ain.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Son dövrlər sosial şəbəkələrdə gənclər arasında formalaşan təhlükəli trendlər cəmiyyət üçün ciddi narahatlıq doğurur. Xüsusilə də fiziki görünüş uğrunda sağlamlığa qəsdən zərər vurmaq halları artıq fərdi davranış deyil, psixoloji və sosial problem kimi qiymətləndirilir.
İdmançı imici əldə etmək məqsədilə qulaq formasını dəyişdirməyə cəhd etmək və bunu açıq şəkildə nümayiş etdirmək bu cür riskli tendensiyaların bariz nümunəsidir. Sosial mediada “Limonçik Əli” adı ilə tanınan tiktoker Əli Həsənovun bu davranışı paylaşması isə mövzunu daha da aktuallaşdırıb və gənclər arasında təqlid riskini artırıb.
Moderator.az xəbər verir ki, məsələ ilə bağlı nocomment.az-a danışan psixoloq Nərgiz Əliyevanın sözlərinə görə, bu cür davranışların kökündə estetik seçimdən daha çox psixoloji ehtiyaclar dayanır:
“Gənclərin öz bədənlərinə qəsdən zərər verməsi çox zaman diqqət çəkmək, qəbul olunmaq və “güclü” görünmək ehtiyacı ilə bağlı olur. Sosial şəbəkələrdə bəyənilmə, izlənmə və müzakirə olunma arzusu bəzi hallarda sağlam düşüncəni arxa plana keçirir və riskli davranışlar “normallaşdırılır””.
Psixoloq qeyd edir ki, xüsusilə gənc yaşlarda şəxsiyyətin formalaşması prosesi hələ tamamlanmadığı üçün xarici təsirlərə həssaslıq yüksək olur. Sosial mediada idmançıların və ya “sərt görünüşlü” obrazların ideallaşdırılması bəzi gənclərdə yanlış assosiasiya yaradır:
“Fiziki əlamətlərin güc, cəsarət və üstünlük simvolu kimi qəbul edilməsi özünütəsdiq probleminin göstəricisi ola bilər. Bu zaman fərd real bacarıq və daxili güc üzərində deyil, zahiri dəyişikliklər üzərində fokuslanır. Bu cür davranışlar bəzən özünə qarşı aqressiyanın dolayı forması kimi də ortaya çıxır. Gənc insan emosional gərginlik, daxili narazılıq və ya özünə inamsızlıq yaşadıqda, bunu açıq şəkildə ifadə etmək əvəzinə bədəni üzərindən kompensasiya etməyə çalışa bilər. Sosial şəbəkədə paylaşım isə bu davranışa “mükafat” rolunu oynayır və müsbət rəy aldıqca riskli addımlar davam edə bilər”.
Psixoloqun fikrincə, problemin ən təhlükəli tərəfi bu cür hərəkətlərin trendə çevrilməsidir:
“Gənclər arasında “hamı edirsə, deməli normaldır” düşüncəsi formalaşır və nəticələr barədə düşünülmür. Halbuki, bu cür davranışlar uzunmüddətli psixoloji və fiziki fəsadlara yol aça bilər. Ən əsası isə gənclərin öz dəyərlərini və güclərini yalnız zahiri görüntü üzərindən qiymətləndirməsi sağlam özünüdərk prosesinə ciddi zərbə vurur. Valideynlərin, müəllimlərin və cəmiyyətin əsas rolu qadağa qoymaqdan daha çox izah etmək və alternativ təqdim etməkdir. Gənclərə real idmanla məşğul olmağın, öz bacarıqlarını inkişaf etdirməyin və psixoloji dayanıqlığın zahiri effektlərdən qat-qat üstün olduğu aşılanmalıdır. Sosial mediada məşhurluq naminə sağlamlığa zərər vurmağın qəhrəmanlıq deyil, riskli davranış olduğu açıq şəkildə izah edilməlidir. Bu cür hallar bir daha göstərir ki, gənclər arasında psixoloji savadlılığın artırılmasına və sağlam rol modellərinin önə çıxarılmasına ciddi ehtiyac var. Əks halda, sosial şəbəkələrdə yayılan hər bir təhlükəli davranış yeni bir “trend”ə çevrilərək daha geniş fəsadlara yol aça bilər’.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.