AZ

Ramiz Mehdiyevin qohumu olduğu deyilən lisey direktoru ətrafında rüşvət qalmaqalı

Ulu Öndər Heydər Əliyevin adını daşıyan nüfuzlu bir təhsil ocağının direktoru Sevinc Orucovanın adı ətrafında səngimək bilməyən qalmaqallar artıq yeni bir mərhələyə qədəm qoyub. Ortaya çıxan son iddialar və yayılan səs yazıları liseyin təhsil müəssisəsindən çox, şəxsi "biznes strukturuna” çevrildiyini sübut edir.
Əldə edilən səs yazılarından aydın olur ki, Sevinc Orucova müəllimlərə bütün 11-ci sinif şagirdlərinə yüksək qiymət yazmağı qəti şəkildə qadağan edib. Bu süni "qiymət qıtlığı”nın arxasında duran məqsəd isə olduqca rəzildir: Yüksək qiymət almaq istəyən şagird və valideyn mütləq direktorun "qəbuluna” getməlidir. Təhsilin keyfiyyəti deyil, direktorun şəxsi maraqları şagirdlərin illərlə çəkdiyi zəhmətin taleyini həll edir.
Liseydə daha bir qanunsuzluq mexanizmi davamiyyət üzərindən qurulub. Direktorun "sağ əli” və "qara kassası” hesab olunan Firuzə Məmmədovanın koordinasiya etdiyi bu sistemdə dərsə gəlməmək faktiki olaraq rəsmi rüşvət tarifinə bağlanıb.
Yuxarı sinif şagirdlərindən dərsə gəlməmək müqabilində 1500-2000 AZN məbləğində pul tələb olunur.
Bu məbləği ödəyə bilməyənlər isə saxta ittihamlarla şərlənir, qiymətləri qəsdən kəsilir və məktəbdən uzaqlaşdırılır.
Bundan əlavə, Sevinc Orucovanın səs yazısında qeyd olunur ki, "Məktəblinin dostu” və polislər davamiyyəti yoxlanılır, bütün 11-lərin davamiyyəti BƏRPA OLUNSUN VƏ PROBLEM YARATMASINLAR.
Qanunsuzluqlar bununla da bitmir. Sevinc Orucovun rəhbərliyi altında liseydə hər bir addım vergiyə cəlb olunub.
Məktəbəqədər hazırlığa gələn uşaqların sayı dövlət orqanlarından gizlədilir, müəllimlərin yanına hazırlığa gələn hər bir şagird üçün isə 15-20 manat arası "pay” yığılır. Uşaq Birliyi rəhbəri Firuzə Məmmədovanın əli ilə həyata keçirilən bu yığım, faktiki olaraq müəllimləri və valideynləri istismar etməkdir.
Heydər Əliyev adına lisey kimi strateji əhəmiyyətli bir müəssisənin bu cür çirkin iddialarla gündəmə gəlməsi təhsil sistemimiz üçün utancvericidir. Sevinc Orucova və onun komandasının qurduğu bu "rüşvət piramidası” liseydən kütləvi şagird köçünə səbəb olub.
 
Aidiyyəti qurumların bu açıq qanunsuzluqlara, səsyazılarına və valideyn şikayətlərinə nə zaman reaksiya verəcəyi isə hələ də sual altındadır.
Aidiyyəti qurumların bu açıq qanunsuzluqlara, səsyazılarına və valideyn şikayətlərinə nə zaman reaksiya verəcəyi isə hələ də sual altındadır.
Sevinc Orucova tez-tez medianın gündəminə qalmaqallı xəbərlərlə gəlir. Xatırladaq ki, Sevinc Orucovaya 2020-ci ildə Elm və təhsil nazirinin əmri ilə töhmət verilmişdi. Buna səbəb onun sərt karantin rejiminin tətbiq edildiyi vaxtda hazırda ağır cinayətlərdə ittiham edilən Ramiz Mehdiyevin nəvəsinin toyunda xüsusi karantin rejimi qaydalarını pozması olmuşdu. Onun Ramiz Mehdiyevin qohumu olduğu bildirilir.
Bu, lisey direktorunun adının yer aldığı ilk qalmaqal deyil. S.Orucova həmçinin ötən il liseyin məzunlarından birini "Son zəng”ə gəlməsinə icazə verməyib. Bununla bağlı şagirdin anası paylaşım edib. O bildirmişdi ki, məktəbdən tədbir üçün tələb olunan 300 manatı maddi baxımdan ödəyə bilmədiyi üçün qızı direktor tərəfindən "Son zəng”ə buraxılamayıb.
Bundan başqa Sevinc Orucovanın evindən yaxın qohumu olan qadın tərəfindən 77 800 manat oğurlanması faktı geniş ictimai marağa səbəb olmuşdu. /Tehsil.Media
 
 

Seçilən
3
7news.az

1Mənbələr