Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Naxçıvan, 30 yanvar, AZƏRTAC
Naxçıvan Dövlət Universiteti (NDU) ötən il ərzində kadr potensialı və beynəmiləlləşmə sahəsində mühüm nailiyyətlər əldə edib. Dünyanın müxtəlif ölkələrindən fərqli ixtisasları əhatə edən 50 əcnəbi professor tədris prosesinə cəlb olunub, 20 əcnəbi tədqiqatçı ilə ortaq elmi tədqiqatlar aparılıb. Əcnəbi tələbələrin qəbul edildiyi ölkələrin sayı 14-dən 22-yə çatıb, 1800-ə yaxın xarici tələbə ilə universitet ölkə üzrə liderlik mövqeyini qoruyub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu NDU-da keçirilən media üçün brifinqdə universitetin rektoru Elbrus İsayev bildirib.
Rektor qeyd edib ki, son illərdə NDU-da tələbələrin sayı artıb. 2020–2021-ci tədris ilində 6008 nəfərdən ibarət olan tələbə kontingenti 2025–2026-cı tədris ilində 11693 nəfərə çatıb.
Bununla yanaşı, magistratura səviyyəsində 8 yeni ixtisaslaşma üzrə qəbul aparılıb. 2024–2025-ci tədris ilində 1645 bakalavr, 230 magistrant və 21 rezident məzun olub.
Elbrus İsayev 2025-ci ildə bir sıra yeni mərkəzlərin istifadəyə verilməsindən bəhs edib. O, bunlar arasında Süni İntellekt Mərkəzi, Dayanıqlı İnkişaf Mərkəzi, Akademik Yusif Məmmədəliyev adına Tədris-Tədqiqat Mərkəzi, İnnovasiya Mərkəzi, İnkluziv Təhsil Mərkəzi, Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzi, Ömürboyu Təhsil və Futorologiya Mərkəzi və Konservatoriyada Elektron Filarmoniya (LOLA) Mərkəzinin açılmasını xüsusilə qeyd edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.