AZ

Qeyri-neft sənayesinə töhfə

Yeni istifadəyə verilən müəssisələr Sumqayıt Sənaye Parkının istehsal və ixrac potensialını artıracaq

Məlum olduğu kimi Prezident İlham Əliyev yanvarın 27-də Sumqayıt Sənaye Parkında “Bakı Karton və Qutu Fabriki” MMC-nin karton-qutu taraları və “Azermirror” MMC-nin güzgü vərəqələrin istehsalı zavodlarının açılışlarını edib, “Nun” MMC-nin polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlini qoyub. Hər 3 müəssisə Sumqayıt Sənaye Parkının rezidentlərinə məxsus qeyri-neft sənayesi zəncirinə aid yeni istehsal sütunları olmaqla, Azərbaycan sənayesinin ümumi inkişafında töhfəverici rol oynaya biləcək gücə malikdir.

İstifadəyə verilən zavodlar ölkə sənayesinin yeni qollarından biri olmaqla, milli sənaye istehsalına dəyər qatacaq müəssisələrdən biri hesab edilə bilər.

Qeyri-neft sənayesində və milli ixracımızda özünəməxsus yeri olan Sumqayıt Sənaye Parkının milli istehsal və ixrac potensialını daha da artıracaq.

Cənubi Qafqazın ən böyük sənaye parkı

Yeni müəssisələrin istifadəyə verilməsi nəhəng sənaye şəhərciyi olan Sumqayıt Kimya Sənaye Parkının yeni investor və rezidentləri öz ailəsində birləşdirməklə sənaye arxitekturasını daha da möhkəmləndirmiş olur. Cənubi Qafqazda ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkı böyük bir ərazidə yerləşməklə neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların istehsalı və emalı müəssisələri fəaliyyət göstərir. 2011-ci ildə ilk sənaye parkı olan Sumqayıt Kimya Parkının təsis edilməsilə ölkə sənayesində texnoloji inqilab baş verib, ardınca sənaye məhəllərinin istehsal və emal bölmələrinin yaradılması, yeni rezidentlərin cəlb edilməsi geniş vüsət alıb.

Burada ümumi investisiyalarının həcmi təqribən 7 milyard manatdan artıq olan 40-dan artıq sahibkarlıq subyektinə rezidentlik statusu verilib.  Sənaye Parkında təxminən 15 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, onun da təqribən 5 milyard manatlıq hissəsi ixracın payına düşür. 7 mindən çox insanın daimi işlə təmin olunduğu sənaye zonasında istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilir.

Ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin mühüm istiqamətlərindən biri sənaye sektorunun, xüsusilə də qeyri-neft sənayesinin sürətli inkişafının təmin edilməsidir. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasət və dövlətin təşviqedici qərarları sayəsində rəqabətqabiliyyətli məhsul istehsalı, qabaqcıl texnologiyaların daha geniş tətbiq olunduğu güclü sənaye zonaları bloku formalaşıb. Hacıqabul Sənaye Məhəlləsinin əsasında Hacıqabul Sənaye Parkının yaradılması, azad ərazilərdəki sənaye vektorlarının, xüsusilə də Ağdam Sənaye Parkındakı 5-dən artıq müəssisənin fəaliyyətə başlaması, həmçinin “Araz Vadisi İqtisadi Zonası”nda rezidentlərin ilk istehsal mallarının tədarükünün başlanması və digər sənaye zonalarında yeni rezidentlərin qeydə alınması ümumi sənaye potensialının yüksəlməsi və ixracının artmasında öz rolunu göstərməkdədir. Həmçinin, cari ilin ortalarında fəaliyyətə başlayan “Laçın Aqro-Sənaye Parkı”ndakı “PIRSHAGHI” və “LATIFA” fabrikləri ölkəmizin sənaye zəncirinə qoşulmaqla, ölkə iqtisadiyyatına reinteqrasiyanı təmin etməkdədir.

Naxçıvanda sənayeləşmə mərhələsi başlayır

Hazırda Naxçıvan Muxtar Respublikasında yaradılan Naxçıvan Sənaye Parkı ölkəmizin iqtisadi imkanlarının daha da artması, qeyri-neft sektorunun davamlı inkişafı və qeyri-neft resurslarının tam hərəkətə gətirilməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun daha da artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Naxçıvan Sənaye Parkının yaradılması ölkəmizin sənaye potensialının və iqtisadi gəlirlərin artmasına əlavə güc qatacaq. Bu Sənaye Parkı Azərbaycanın sənaye ixracına qoşulmaqla qeyri-neft sənayesinin inkişafına da mühüm töhfələr verəcək.

Eləcə də “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) törəmə şirkəti olan “AzerBlast” MMC tərəfindən Gəncə şəhərində ölkəmizdə ilk dəfə olaraq sənaye əhəmiyyətli partlayıcı maddələr istehsal edəcək zavodun inşası davam etdirilməkdədir. Bir müddət əvvəl dövlət başçısının imzaladığı müvafiq fərmana əsasən, ölkəmizdə Qərb Sənaye Parkının yaradılması da nəzərdə tutulub. Gəncə şəhəri və Şəmkir rayonunun ərazisində yerləşəcək Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədilə istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazi kimi müəyyənləşib. Qərb Sənaye Parkı xarici investorlar üçün maraq kəsb etməklə ölkəmizdə tətbiq olunan vergi güzəştlərindən istifadə etmələrinə imkan verəcək, istehsal imkanlarını genişləndirəcək. Bu isə sənaye istehsalı və ixracını genişlədirəcək.

Sənaye sektorunun ÜDM-də payı artır

Ümumilikdə, respublikamızda fəaliyyət göstərən 9 sənaye parkının potensialının artması qeyri-neft sənayesinin inkişafını təmin etməklə, bu sektorun əsas əlavə dəyəri formalaşdıran fiskal  sahə olduğunu göstərir. Bu ardıcıl xarakter daşıyan sənayeləşmə strategiyasının nəticəsidir ki, sənayenin ÜDM-də və qeyri-neft ixracında payı yüksəlir.

Hazırda ölkəmizdə mövcud sənaye zonalarında 104 müəssisə istehsal fəaliyyətinə başlayıb. İndiyədək sənaye zonalarına 7 milyard manatdan çox investisiya yatırılıb və 11 mindən çox daimi iş yeri yaradılıb. Növbəti mərhələdə mövcud layihələr üzrə 1,74 milyard manata yaxın investisiyanın yatırılması nəzərdə tutulur. Sənaye zonalarında indiyədək ümumilikdə 19,4 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 6,1 milyard manatlıq hissəsi ixrac olunub. Hazırda istehsal olunan məhsullar dünyanın 70 ölkəsinə ixrac edilir.

2025-ci ildə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 63,1 milyard manatlıq sənaye məhsulu istehsal edilib və qeyri-neft sənayesində 5,5 faiz artım qeydə alınıb.

Beləliklə, yeni sənaye müəssisəsinin yaradılması ölkəmizdə sənaye kompleksləri şəbəkəsinin genişlənməsi, sənaye zəncirinin möhkəmlənməsi və   güclü ixrac yönümlü sənaye potensialının yaradılmasına da öz töhfəsini verəcək. Növbəti illər üzrə artan tələbata uyğun istehsal həcminin də artırılması, sonrakı mərhələdə isə məhsulların xarici bazarlara çıxarılması ilə ölkəmizin qeyri-neft ixracatına töhfə verilməsi hədəf olaraq müəyyənləşdirilib. Nəticədə, Azərbaycanın sənaye məhsulları ixrac edən ölkə kimi mövqeyinin daha da möhkəmlənməsinə səbəb olacaq.

E. CƏFƏRLİ

Seçilən
52
17
yeniazerbaycan.com

8Mənbələr