AZ

Ceyhun Salmanov və onun rəhbərlik etdiyi mərkəzi hansı cəza gözləyir? - Vəkil açıqlayır

Yanvarın 30-da "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və iki əməkdaşı saxlanılıblar. Araşdırma nəticəsində toplanmış ilkin dəlillər əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma), 145.2.1 və 145.2.4-cü (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrumetmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsə qarşı törədildikdə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Bəs Ceyhun Salmanov və onun rəhbərlik etdiyi mərkəzi hansı cəza gözləyir?

Ceyhun

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Azərbaycan Vəkillər Kollegiyasının İdarə Heyətinin üzvü, tanınmış vəkil Vüqar Babayev bildirib ki, Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsinə əsasən, təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır:

"Cinayət Məcəlləsinin 145.2.1 və 145.2.4-cü maddələrinə əsasən, adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə iki və ya daha çox şəxsə qarşı və bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə - üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Lakin hazırda Ceyhun Salmanov barəsində cinayət işi üzrə istintaq aparılır. Əgər ona qarşı elan edilmiş ittiham təsdiq edilərsə, Ceyhun Salmanovun yuxarıda göstərilən maddələrin sanksiyalarında nəzərdə tutulan həddə cəzaya məhkum edilməsi gözlənilir.

Bundan əlavə, Cinayət Məcəlləsinin 43-cü maddəsinə əsasən, cəzalar iki yerə bölünür: əsas və əlavə cəzalar. Həm əsas, həm əlavə cəza qismində "müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə" cəza növü nəzərdə tutulub. Əgər cinayət işi üzrə qeyd edilən maddələrlə elan edilmiş ittiham öz təsdiqini məhkəmə istintaqı zamanı da taparsa, məhkəmə tərəfindən zərurət olarsa, Ceyhun Səlimova əlavə cəza qismində "müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə" cəzası da təyin edilə bilər.

Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, dövlətin adından yaradılan publik hüquqi şəxslərdə, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir.

Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəza növünü əlavə cəza kimi təyin edə bilər".

V.Babayev qeyd edib ki, bu halda Ceyhun Salmanov sözügedən mərkəzə bundan sonra müəyyən müddət ərzində rəhbərlik edə bilməyəcək:

"Bundan başqa, hesab edirəm ki, "Qurtuluş" Reabilitasiya Mərkəzində də hazırkı cinayət işi üzrə istintaq orqanı tərəfindən müvafiq araşdırmalar aparılacaq. Belə olan halda "Qurtuluş" Reabilitasiya Mərkəzinin taleyi həmin araşdırmaların da nəticəsindən asılı olduğu üçün hazırkı vəziyyətdə bu barədə konkret fikir bildirmək mümkün deyil".

Xatırladaq ki, bu gün prokurorluq əməkdaşları tərəfindən "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov, əməkdaşları Elşad Məhərrəmov və Natiq Əliyev tutulublar.

Sözügedən mərkəzin adı son vaxtlar daha çox orada müalicə olunan və sonradan mərkəzi tərk edən Əməkdar jurnalist Nəsimi Nəbizadə ilə bağlı hallanıb.

Mərkəzdə müalicə adı ilə saxlanılan 11 nəfər istintaqa şikayət edərək, azadlıqlarının qanunsuz məhdudlaşdırıldığını deyib. Prokurorluğun araşdırmaları zamanı həmin şəxslər evlərinə qayıtmaq istədiklərini bildiriblər. Onların ailələrinə qaytarılması təmin edilib.

Seçilən
86
31
qaziler.az

10Mənbələr