdan girən əksər müəlliflərdən fərqli olaraq, o, şeirlərinin qəzetdə dərc olunmasından yana bir kəlmə də söyləmədi. Bu təmənnasızlıq  xoşuma gəldi.

Deyəsən, elə belə də demişdi: "İstədim bu cızma-qaralar haqqında fikrini bilim, qardaş".

O qardaş, bu qardaş, otuz bir ildir ki, biz qardaşıq. Və mən fəxr eləyirəm ki, Umud Rəhimoğlu adında qardaşım var. Umud müəllimlə fəxr eləyən təkcə mənəmmi? Onun ömür yolunun yarıdan da çox hissəsi gözlərimin qarşısından ötüb. Əslində bizim, yəni dostların gözündən yayınan irəliki illər elə hamımızınkı kimidi; filan ildə doğulub, filan kənd orta məktəbini bitirib, ordu sıralarında xidmət eləyib, fəhlə işləyib...

Əlbəttə, Umudun addımlarının bərkiməsində tərbiyə aldığı halal ailə mühiti, yenə də o zamanın dili ilə desək, nümunəvi şagirdlik dövrü təsirsiz deyil. Onun dünyaya göz açdığı evin bünövrəsi də, divarı da, çardağı da zəhmətdir. Zəhmətkeşlik Rəhim dayının içi Umud qarışıq bütün övladlarına ata qanı, ana südüylə keçib. Heç kəsin şübhəsi olmasın, mən bunu tam qətiyyətlə deyirəm: ağlı, mərifəti, ləyaqəti, vicdanı, nəhayət, xeyirxahlıq və mərhəməti də zəhmət formalaşdırır. Mən Umud Rəhimoğlunun mənsub olduğu nəsli bunun ən bariz nümunələrindən biri hesab eləyirəm.

Sonra... Sonra təpədən dırnağa şairlər yurdu olan bir məmləkətdə bədii sözün sehrinə düşən Umud çoxlarının arzuladığı, amma əli yetmədiyi bir şans qazandı. O, Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi və qatıldığı müsabiqənin nəticələrinə görə 1982-87-ci illərdə Moskvada, M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil aldı.

Ustad şairlər, yazıçılar, ədəbiyyatşünaslar, jurnalistlər çevrəsində, yaradıcı mühitdə, kitablar arasında, yazı masası arxasında keçən beş il Umudun peşəkar bir qələm sahibi və yetkin ziyalı kimi yetişməyində müstəsna rol oynadı. Umudun hər gün yeniləşən, necə deyərlər, dinamik uğurlarında aldığı təhsil indi də hərəkətverici qüvvə, intellektual mənbədir.

Sonra... Sonra o, təyinatla sevilən ustad şairimiz Nəriman Həsənzadənin redaktorluğu ilə çıxan "Ədəbiyyat və incəsənət" qəzetinə göndərildi, orada elm, publisistika və məktublar şöbəsinə rəhbərlik etdi.

Nəhayət... Nəhayət, 1992-ci ildə müstəqil dövlətin Qeyri-hökumət təşkilatlarının qaranquşlarından olan Beynəlxalq Avrasiya Mətbuat Fondunu yaratdı. O vaxta qədər bu dünyaya gəlməyinin və nə üçün yaşadığının məğzini kövrək, isti, zərif və bəzən kədərli misralarda deyən Umud Rəhimoğlu vətəndaş mövqeyini ortaya qoydu. Məncə, insan varlığının ən ali dəyəri, bəlkə sözdən də irəli olan dəyəri vətəndaşlıqdır. Umud Rəhimoğlu vətəndaş olmağı bacardı. Şair ürəyi ilə, duyğusallığını hifz edərək...

Aşağı-yuxarı, 40 il bundan öncə "Sovet kəndi" qəzetində mədəniyyət şöbəsinin taybatay açıq qapısından utana-utana keçən Umud Rəhimoğlu 33 il ara vermədən çoxlarının döyməyə ürək eləmədiyi qapıları cəsarətlə açdı. Bu qapılar beynəlxalq statuslu qapılardır. İki gün sonra, fevralın 1-də xəbər-ətər eləmədən, xarakterinə uyğun bir sakitliklə 65 yaşa yetişən, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Umud Rəhimoğlu təvazökar yubileyinə əliboş gəlməyib, əksinə, silsilə uğurlarla gəlib. Cenevrə Konfransının (MDB üzrə) konfliktlərin idarə olunması və qarşısının alınması isçi qrupunun, habelə "Marşal" Mərkəzinin Cənubi Qafqazda konfliktlərin idarə olunması və aradan qaldırılması üzrə tədqiqat qrupunun, bununla bərabər, Mətbuat Şurası İdarə Heyətinin, Milli QHT Forumu İdarə Heyətinin üzvü kimi gəlib.

Umud Rəhimoğlunun prezidenti olduğu Beynəlxalq Avrasiya Mətbuat Fondu dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları ilə - BMT, ABŞ Dövlət Departamenti, Avropa Komissiyası, Amerikanın Tədqiqat Əməliyyat Mərkəzi, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Jurnalistlət Federesiyası, Sərhədsiz Reportyorlar, Jurnalistləri Müdafiə Komitəsi, Dünya Mətbuat Azadlığı Komitəsi, Beynəlxalq Azad Fikir mübadiləsi İnstitutu və s. əməkdaşlıq edir, bu təşkilatlardan bir çoxunun Qafqaz və Azərbaycan üzrə təmsilçisidir.

Ola bilsin ki, sadalananlar kiməsə təşkilat adı kimi görünsün. Lakin bu əməkdaşlığın qurulması təşkilatçı insandan davamlı fəaliyyət, dözüm, qətiyyət, intellekt tələb edir.

Mən bir dəfə xırda bir yazıda onun Azərbaycan amalı ilə ortaya qoyduğu aramsız cəfakeşliyə işarə edərək söyləmişdim: "Onu tanıdığım 40 il ərzində Umud Rəhimoğlu öz yazılarını, ədəbi fəaliyyətini pərdə arxasında saxlayır, vətəndaş mövqeyini önə çəkərək öz xalqına məhz ikinci yolla xidmət göstərmək istəyir. Xalqa xidmət müqəddəsdir, istəyir sözlə, qələmlə olsun, istəyir işlə, əməllə!

Umud Rəhimoğlu əməl adamıdır. Şairlərin şeirdə vəsf elədiyi yaxşılıqları, o, əməli ilə həyatda insanlara bağışlayır. O, qurur, yaradır, əl tutur, xalqın, dövlətin ali maraqlarının müdafiəsində tərəddüdsüz, sabit dayanır. Umud şair olaraq yaxşılıqlar haqqında yazmaqdansa, yaxşılıqları yaratmaq yolunu tutub, vətəndaşlığı önə çəkib. Əlbəttə, haqq eləyib, çünki yeni mərhələdə xalqımızın intellektual, istedadlı, qurub-yaratmağı bacaran xeyirxah insanlara təbii sərvətlər qədər, bəlkə bundan da artıq ehtiyac var".

Müəyyən yaşa dolan, təcrübəli şəxsiyyət haqqında təməl fikirlərin üst-üstə düşməsi təbiidir. Umud haqqında yuxarıda oxuduqlarınız yalnız bir şəxsə aid deyil əslində. Mən ondan yazarkən fövqəladə bir gözlənilməzliklə bu dünyadan gedən və bu dünyada yaşayan yaxın, dost insanların simaları gözün önündə sıralanır. Sabir Əhmədov, Cabir Novruz, Musa Yaqub, Fikrət Qoca, Aydın Səlimzadə, Vidadi Məmmədov, Aydın Məmmədov, Vaqif İbrahim, Saiq Vəli, Əlisəmid Kür... daha neçə-neçə itirdiklərimiz...

Umudla bu gün də çörək və fikir bölüşənlər: Nəriman Həsənzadə,  Zakir Fəxri, Rəşad Məcid, Cahangir Məmmədli, Azay Quliyev, Əflatun Amaşov, Azər Həsrət, Qulu Ağsəs, bu sətirlərin müəllifi - daha neçələri...

Bir zaman, səhv etmirəmsə, Umud bəyin 50 yaşının tamamında şair Rəşad Məcidin redaktorluğu ilə "Xüsusi buraxılış" hazırlamışdım. Orada ölkəmizin tanınmış ziyalıları Rəhimoğlu barədə fikirlərini bölüşmüşdülər. Məncə, bəzilərini xatırlatmaq yerinə düşər.

Fikrət Qoca, Xalq şairi:

- Umudu mən həmişə sözünün sahibi olan bir insan kimi tanıyıram. O, əxlaq sahibidir. Adamlar həm savadlı olur, həm də əxlaqlı. Bunların ikisi də bir yerdə olanda güclü olur. Bütün vəziyyətlərdə Umud öz mövqeyini qoruyub, bu günə qədər əsən küləklərin heç biri onu yolundan döndərməyib, öz tərəfinə çəkə bilməyib. O, bütün vəziyyətlərin içərisindən özü olduğu kimi keçib. Bu, kişi sifətidir.

Hacı Sabir Həsənli, dinşünas alim:

- Umud Rəhimoğlu adında Rəhimliliyin, Rəhmanlığın, insanlara köməkdarlığın əlamətləri olduğu qədər, onun əməllərində də xarakterik cizgilər öz əksini tapıb. Umud Rəhimoğlu böyük ürək sahibi olaraq Azərbaycan jurnalistlərinin ictimai müəllimi, təşkilatçı lideridir. O, ictimai fikrimizə ləyaqət, fədakarlıq, məsuliyyət gətirib. Haqlarımızın, insan hüquqlarının dünya arenasında yorulmaz müdafiəçisi, qaçqın-köçkün dərdinin yükünü öz dərdi qədər daşıyan şəxsiyyətdir.

Hətəm Quliyev, "Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi  üzvü:

- Umud Rəhimoğlu Azərbaycan müstəqilliyinin bərpa olunduğu ilk illərdə Respublika ətrafında düşmənlərimiz tərəfindən yaradılmış informasiya blokadasının aradan qaldırılması üçün ciddi əməli işlər görən, xalqını, vətənini sevən, bacarıqlı bir insandır. Ölkədə qeyri-hökumət təşkilatlatlarının formalaşmasında, Azərbaycanda dayanıqlı inkişaf edən vətəndaş cəmiyyətinin qurulmasında, təcavüzə məruz qalmış ərazilərimizin hərbi sursatlardan təmizlənməsində və bir sıra digər sahələrdə onun görkəmli xidmətləri var. Umud Rəhimoğlu insanlara qarşı qeyri-adi dərəcədə diqqətlidir, çoxlu dostları var. Mən də onun dostlarından biriyəm. O, təvazökar, işgüzar, səmimi, ailəsini və uşaqlarını sevən bir azərbaycanlıdır. Belə insanlar ətrafa nur saçır, xeyirxah işlər görürlər, xeyirdə-şərdə imkansız adamların harayına çatırlar.

Nazim İsmayılov, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Azərbaycan Milli Agentliyinin sabiq direktoru:

- O, adi rəhbər deyil, yüksək təşkilatçılıq bacarığına və istedadına, çevik idarəetmə və nəticə çıxarmaq qabiliyyətinə malik bir liderdir. Sədri olduğu Beynəlxalq Avrasiya Mətbuat Fondu öz faydalı fəaliyyəti ilə başqalarına nümunə ola biləcək ən aparıcı qeyri-hökumət təşkilatlarından biridir. O özünün çoxşaxəli fəaliyyəti ilə ölkənin ictimai həyatında fəal iştirak edir. Azərbaycan həqiqətlərinin, Dağlıq Qarabağ problemi barədə obyektiv informasiyaların dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında, ölkədə üçüncü sektorun formalaşmasında və inkişafında, media və vətəndaş cəmiyyəti quruculuğunda onun böyük xidmətləri vardır. Umud müəllim əsl vətəndaş mövqeyinə malik olan, məmləkətini, xalqını bütün varlığı ilə sevən, onun ağrı-acılarına şərik olaraq yaşayan və bu ağrı-acıları aradan qaldırmaq yollarında yorulmadan mübarizə aparam yetkin bir ziyalıdır.

Azay Quliyev, Milli Məclisin deputatı:

- Umud Rəhimoğlu mənim tanıdığım çox az adamlardandır ki, öz fəaliyyətində ləyaqət və əxlaqını qoruyub saxlamağı bacarsın. O, çox dürüst adamdır, obyektivdir, həmişə sözünün sahibi olub, haqqı-ədaləti sevən adamdır. O, ictimai fəaliyyətində, təşkilati işlərindəki addımlarında, dövlətçilik hisslərində ədalət prinsipinlərini qoruyan, haqsızlığa rəvac verməyən şəxsiyyətdir.

Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycanın informasiya blokadasında qaldığı vaxtlardan başlayaraq Umud Rəhimoğlu Vətənin harayını dünya ictimaiyyətinə çatdırmaqla məşğuldur, dünyanın ayrı-ayrı ölkələrindən dəvət etdiyi jurnalistlər vasitəsi ilə Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunmasının, Xocalı soyqırımının, qaçqın, köçkün problemlərinin beynəlxalq arenaya çıxarılmasına çalışıb və bu gün də həmin işləri davam etdirir.

Cahangir Məmmədli, BDU-nun professoru:

- Umud Rəhimoğlu Azərbaycan ictimai fikrində tanınmış simadır. O, mətbuata, ədəbiyyata, ictimai fikrə qorxmadan-çəkinmədən birbaşa gəlib. O, jurnalistikada və bədii söz dünyasında, siyasətdə heç vaxt gözləmə mövqeyində durmayıb, sübut edib ki, söz sahibidir. Onu ictimaiyyət tez tanıdı, çünki Umud Rəhimoğlu mövqeyində səmimidir. Umud müəllim təşkilatçı adamdır, ideyalarını praktik işlə birləşdirən, həyata keçirməyi bacarandır. Onun rəhbərlik etdiyi Beynəlxalq Avrasiya Mətbuat Fondu əsl azərbaycançılıq ocağıdır. Mətbuata, jurnalistikaya, ictimai fikrin inkişafına qayğı mərkəzidir. O, gənc jurnalistlərimizin maddi-mənəvi qayğıkeşidir. Umud Rəhimoğlu ədəbi söz sənətinə bələd adamdır, onun bütün cərəyanlara dəqiq, qərəzsiz, obyektiv münasibəti var. O, müstəqil adamdır, obyektivliyi dostuna da bağışlamaz. O, yaxşı azərbaycanlıdır, Azərbaycan üçün dünya miqyasında işlər görmək, məmləkəti bütün dünyaya tanıtmaq onun həyat amalıdır. Umud Rəhimoğlu həyatda ideyalar generatoru, müsbət enerji daşıyıcısıdır, əsl insandır.

Musa Yaqub, şair:

- Mən ilk növbədə Umudu gözəl, qısa, amma məzmunlu, işıqlı, lirik şeirlər müəllifi kimi tanıyıram. Əsl söz sənətinə yiyələnmiş qələm dostum öz poetik yazıları ilə oxucuları ətrafına yığmaqla bərabər, qələm adamlarının da fikirlərini cəlb edib rəğbət qazandı. Mətbuat, ədəbiyyat və müxtəlif sənət sahələrində onun qələmi eyni şirinliklə işləməyə başladı. Elə bil Umudun bütövlükdə özü də şirinlik və səmimiyyət tamamlayıcısıdır.

Arif Əmrahoğlu, ədəbiyyatşünas alim:

- Umud Rəhimoğlunu həmişə dostlarının, qohumlarının, eloğlularının, ümumiyyətlə, ehtiyacı olanların ümid yeri kimi tanımışam. Qarabağ dərdi onun axan qanı kəsilmək bilməyən yarasıdı. Əsas fəaliyyətini, bacarığını, istedadını, bütün potensial imkanlarını bu dərdin-yaranın sağalmasına həsr edən Umud Rəhimoğlunun Pribaltika, MDB məkanında Qarabağ problemi ilə bağlı böyük-böyük qurumların öhdəsindən gələ bilmədiyi işlər gördüyünün dəfələrlə şahidi olmuşam. Şahidi olmuşam və məndə əminlik yaranıb ki, Umud şəxsiyyət kimi də miqyaslı, masştablı işlər görmək, Qarabağ həqiqətlərini - axan qanı kəsilmək bilməyən yaramızla bağlı həqiqətləri, bunları görüb bilən, amma görməməzliyə, bilməməzliyə vuranlara çatdırmaq iqtidarındadı".

Rəşad Məcid, şair-publisist, "525-ci qəzet"in baş redaktoru:

- Mən Umud Rəhimoğlunu lap çoxdan - hələ o, Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda oxuduğu illərdən tanıyıram və yaradıcılığına da yaxından bələdəm. Umud Rəhimoğlu istedadlı publisist, jurnalist və şair kimi oxucuların diqqətini hələ 1980-ci illərin əvvəllərində cəlb etmişdi. Həmin vaxtlarda o, ictimai işlərdə də fəal idi. Moskva mühiti onun həm yaradıcılığına, həm də gələcək ictimai işlərdəki təcrübəsinə böyük kömək göstərdi.

Umud Rəhimoğlunun Moskvada, Ədəbiyyat İnstitutunda birgə oxuduğu dostlarının və özünün qurduğu əlaqələr vasitəsilə yaratdığı Beynəlxalq Avrasiya Mətbuat Fondunun fəaliyyətinin ilk illəri indi də yadımdadır.

Umud Rəhimoğlu özünün işgüzarlığı, təşkilatçılığı, qabiliyyəti sayəsində, çətin rəqabət şəraitində həmin təşkilatı Azərbaycanda tanınan, beynəlxaq təşkilatların da hesablaşdığı və birgə işlədiyi bir quruma çevirə bildi.

Zakir Fəxri, şair:

- Umudu çoxdan tanıyıram. Moskvada təhsilini başa vurub, "Ədəbiyyat və incəsənət" qəzetində işə baslayan gündən. Qısa bir zamanda bizim ədəbi mühitin, ədəbi dairənin içində özünə yer tuta bildi. O zamanlar bizim çevrəyə düşmək, qəbul olunmaq çox çətin bir məsələydi. Zaman keçdikcə Umud Rəhimoğlu hamının sevimlisi, dostuna çevrildi. Umud bizlərə o qədər doğmalaşdı ki, onu görməyəndə darıxırdıq.

Tale elə gətirdi ki, bir binada qonşu olduq, 1989-cu ildə... 1990-cı ilin qanlı 20 Yanvar faciəsindən sonra onun iç dünyasına da bələd oldum, torpağını, millətini özü qədər sevən Umudu. Umud Qarabağ yükünü çiynində daşıyan, ailəlikcə, nəsillikcə bu ağır faciəni - torpaq itkisini, didərginlik ağrısını bu günəcən yaşamaqdadır.

Qonşu olduğumuz bu illər qonşularımızı, çox dəyərli qələm adamlarını itirdik - Aydın Məmmədovu, Eldar Baxışı, Aydın Səlimzadəni, İsa İsmayılzadəni, Nadir Cabbarovu, Səyavuş Sərxanlını... Həmin ağır günlərdə Umudun gözəl qonşu, qiymətli dost, dəyərli adam olduğunu hamılıqca hiss etdik, gördük...

Umud ruhən torpağına, suyuna bağlı adamdır. Hamıya yarıyan adam...

Qulu Ağsəs, şair, "Ulduz" jurnalının baş redaktoru:

- Umud Rəhimoğlu yaşından çox yaşlı görünür, sonralar görmüşəm ki, o, xalqın başına gələn faciələri içindən keçirən, öz şəxsi dərdi hesab edən ziyalı olduğu üçün tez yaşlaşıb. Amma saçını əbəs yerə ağartmayıb, çox iş görüb. Rəhbərlik etdiyi Beynəlxalq Avrasiya Mətbuat Fondunun bütün fəaliyyəti bir kitaba sığmaz.

O, M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib, zəngin şeir və publisistik yaradıcılığa malikdir. "Ədəbiyyat və incəsənət" qəzetində şöbə müdiri kimi öz sözünü deyib. O, gecəsi ilə gündüzünü qarışıq salan, vaxtı istismar edən, zamanın altını üstünə çevirən adamdır.

Umud Rəhimoğlu yetkin publisist və istedadlı şairdir. Əlimin altında onun bir neçə şeiri var. Umud Rəhimoğlunun "Dünya" və "Hamımız bir adamıq" şeirlərini bu yazıya daxil edirəm ki, təəssüratımız bir az da tamamlansın.

Hamımız bir adamıq

Dünyanın yaşı-yaşımız,

Ən qədim daş başdaşımız.

Ölən - bacı, qardaşımız...

Bir kökük, min bir budağıq.

Tanrının vaxtsız ölümü

Hamıya olan zülümü!

Öləndə, qardaş, külümü,

Ocağının başına yığ!

Bir yazıbdı tale yazan,

Yarı-canlı köçər insan.

Dərin qazma, qəbir qazan,

Elə qaz ki, qəbirdən çıx!

Dərdim oldu özgə dərdi,

Mən unutdum, o göyərdi.

Ömür birdi, ölüm birdi,

Biz hamımız bir adamıq!

Dünya

Min ildi bu yol tanışdı,

Əvvəlim daş, sonum daşdı,

Dərdim dərdlərə qardaşdı,

Məndən olmaz yetim, dünya!

Qarğışım çox, baxtım yoxdu,

Kasıb komam, taxtım yoxdu,

Ölməyə də vaxtım yoxdu

Yoxdu ölüm-itim, dünya!

Yarı haqqam, yarı nahaqq,

Qocalmışam mən haq-nahaq,

Çəkir məni qara torpaq,

Qayıdaram, - gedim, dünya!

Bu yazını hazırlamağımdan xeyli müddət keçəndən sonra əziz dostuma mən də bir şeir həsr edib "Azərbaycan" jurnalında xoş duyğularımı bölüşdüm. Məncə, o şeirin də bu yazıda yeri görünür. Şeir belədir...

Yaxşıların yaxşısı

Qardaşım Umud Rəhimoğluya

Həyat -  əyrini yonan mahir əldə rəndədi,

Həyat - xalis rəng alan tutumlu yaxşı xına.

Bu dünyada nə qədər yaxşı var, çevrəndədi,

Çünki yaxşı seçirsən hər şeyin yaxşısını.

Hərdən qorxuzur bizi nəhayətsiz dərinlik,

Zirvənə də qalxırıq, heç demirik ərindik!

Qalın kölgənin nuru verir qəlbə sərinlik,

Qoymursan ki, çətrində ən xırda naxşı sına!

Hamıyla bir candadır, necə deyim gendədi? -

Üstümdə Allahım var, Umud yaxşı bəndədi!

Geri çəkiləndə də baxırsan ki, öndədi -

Yaxşılığı var axı Allahın naxşı sanı!

Halalın olsun, qardaş, sonu uğurlu hədəf,

Təmiz qandan su içir köksündəki saf sədəf.

Yoldaşı Allah seçir, düzür böyrünə səf-səf

Sənə artıqdı demək; dostları yaxşı sına!

Əzizindi halallar, yaxın, ya uzaq olsun;

Təki yol gedən kəsin qəlbində çıraq olsun!

Yükü çəkən mərddirsə, düşünmə, iraq olsun,

Kotanın ağzı çönə, çətin ki, ya xış sına!

Aləm nahaqdan demir Umuddan bir dənədi,

Sadiq günəbaxandı, hər dəm üzü günədi!

Uşaq deyil ki, Allah;

                        baxır, görür nə nədi,

Umudu tən eyləyir hər şeyin yaxşısına!

Belə, Umud Rəhimoğlu haqqında ən dəyərli sözü o özü deyir. Hər gün deyir, sadəliyi, səmimiyyəti, alicənablığı, insanların yaddaşında silinməz izlər buraxan əməlləri ilə. Bizə qalan budur ki, deyək, 65-in mübarək, qardaş, yüz yaşına salam olsun!

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
62
33
525.az

10Mənbələr