ain.az bildirir, Azertag saytına əsaslanaraq.
Kiyev, 30 yanvar, AZƏRTAC
Ukrayna gərginliyin azaldılmasına hazırdır və energetika barışığını dəstəkləyəcək, baxmayaraq ki, bu, Əbu-Dabidə birbaşa müzakirə olunmayıb.
AZƏRTAC xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bunu jurnalistlərlə görüşündə bildirib.
“Əbu-Dabidə müxtəlif, ən həssas məsələlər müzakirə edildi. Amerika tərəfi də bizimlə ayrıca danışdı. Amerikalılar gərginliyin azaldılması məsələsini qaldırmaq istədiklərini bildirdilər”, - deyə Zelenski bildirib və bunun diplomatiya üçün daha çox imkan yaratmaq məqsədilə uzaqmənzilli silahların istifadəsindən yayınmaq üzrə atılan addımlara aid olduğunu vurğulayıb.
Dövlət başçısı qeyd edibki, Rusiya Ukraynaya zərbə endirməsə, Ukrayna da cavab tədbirləri görməyəcək. “Vəssalam, biz bu prinsipi əvvəllər müzakirə etmişik. Bu, bir fürsətdir, razılaşma deyil”, - deyə o bildirib.
Zelenski əlavə edib ki, hələlik rəsmi atəşkəs razılaşması yoxdur. O, iddia edib ki, əgər Rusiya Amerika siqnalını Ukraynanın etdiyi kimi eşidibsə, onda müəyyən bir nəticə ortaya çıxacaq və bu, nəzərəçarpan olacaq. “Burada heç bir sirr yoxdur. Bu məsələ ilə bağlı bizimlə Rusiya arasında birbaşa dialoq və ya birbaşa razılaşmalar olmayıb”, - deyə Ukrayna Prezidenti əlavə edib.
Prezident Zelenski daha sonra bildirib: “Əgər Rusiya enerji sektorumuzu, istər istehsal, istərsə də başqa şəkildə hədəfə almasa, biz onların müvafiq sektoruna zərbə endirməyəcəyik. Düşünürəm ki, danışıqların vasitəçisi olan ABŞ-ın ümid etdiyi cavab budur. Biz həmişə Amerikanın bütün rasional təşəbbüslərinə, gərginliyin azaldılması üçün hər hansı real təkliflərə və sairə məsələlərə dəstəyimizi nümayiş etdiririk”.
Ukrayna lideri hesab edir ki, üçtərəfli dialoq da gərginliyin azaldılmasına aparan yoldur, lakin bu cür addımların nəticəsi başqa bir məsələdir.
“Bu, bir ildən bir az əvvəl seçdiyimiz siyasətdir. Biz gərginliyin azaldılması üzrə bütün real addımları dəstəkləyirik və bunu ardıcıl olaraq nümayiş etdirmişik ki, heç kim Ukraynanı sülhə doğru irəliləyişi ləngitməkdə ittiham edə bilməsin. Lakin o vaxt Rusiyadan mənfi cavablar var idi. İndi necə olacağını görəcəyik”, - deyə dövlət başçısı fikirlərini yekunlaşdırıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.