Trend-in xəbərinə görə, Azərbaycanda işçilərin məzuniyyət hüququ həmçinin ödənişsiz məzuniyyətlə təmin edilir.
Belə ki, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ var.
Ödənişsiz məzuniyyətlər Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir.
İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti 6 aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.
İşçilərin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərin müddətləri
İşçilərin xahişi ilə 1 iş ilində aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər verilir:
həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə - uşaq 4 yaşına çatanadək;
arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə - 14 təqvim gününədək;
16 yaşınadək uşağı olan qadınlara və ya tək valideynlərə, qəyyumlara, himayədarlara - 14 təqvim gününədək;
orqanizmin funksiyalarının pozulması faizindən və səbəbindən asılı olmayaraq əlilliyi olan, o cümlədən sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə - bir təqvim ayınadək;
müharibədə döyüşən ordunun tərkibində iştirak etmiş şəxslərə - 14 təqvim gününədək;
Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin müdafiəsi zamanı xəsarət (yaralanma, travma, kontuziya) almış işçilərə - 14 təqvim gününədək;
insanın immunçatışmazlığı virusu ilə yaşayan uşaq böyüdən, həmçinin əlilliyi olan uşağı olan işçilərə - 14 təqvim gününədək;
doktoranturada (adyunkturada), təhsil alan işçilərə - 1 təqvim ayınadək;
ali təhsil müəssisələrində qəbul imtahanlarına buraxılan işçilərə - 14 təqvim günü, orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarına buraxılan işçilərə - 7 təqvim günü;
ixtirasının və ya səmərələşdirici təklifinin işlədiyi iş yerindən kənar yerdə ilkin tətbiqi zamanı müəllifə - 14 təqvim gününədək;
ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə - tibb müəssisəsinin rəyi ilə 14 təqvim gününədək;
əlilliyi olan uşaqları olan işçilərə - 14 təqvim gününədək;
ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə - 7 təqvim gününədək;
əsas iş yerində ezamiyyətə gedən işçiyə - əlavə iş yerində əsas iş yeri üzrə ezamiyyə müddətində;
əlavə iş yerində ezamiyyətə gedən işçiyə - əsas iş yerində əlavə iş yeri üzrə ezamiyyə müddətində.
Bundan əlavə, Seçki Məcəlləsinə uyğun olaraq qeydə alınmış namizədə müvafiq seçki komissiyasında qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsində göstərilən müddət üçün ödənişsiz məzuniyyət verilir.
Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası və ödənilməsi
Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir.
Məzuniyyət vaxtı üçün orta əməkhaqqı hesablanarkən qismən ödənişli sosial məzuniyyətdə və ya işçinin təşəbbüsü ilə olmayan ödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin təqsiri olmadan boşdayanma səbəblərindən işlənilməyən və ya tam işlənilməyən aylar yaxın tam işlənilən təqvim ayları ilə əvəz olunur.
İşin dayandırılması ilə əlaqədar işçilərin qrup halında məzuniyyətə buraxılmasının tənzimlənməsi
Kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər - təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər.
Bu halda ödənişsiz məzuniyyətin müddəti işçinin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin 2 illik müddətinin cəmindən çox olmamalıdır.
İşəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə Əmək Məcəlləsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir.
Məlumat üçün bildirək ki, boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının 2/3 hissəsindən az olmayaraq ödənilir. İşçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir.