ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putini Kiyevə dəvət edib.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən politoloq Abutalıb Səmədov bildirdi ki, Putinlə Zelenskinin Moskvada, yaxud Kiyevdə görüşəcəkləri barədə iddianı ABŞ Prezidenti Donald Tramp səsləndirib:
"Bu prosesi diqqətlə izləyənlər isə dərhal anlamışdılar ki, bu qeyri-mümkündür. Bu barədə dəfələrlə müzakirələr aparılıb, buna bənzər dəvətlər olub. Bundan əvvəl də Zelenski Moskvaya dəvət olunub və Ukrayna Prezidenti bunu dərhal rədd edib. Putinlə Zelenski, təbii ki, son müzakirələri aparmaq üçün haradasa görüşməlidirlər. Bu görüş Əbu-Dabidə də ola bilər, İstanbulda da ola bilər, başqa bir neytral şəhərdə də baş tuta bilər. Amma bu görüş nə Moskvada, nə də Kiyevdə baş verə bilər. Zelenski Moskvaya gələ bilməz. Zelenski işğalçı dövlətin paytaxtına gələrsə, gərək geri qayıtmasın. Putinin Kiyevə getməsi isə ümumiyyətlə qeyri-mümkündür. Çünki Kiyevdə Putinə yaxşı münasibət bəsləyən bir nəfər belə tapmaq mümkünsüzdür. Bu səbəbdən onun Kiyevə getməsində heç bir məntiq yoxdur. Ancaq uyğun şəhərlər var və sülh sazişinə müəyyən qədər yaxınlaşan dövlət liderləri daha ciddi fikirlər səsləndirsələr, daha ciddi təkliflər versələr, təbii ki, bu, yaxşı olar. İnsanların başını bu qədər səviyyəsiz bəyanatlarla qarışdırmağa ehtiyac yoxdur. Nə Putin Kiyevə gələr, nə də Zelenski Moskvaya gedə bilər".
Müsahibimiz hesab edir ki, onların görüşü üçün ən uyğun yer İstanbuldur:
"Çünki danışıqların böyük əksəriyyəti İstanbulda keçirilib və tərəflər ən uğurlu nəticəyə də məhz İstanbulda yaxınlaşıblar. Tamamilə mümkündür ki, son nöqtə də İstanbulda qoyula bilər. Hələlik üç məsələ razılaşdırılmayıb, lakin bunların içində ən çətini, təbii ki, ərazi məsələsidir. Zelenski yaxşı anlayır ki, bu tələbi qəbul etməkdən başqa çarəsi yoxdur və vaxt keçdikcə daha çox Ukrayna torpaqları işğal olunur. Əgər qarşılıqlı hücumlar şəraitində müharibə davam etsəydi, bəlkə də nəyəsə ümid edərək sülhü ləngitmək olardı. Ancaq hadisələr Ukraynanın xeyrinə inkişaf etmədiyinə görə nə qədər tez ABŞ və Rusiyanın irəli sürdüyü tələblər qəbul olunarsa, mən hesab edirəm ki, bu, Ukrayna üçün bir o qədər yaxşı olar".
Nuriyyə NATİQQIZI
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.