AZ

Azərbaycanda ilk dəfə ən gənc general kimlər olub...

Sosial şəbəkələr və bəzi saytlarda Dövlət Gömrük Komitəsi sədrinin müavini Fuad Məmmədov Azərbaycanda general-mayor ali xüsusi rütbəsi verilən ən gənc şəxs kimi təqdim edilib. 2025-ci ilin mart ayında komitə sədrinin müavini təyin edilən 34 yaşlı Fuad Məmmədov general-mayor rütbəsinə dünən layiq görülüb.

Ölkə.az xəbər verir ki, Modern.az-ın araşdırması nəticəsində isə məlum olub ki, Fuad Məmmədov bu rütbəni alan ilk ən gənc adam deyil.

Belə ki, daha əvvəllər də 34 yaşında general-mayor ali rütbəsinə layiq görülənlər olub: həm müstəqillik illərində, həm də sovetlər dövründə.

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev 2001-ci il avqustun 15-də Prezidentin Fərmanına əsasən, general-mayor hərbi rütbəsinə layiq görüləndə 34 yaşı olub.

Elçin Quliyev 1967-ci il təvəllüdlüdür. O, ölkə Prezidentinin 27 mart 2001-ci il tarixli Fərmanına əsasən, Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini - Sərhəd Qoşunlarının Komandanı təyin edilib. Bu vəzifəyə təyinat zamanı da Elçin Quliyevin 34 yaşı olub.

2001-ci il avqustun 15-də isə Elçin Quliyevə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, general-mayor hərbi rütbəsi verilib.

Ölkə başçısının 31 iyul 2002-ci il tarixli Fərmanına əsasən, Elçin Quliyev Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini — Sərhəd Qoşunlarının komandanı vəzifəsindən azad edilib və Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı təyin edilib.

Sovet dövründə isə Azərbayvandan ən gənc general rütbəsi alan Həzi Aslanov olub.

1910-cu il yanvarın 22-də anadan olmuş Həzi Aslanov 1931-ci ildə vzvod komandiri təyin olunaraq hərbi xidmətə başlayıb.

1944-cü ilin 13 martında ona tank qoşunları general mayoru rütbəsi verilib. Həzi Aslanov bu rütbəyə Sovet Ordusunun tank qoşunlarının tərkibində Almaniyaya qarşı müharibədə göstərdiyi qəhrəmanlığa görə layiq görülüb.

Həzi Aslanov da general-mayor rütbəsi alanda 34 yaşında idi.

Seçilən
67
38
olke.az

10Mənbələr