Tarixboyu Azərbaycan xalqı vətənpərvər şəxsiyyətləri ilə tanınmışdır. Xalqımızın ümummilli lideri Heydər Əliyev isə sözün əsl mənasında, ən böyük vətənpərvər və dahi şəxsiyyət idi. Ölkəmizdə təməli ulu öndər tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin uğurla reallaşdırılması nəticəsində mühüm nailiyyətlər əldə olunub. Ulu öndər Heydər Əliyev gənclərə daim sonsuz diqqət və qayğı ilə yanaşıb. Bu sahə ilə bağlı mühüm əhəmiyyət kəsb edən fərman və sərəncamlar imzalayan ümummilli lider gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə həssaslıqla yanaşıb. Ulu öndər çıxışlarının birində gənclər barədə belə deyib:
“Gənclərimiz milli ruhda tərbiyə olunmalı, milli mənəvi dəyərlərimiz əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur, vətənpərvərlik”.
Ümummilli liderimiz, dünyada tanınmış dövlət xadimi Heydər Əliyevin Azərbaycan gənclərini vətənpərvərlik ruhunda tərbiyə etmək məqsədi ilə qarşısımızda qoyduğu bu mühüm və çox ciddi tələbləri daim diqqətdə saxlamaq, şərəflə yerinə yetirmək bizim hər birimizin müqəddəs borcudur. Naxçıvan torpağının yetirməsi, istiqlal şairimiz Məmməd Arazın “İnsan qayalar” şeirində dediyi kimi:
Bu basılmaz nərlər, ərlər,
Bu qaya sərkərdələr,
Onda məni – bir balaca daş əsgəri qoyar yəqin
Qoşulmağa bu cərgəyə,
Qayaların keçmişini, qayalara yazdım deyə,
Onda Vətən sanar məni bir balaca Vətən daşı,
Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı.
44 günlük Vətən müharibəsindən sonra ölkəmizin əldə etdiyi tarixi Qələbə nəticəsində düşmən işğalı altında olan yurd yerlərimizin azad olunduğu, düşmənin viran qoyduğu şəhər və kəndlərimizdə abadlıq və quruculuq işlərinin aparıldığı dövrdə vətənpərvərlik tərbiyəsinin zəruriliyi bu işə qayğı və məsuliyyətlə yanaşmağın vacib olduğunu bir daha təsdiqləyir. Yüksək vətənpərvərlik, vətəndaşlıq hissi öz-özünə yaranmır. Vətənə məhəbbət, Vətən sevgisi bunlar çox mürəkkəb, incə bir hissdir və buna bizim hər birimiz diqqətlə yanaşmalıyıq.
Gənclərdə Vətənə bağlılıq, vətəndaşlıq borcu, Vətən sevgisi kimi tərbiyəvi hissləri aşılamaq üçün şair və yazıçılarımızın həyatına, onların əsərlərinə müraciət etmək çox faydalıdır. Hər birimiz çalışmalıyıq ki, gənclərdə milli qürur hissi formalaşsın, onlar bu ruhda tərbiyə olunsun. Çünki milli qürur hissi milli varlığı, milli mənsubiyyəti səciyyələndirən, millətə və xalqa aid keyfiyyətləri küll halında özündə cəmləşdirən ən mühüm əlamətlərdəndir. Milli mənsubiyyətini bilməyən, tarixi keçmişini öyrənməyən, Vətənin bu günü və gələcəyini düşünməyən insandan vətənpərvər olmaz. Bu cür adamlar Vətənin layiqli vətəndaşı adlandırıla bilməz.
Bizim hər birimiz Azərbaycan adlı məmləkətin övladlarıyıq. Dünyanın hansı yerində olsaq da, başımız üstündə Azərbaycan adının durduğunu hiss edir, bu müqəddəs adı ucalardan uca sayırıq. İstər Vətəndən kənarda, istərsə də Vətəndə gənclərimizə Vətən anlayışının mahiyyətini, məzmununu izah etməliyik. Yurdumuzun torpağını, suyunu, havasını, dağlarını, meşələrini, təbii sərvətlərini, mədəni və tarixi abidələrini gənclərə tanıtmaq, sevdirmək çox vacibdir. Bu mühüm vəzifəni yerinə yetirmək üçün görkəmli şəxsiyyətlərimizin – şairlərin, yazıçıların, xalq qəhrəmanlarının, dövlət xadimlərinin həyatından maraqlı hadisələri, ibrətamiz fikirləri seçmək və yeri gəldikcə bunları gənclərə aşılamaq çox faydalıdır.
Biz tez-tez Cavanşirlərin, Babəklərin, Cavad xanların, Mehdilərin, Həzilərin nəvələri olduğumuzu deyir, onlarla qürur duyduğumuzu söyləyirik. Bəli, bu bir həqiqətdir. Lakin Azərbaycan gənci istənilən anda ulu babalarımızın qəhrəmanlıq tarixinə yeni səhifələr yazmağa hazırdır. 1990-cı il 20 Yanvar hadisələrində, I Qarabağ döyüşlərində, 2016-cı il Aprel döyüşlərində, 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı naminə nə qədər igid oğullarımız canından keçdi, şəhidlik zirvəsinə ucaldılar. Bu şəhidlər Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə yeni səhifələr yazdılar. Vətənpərvərlik ruhunda böyüyən Azərbaycan gənclərinin qəhrəmanlıq, igidlik ənənələri bu gün də, sabah da davam edəcək.
44 günlük zəfər tariximizdə torpaqlarımızın düşməndən geri alınmasında rayonumuzun da igid oğullarının payı var. Bu igid oğullarımızı qəhrəmanlıq göstərməyə sövq edən onların qəlbindəki Vətənə olan böyük sevgi və məhəbbət hissi idi. Bu gün Vətənimizin keşiyində duran hər bir əsgər və zabitimizin qəlbi məhz bu hisslərlə doludur.
Dünya gör-götür dünyasıdır. Ulularımızdan bizə miras qalmış, vətənpərvərlik, Vətən sevgisi, qəhrəmanlıq ənənələrini davam etdirməli, əsl “Vətən daşı” olmalıyıq. Vətən haqqında söhbət apararkən ustad şairimiz Abbas Səhhətin “Vətən” şeirini yada salmamaq olmaz. Doğrudan da, bu şeir o qədər təsirli yazılmışdır ki, şeiri dinləyəndə insanın qəlbi titrəyir, ürəyi sızlayır. Fikrimizi də məhz bu şeirdən bir parça ilə tamamlayırıq:
Könlümün sevgili məhbubu mənim,
Vətənimdir, Vətənimdir, Vətənim.
Məni xəlq eyləmiş əvvəlcə Xuda,
sonra vermiş, Vətənim nəşvü-nüma.
Vətənim Verdi mənə nanü-nəmək,
Vətəni, məncə, unutmaq nə demək?!
Ədalət CƏFƏROĞLU