Yuxu müddəti ilə immun sistemi arasında birbaşa əlaqə var. Gündə ən azı 7 saat yatmaq vacibdir. Yuxusuzluq ürək xəstəliklərinə və nevroloji problemlərə yol aça bilər.
Ölkə.az xəbər verir ki, elmi araşdırmalar xronotip seçimləri ilə ürək-damar sistemi arasında təhlükəli əlaqəni üzə çıxarıb.
Gec yatıb gec oyanan insanlarda ürək tutması və insult riski, erkən oyananlarla müqayisədə əhəmiyyətli dərəcədə yüksəkdir.
Dünya üzrə milyonlarla insanı yaxından maraqlandıran yeni elmi tədqiqat, gec saatlara qədər oyaq qalan və “gecə quşu” kimi tanınan şəxslərin sağlamlıq vəziyyəti ilə bağlı çarpıcı nəticələr ortaya qoyub.
Araşdırma nəticələri göstərib ki, sirkadiyen ritmin pozulması təkcə yorğunluğa deyil, birbaşa ölümcül ürək-damar xəstəliklərinə zəmin yaradır.
İngiltərə mərkəzli UK Biobank məlumatları üzərində aparılan genişmiqyaslı təhlillər gec saatlarda aktiv olan şəxslərin 2-ci tip şəkərli diabetə, yüksək təzyiqə və piylənməyə daha meyilli olduğunu göstərib.
Tədqiqatçılar qeyd ediblər ki, bu insanların metabolik prosesləri təbii gün işığı dövranı ilə ziddiyyət təşkil etdiyindən damar quruluşu daha sürətlə deformasiyaya uğrayır.
Mövzu ilə bağlı fikirlərini bölüşən Harvard Tibb Fakültəsinin Yuxu Təbabəti bölməsindən Prof. Dr. Charles Czeisler, bioloji saatın nəzərə alınmamasının bədəlinin ağır olduğunu belə izah edib:
“Bədənin daxili saatı ilə xarici dünyanın tələbləri arasındakı uyğunsuzluq sistemli iltihabı işə salır. Bu isə koronar arteriyalarda plak yaranmasını sürətləndirərək ürək tutması riskini birbaşa artırır”.
Çikaqo Northwestern Universitetindən dosent Dr. Kristen Knutson isə apardığı araşdırmalarda "gecə quşlar"ının erkən oyananlarla müqayisədə 10 faiz daha yüksək ölüm riski daşıdığını müəyyən edib.
Knutson vurğulayıb ki, bu riskin əsas səbəbi təkcə yuxu müddəti deyil, yuxunun vaxtıdır. Mütəxəssis bioloji ritmin zorlanmasının hormonal disbalansa səbəb olaraq qan təzyiqini nəzarətsiz şəkildə yüksəltdiyini bildirib.
Araşdırma gec saatlara qədər işığa məruz qalmağın melatonin hormonunu basdırdığını və bunun nəticəsində damar sərtliyinin (aterosklerozun) yarandığını ortaya qoyub.
Mütəxəssislər "gecə quşları"nın daha az fiziki aktivlik göstərməsi və sağlam olmayan qidalanmaya meylli olmalarının da insult riskini artıran ikinci dərəcəli amillər olduğunu qeyd ediblər.
Həmidə İbrahimova